Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:05

Səudiyyə deyir, İran nüvə silahı hazırlasa...


Muhammad Bin Salman və İran prezidenti Hasan Rouhani
Muhammad Bin Salman və İran prezidenti Hasan Rouhani

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi deyir ki, İran nüvə silahı hazırlasa, krallıq da belə edəcək. Şahzadənin televiziya müsahibəsində səsləndirdiyi bu fikirləri Tehran dərhal pisləyib.

İranın 2015-ci ildə imzaladığı nüvə sazişi nüvə silahı hazırlamasını qadağan edir. Bundan başqa, Tehran kütləvi qırğın silahı hazırlamaq niyyəti olmadığını da bildirib.

Ancaq ABŞ prezidenti Donald Trump nüvə sazişindən çıxmaqla hədələyib və Tehran da bildirib ki, Birləşmiş Ştatlar sazişdən çıxsa, o da çıxacaq.

*** Buna da bax: Səudiyyə də nüvə enerjisi 'sevdasına düşüb'

“SƏUDİYYƏ NÜVƏ BOMBASI ƏLDƏ ETMƏK İSTƏMİR”

Səudiyyə Ərəbistanı nüvə bombası əldə etmək istəmir, amma şübhəsiz, İran nüvə bombası hazırlasa, biz də bunu mümkün qədər tez edəcəyik”, – şahzadə Muhammad bin Salman CBS televiziyasına deyib. Onun müsahibəsindən bir hissə martın 15-də yayımlanıb. Müsahibə tam şəkildə martın 18-də efirə veriləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi kəskin reaksiya verərək şahzadəni “yalançı sadəlövh adam” adlandırıb, onun “siyasətdən başı çıxmadığını” söyləyib.

Əsasən sünni müsəlmanların yaşadığı krallıq son illər şiə İranıyla tez-tez qarşıdurma vəziyyətinə gəlir. Krallıq ona silah hazırlamaq imkanı yaradacaq nüvə enerjisi proqramına dair planlar da qurub.

İki regional rəqib Suriya və Yəməndəki vətəndaş müharibələrində, eləcə də İraq və Yəməndəki toqquşmalarda qarşı tərəfləri dəstəkləyib.

Şahzadə Muhammad Səudiyyənin müdafiə naziridir və 32 yaşında taxtın vəliəhdidir. Onun bu həftə ABŞ prezidenti Donald Trump-la görüşəcəyi gözlənir. ABŞ krallığı yaxın müttəfiqi sayır.

İRANLA SÖZ SAVAŞI BİRİNCİ DƏFƏ DEYİL

Muhammad daha öncə də İranla qarşıdurma yaradan açıqlamalar verib. O, ötən il bir müsahibəsində demişdi ki, krallıq iki ölkə arasında hər hansı münaqişənin “İran ərazisində aparılmasını” təmin edəcək.

*** Buna da bax: ABŞ silah satışına görə dünyada birinci yerdədir

Bundan sonra İranın müqəddəs Məkkə və Mədinə şəhərlərini çıxmaqla, bir çox yerlərinə zərbələr endirməklə hədələyib.

Səudiyyə dinc məqsədlə nüvə enerjisi proqramı hazırlamağı planlaşdırır və uran zənginləşdirmək kimi texnologiyaların mənimsənilməsini də çıxdaş etməyib. Uran zənginləşdirilərsə, nüvə silahı da hazırlana bilər.

Birləşmiş Ştatlar, Cənubi Koreya, Rusiya, Fransa və Çin konsorsiumları krallıqda iki nüvə reaktorunun tikintisiylə bağlı rəqabət aparır.

İranın uran zənginləşdirmə bacarığını nüvə sazişi məhdudlaşdırıb. Bu saziş nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində Tehrana sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG