Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

ABŞ, Kanada və Avropa Rusiya diplomatlarını qovur


Təhqiqatçılar Sergei Skripal-ın Solsberidəki evinin bağında işləyir, 22 mart, 2018-ci il
Təhqiqatçılar Sergei Skripal-ın Solsberidəki evinin bağında işləyir, 22 mart, 2018-ci il

Kreml martın 26-da ABŞ-ın və bir sıra Avropa dövlətlərinin rusiyalı diplomatları ölkədən çıxarmaq qərarını pisləyib və bunu “səhv addım” adlandırıb.

Birləşmiş Ştatlar, Kanada, Ukrayna, Fransa, Çex Respublikası, Finlandiya, Danimarka, Latviya, Litva və Hollandiya keçmiş Rusiya casusu Sergey Skripalın və onun qızı Yulianın İngiltərədə kimyəvi zəhər hücumuna məruz qalmasına görə çox sayda rusiyalı diplomatı öz ərazilərindən qovublar.

Britaniya kimyəvi maddə hücumunda Rusiyanı ittiham edir və ölkənin müttəfiqləri bu məsələdə Londonu tam dəstəklədiklərini bildirirlər.

Avropa İttifaqı ölkələrindən ümumilikdə 31 Rusiya diplomatı çıxarılır. Almaniya, Fransa və Polşa – hərəsi 4 diplomatı persona non grata elan ediblər.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, ittifaqın 28 üzvündən yarısı rusiyalı diplomatların qovulması barədə qərar qəbul edib və “yaxın günlər və həftələrdə Aİ çərçivəsində yenə də belə addımların atılması istisna edilmir”.

Bu hadisə ilə əlaqədar prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “biz bir sıra ölkələrin Rusiya diplomatlarını qovmaq qərarından bərk təəssüf hissi keçiririk".

Peskov deyib ki, Vladimir Putin bu qərarla əlaqədar Rusiyanın cavab reaksiyasını bəyan edəcək.

Peskov əlavə edib ki, Moskva Qərbin addımına proporsional cavab vürəcək.

Rusiyanın Xarici İşlər Nazirliyi martın 26-da bildirib ki, diplomatların qovulması zəhərlənmədə “təqsirkar olanların tapılmasına kömək etməyəcək”.

Nazirlik “Britaniyanın müttəfiqlərini” sağlam düşüncə əvəzinə kor-koranə Avroatlantika prinsipinə sədaqətdə ittiham edib.

Bəyənatda deyilir ki, “bir qrup ölkənin belə qeyri-dost hərəkəti heç şübhəsiz izsiz ötüşməyəcək və biz buna reaksiya verəcəyik”.

***

ABŞ prezidenti Donald Trump onlarla Rusiya “kəşfiyyat zabiti”nin ölkədən çıxarmağa, Sietldəki Rusiya konsulluğunu bağlamağa göstəriş verib. Bunu Ağ ev bildirir. Media isə ölkədən çıxarılan rusiyalıların sayının 60 olduğunu xəbərləyir.

Almaniya da oxşar addım atır, dörd rusiyalı diplomatı ölkədən çıxarır. Bu haqda alman mediası yazır.

Avropa Birliyinin 14 üzvü və Ukrayna da oxşar bəyanatlar verib.

Martın 26-da eyni vaxtda verilmiş bu açıqlamalar Britaniyayla digər Qərb ölkələrinin keçmiş casusa qarşı hərbi dərəcəli sinir qazından istifadə məsələsində vahid mövqe tutduğunu göstərir.

ABŞ-dan çıxarılan rusiyalı diplomatlar arasında Moskvanın Nyu Yorkdakı BMT missiyasında çalışan 12 kəşfiyyat zabiti də var. Bunu administrasiyanın adının çəkilməsini istəməyən əməkdaşları açıqlayıb.

Rusiya diplomatlarını qovan ölkələr sırasında Çexiya, Danimarka, Fransa, Almaniya, Latviya, Litva, Niderland və Polşa da var.

AB Şurasının prezidenti Donald Tusk-un deməsinə görə, 14 ölkə rusiyalı diplomatları çıxarır və digər addımlar da istisna deyil.

AB üzvü olmayan Ukrayna 13 rusiyalı diplomatı çıxaracağını deyir.

***

Rusiyanın Polşada və Baltik ölkələrindəki səfirləri həmin ölkələrin xarici işlər nazirliklərinə çağırılıb. Bu haqda Rusiya xəbər agentlikləri yazır.

***

Britaniyanın müdafiə naziri isə deyir ki, bir çox ölkələr casus məsələsində Britaniyanın arxasındadıdır.

Rusiya prezidenti Vladimir Putin-in istədiyi Britaniyanı müttəfiqlərindən ayımaqdır”, – nazir Gavin Williamson martın 26-da Estoniyaya səfəri zamanı jurnalistlərə deyib.

Fakt odur ki, NATO alyansında, Avropa Birliyindəki ölkələr Birləşmiş Krallığı dəstəkləyir... Məncə, bu, verə biləcəyimiz ən yaxşı cavabdır”, – Williamson söyləyib.

***

Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq ABŞ prezidenti Donald Trump azı 20 rusiyalı diplomatı ölkədən çıxara bilər. Bu haqda beynəlxalq və ABŞ mediası yazıb.

CNN və “Reuters”in martın 25-də bildirməsinə görə, qərar martın 26-da verilə bilər. Bu, avropalı müttəfiqlərin atacağı addımlardan da asılıdır.

Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Onların sinir qazıyla zəhərləndiyi bildirilir və hazırda ağır vəziyyətdə xəstəxanadadırlar.

*** Buna da bax: Kreml AB-nin qərarından “təəssüflənir”

Britaniya rəsmiləri bu hücumun arxasında “böyük ehtimalla” Moskvanın durduğunu bildirib, Avropa Birliyi də bu mövqeyi bölüşüb.

London 23 rusiyalı diplomatı ölkədən qovub. Hücumda əli olmadığını deyən Moskva da Rusiyadan 23 britaniyalı diplomatı çıxarıb.

Avropa Birliyi mümkün addımların nəzərdən keçirildiyini, Avropa paytaxtlarından da rusiyalı diplomatların çıxarıla biləcəyini bildirib.

“VARİANTLAR NƏZƏRDƏN KEÇİRİLİR”

Ağ evin sözçüsü Raj Shah deyib ki, Vaşinqton öz variantlarını götür-qoy edir, amma detalları açıqlamayıb.

“Birləşmiş Ştatlar Rusiyanın bu azğın hərəkətini Birləşmiş Krallıqla birlikdə pisləyir. Prezident həmişə Rusiyanın düşmən hərəkətlərinə görə mühakimə edilməsindən ötrü variantları nəzərdən keçirir. Hazırda açıqlamamız yoxdur”, – o deyib.

Xəbər agentlikləri martın 20-də Dövlət Departamentindəki mənbələrə istinadla yazmışdılar ki, Trump-ın Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı bir sıra tədbirləri prezidentə təqdim edib. Məlumatlara görə, Moskva da, diplomatları çıxarılarsa, buna oxşar addımlar cavab verə bilər.

*** Buna da bax: London Avropanı 'sərhədlərə hörmət etməyən' Rusiyaya qarşı hərəkətə çağırır

Trump Rusiya prezidenti Vladimir Putin-lə əlaqələri yaxşılaşdırmaq istədiyini bildirib. Bu səbəbdən ABŞ-ın atacağı istənilən addım bu mövqeyə zidd olacaq.

O, ötən həftə Putin-ə zəng edərək onu seçkidə təkrar qələbəsi münasibətiylə təbrik edib və zəhərlənmə məsələsinə toxunmayıb. Qərb tənqidçiləri Rusiyada 18 mart seçkisinin pozuntularla keçdiyini bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG