Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:28

Trump yeni milli təhlükəsizlik müşavirini elan edir - YENİLƏNİB


John Bolton
John Bolton

ABŞ prezidenti Donald Trump martın 22-də bildirib ki, onun yeni milli təhlükəsizlik müşaviri John Bolton olacaq.

Associated Press agentliyinin xəbərinə görə, Trump Boltonun öz vəzifəsinin icrasına aprelin 9-dan başlayacağını bildirib.

Reuters agentliyi bidlirir ki, Bolton vaxtilə Şimali Koreya və İrana qarşı hərbi gücdən istifadə edilməsinə və Rusiyaya qarşı sərt siyasət yürüdülməsinə tərəfdar olub.

Trump martın 22-də yazdığı tvitdə elan edib ki, Bolton bu vəzifədə general H.R. McMaster-i əvəz edəcək.

Vaşinqtonun xarici siyasət çevrələrində qütbləşdirici fiqur sayılan 69 yaşlı Bolton Trump-ın son 14 ayda üçüncü milli təhlükəsizlik müşaviridir.

Reuters yazır ki, dövlət katibi Rex Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mike Pompeo ilə dəyişdikdən sonra, Trump-ın Boltonu McMaster-in yerinə gətirməsi, prezidentin özünü ABŞ-ın birtərəfli qaydada güc işlətməsinə tərəfdar olanlarla əhatələdiyini göstərir.

Daha sonra qeyd edilir ki, George W. Bush-un administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin hərəkətverici qüvvəsi olub.

Bolton da Trump kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdardır.

***

NÜVƏ SAZİŞİNİN LƏĞVİNİ İSTƏYİR

İranda “rejim dəyişikliyi” tərəfdarı olan 69 yaşlı Bolton keçmiş prezidentlər Ronald Reagan, George H.W. Bush və George W. Bush administrasiyalarında çalışıb. O, İranın 2015-ci ildə dünya gücləriylə imzaladığı nüvə sazişinin güclü tənqidçisidir.

Bolton bu yaxınlarda tvitində yazıb ki, bu saziş “ləğv olunmalıdır”.

*** Buna da bax: Britaniya, Fransa və Almaniyanın İrana qarşı yeni sanksiyalar təklif etdiyi xəbər verilir

Trump da indiyədək nüvə sazişinə qarşı kampaniya aparıb, ona son qoymağı vəd edib. Ancaq prezidentliyinin ilk ilində McMaster-in məsləhətinə qulaq verərək bu addımı ertələyib. Dövlət katibliyindən çıxarılmış Rex Tillerson da belə bir ehtiyatlı mövqe sərgiləyrdi.

Ötən həftə Trump Tillerson-u Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qatı mövqeyilə seçilən direktoru Mike Pompeo ilə əvəzləyib. Bununla da o, İranla bağlı vədlərini yerinə yetirmək istəməsinin mesajını verib.

Nə edəcəyimi görəcəksiniz”, – martın 21-də Trump-dan İranla bağlı planları barədə soruşanda belə cavab verib.

“MÜDRİK SEÇİM DEYİL”

Trump ilkin olaraq, Fox News-un şərhçisi olan Bolton-u özünün dövlət katibi təyin etmək istəyirdi. Amma Konqresdəki demokratların çoxu buna qarşıdır və Bolton-un yeni vəzifəyə təsdiqlənməsində də çətinlik yaşana bilər.

“Bu, müdrik seçim deyil. Cənab Bolton-un səmərəli milli təhlükəsizlik müşaviri olmaqdan ötrü temperament və mühakiməsi yoxdur”, – demokrat senator Jack Reed Trump-ın Bolton-la bağlı açıqlamasından sonra deyib.

Milli təhlükəsizlik müşavirliyi hökumət səviyyəsində vəzifə deyil və Bolton-un bu posta keçməsindən ötrü onu Senat təsdiqləməlidir.

Bolton özü bu təyinatı “şərəf” adlandırıb, deyib ki, prezident Trump və onun komandasıyla işləməyi “səbirsizliklə gözləyir”.

*** Buna da bax: Səudiyyə deyir, İran nüvə silahı hazırlasa...

AP-nin məlumatına görə, Bolton Ağ evdə Trump-la tez-tez görüşür, bu ayın əvvəlində isə Trump və Ağ evin administrasiya rəhbəri John Kelly ilə görüş keçirib.

Ötən ay Trump McMAster-in Rusiyayla bağlı dedikləriylə razılaşmayıb. Müşavir Münhen Təhlükəsizlik Sammitində demişdi ki, Rusiyanın 2016-cı ildə prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı deyilənlər mübahisələndirilə bilməz.

General McMaster bir şeyi deməyi unudub ki, 2016-cı ildə seçkinin nəticələrinə rusiyalılar təsir göstərməyib, yaxud onu dəyişdirməyib”, – Trump tvitində yazmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG