İran Birləşmiş Ştatların BMT-dəki keçmiş səfir John Bolton-u milli təhlükəsizlik müşaviri təyin etmək qərarını “utan məsələsi”, Vaşinqtonun Tehran hökumətini devirmək ümidinin əlaməti adlandırıb.
Yarırəsmi Fars xəbər agentliyi martın 25-də aparıcı rəsmiyə istinadla yazıb ki, “böyük bir dövlət üçün milli təhlükəsizlik müşavirinin terrorçu qrupdan maaş alması utanc məsələsidir”.
Xəbərdə deyilib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Shamkhani Bolton-un 2017-ci ildə İranın müxalif İran Xalq Mücahidləri (MEK) qrupuyla görüşünü nəzərdə tutub. Mühacirətdə fəaliyyət göstərən bu dissident qrup İran rəhbərliyinin devrilməsini dəstəkləyir.
*** Buna da bax: Trump yeni milli təhlükəsizlik müşavirini elan edir
“PROPAQANDAYA CAVAB VERMİR”
Martın 25-də İran parlamentinin nüfuzlu milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Hossein Naghavi Hosseini də bu məsələyə toxunub. O, yarırəsmi ISNA agentliyinə deyib ki, Bolton-un təyinatı, eləcə də Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) keçmiş rəhbəri Mike Pompeo-nun dövlət katibi postuna gətirilməsi “ABŞ-ın yekun məqsədinin İran hökumətinin devrilməsi olduğunu təsdiqləyir”.
Hosseini-nin iddiasına görə, Birləşmiş Ştatlar MEK-dən istifadə edərək İranda teokratik rejimi dəyişməyə cəhd göstərəcək.
Bolton-un sözçüsü Garrett Marquis martın 25-də deyib ki, Bolton “Birləşmiş Ştatların çoxdan terrorçuluğu dəstəkləyən ölkələr siyahısına saldığı hökumətin propaqandasına cavab vermir”.
MEK-in sözçüsü Shahin Ghobadi isə Parisdə açıqlama verib. Onun sözlərinə görə, bu təşkilatın “səfir Bolton, yaxud Amerikanın digər rəsmilərini maliyyələşdirməsi barədə deyilənlər yalan və sadəcə zarafatdır”.
Bolton keçmişdə İranda rejim dəyişikliyini təbliğ edib, İranın 2015-ci ildə bir sıra ölkələrlə imzaladığı nüvə sazişinə qarşı çıxıb. Bu saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirib.
“2019-CU İLƏDƏK”
İyulda MEK-in Paris toplantısında çıxış edən Bolton ümidini bildirib ki, İran hökuməti “2019-cu ilədək” devriləcək.
*** Buna da bax: Azərbaycana Bolton sərfəlidir yoxsa Giuliani?
ABŞ prezidenti Donald Trump-ın martın 22-də verdiyi açıqlamaya görə, Bolton aprelin 9-dan milli təhlükəsizlik müşaviri vəzifəsində H.R. McMaster-i əvəzləyəcək.
69 yaşlı Bolton hakim Respublikaçıların partiyasının xarici siyasətində qatı mövqeyilə seçilib. O, Şimali Koreyaya qabaqlayıcı hərbi zərbələri, İrana hərbi zərbələri təbliğ edib.
Bolton Ronald Reagan, George H.W. Bush və George W. Bush administrasiyalarından çalışıb.
Onun İrana dair baxışları ABŞ prezidenti ilə üst-üstə düşür. Trump da 2017-ci ilin yanvarından vəzifəyə gələndən Tehrana qarşı sərt mövqe tutub, nüvə sazişindəki “qüsurlar” düzəldilməsə, sənəddən çıxmaqla hədələyib.