Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:26

Putin-in yolundakı 5 iqtisadi əngəl


Vladimir Putin Kreml yaxınlığında tərəfdarları qarşısında çıxış edir, 18 mart, 2018-ci il
Vladimir Putin Kreml yaxınlığında tərəfdarları qarşısında çıxış edir, 18 mart, 2018-ci il

Rusiyada Vladimir Putin dördüncü müddətə prezident seçildi. “Frans Pres” agentliyi yazır ki, o, nəhayət ölkə iqtisadiyyatını dirçəltmək vədlərini yerinə yetirmək yolunda irəliləyə biləcək.

2015-2016-cı illərdəki azalmadan sonra durum sabitləşsə də, artımla bağlı proqnozlar 1-2 faiz civarındadır, yəni Kremlin hədəflərindən aşağıdır. Bəs prezidentin yolundakı əsas beş əngəl hansıdır?

İşçi qüvvəsinin çatışmazlığı

Putin elə seçki kampaniyası boyunca ailə siyasətinin ən vacib məsələsinə dəfələrlə toxunub.

Hazırda Rusiyanın 146,9 milyon əhalisi var və 1991-ci ildən bəri beş milyondan çox sakinini itirib. Bu, Sovet ittifaqının çöküşündən sonrakı ciddi demoqrafik böhranın fəsadıdır.

*** Buna da bax: Putin daha 6 illiyə Rusiya prezidenti seçilib

Postsovet illərində doğulmuş ilk nəsil əmək bazarına indi daxil olmaqdadır. O vaxt ölkədə doğum səviyyəsində düşüş varıydı və bu, özünü keyfiyyətli işçi qüvvəsi çatışmazlığında, sonucda iqtisadi artımın tormozlanmasında göstərəcək.

Bu yeni nəsil dünyaya uşaq gətirmə yaşına da çatır.

Gələn 10-15 ildə daha az gəncimiz olacaq, buna görə də yaxşı bacarıqları olan gənc mütəxəssis qızıla bərabər olacaq”, – keçmiş maliyyə naziri Alexei Kudrin bu yaxınlarda deyib.

Təqaüd yaşı

Rusiyada pensiyaya çıxmaq yaşı qadınlar üçün 55, kişilər üçün 60-dır və bu, dünyada ən aşağı səviyyə sayılır.

Dövlətin verdiyi təqaüdün çox aşağı olmasına baxmayaraq, demoqrafik çöküşü nəzərə alanda, bu sistem yenə də federal büdcə üçün artan yükə çevrilməkdədir.

*** Buna da bax: Rusiya diplomatlarının Britaniyanı martın 20-də tərk edəcəyi deyilir

Putin dəfələrlə deyib ki, islahatlar vacibdir, ancaq onların zamanının hələ çatmadığını da vurğulayıb.

Kudrin kimi liberallar təqaüd yaşının tədricən 63-ə qaldırılmasına tərəfdardırlar, amma “Frans Pres” yazır ki, bu məsələyə girişmək ölkədə narazılıq yarada bilər, çünki təqaüdçülər adətən, təqaüdlə çətinliklər dolanırlar.

İnvestisiya cəlbi

Putin iqtisadi konfranslarda xarici investorlara vəd edir ki, ölkədə biznes mühitini yaxşılaşdıracaq. Bu mühiti bürokratiya və bəzi hallarda ədalətsiz məhkəmə iddiaları kölgələyir.

Rusiya daha çox xarici investisiya cəlbindən ötrü əlverişli rəqabət mühiti yaratmalı, bürokratiyanı azaltmalıdır”, – Macro Advisory konsultasiya firmasının təsisçisi Chris Weafer deyir.

Xarici investisiyaya ehtiyac Kremlin ABŞ tərəfdən sanksiyaların güclənməsinə cavab verməməsinin səbəbidir; o, xarici investorların Rusiyaya gəlişini daha da çətinləşdirmək istəmir”, – o söyləyib.

Diversifikasiya

Putin-in prezidentliyinin ilk iki dövründə – 2000-2008-ci illərdə enerji qiymətlərinin yüksəkliyi iqtisadi artımı gücləndirdi. Bu iqtisadi model daha özünü doğrultmur, axı, karbohidrogenlə zəngin Rusiya onların qiymətlərindəki tərəddüdlərdən asılı qalır.

*** Buna da bax: Putin nəsli

İqtisadiyyat “struktur baxımından xammal sektorundan asılıdır və bu, artıma mənfi təsir göstərir”, – Alfa Bank bildirir.

Weafer-in fikrincə, bu asılılığı aradan qaldırmaqdan ötrü kiçik biznesə yatırım qoyulmalı, sahibkarlara vəsait ayırmalıdır. Onun sözlərinə görə, Rusiya “robotlaşdırmaya, smart texnologiyaya, süni zəkaya” investisiyanı həvəsləndirməlidir.

Nə əldə oluna bilər? Moskvanın Ali İqtisadiyyat Məktəbinin birinci vitse-rektoru Lev Jakobson deyir ki, “kənd təsərrüfatı sektorunda təsirli artım” qazanıla bilər. Son illər bu sektorda məhsul yığımı və ixracda rekord göstəricilər əldə olunur.

Məhsuldarlığı artırmaq

İqtisadiyyat çox səmərəsizdir. Bunun bir səbəbi sovet sistemidir, digər səbəb 2000-13-cü illərdə neft sərvətindən asanlıqla əldə olunan artımdır”, – Weafer deyir və əlavə edir ki, bir sıra qüsurlar aradan qaldırılsa, artım da güclənər.

Weafer neft sektorunu misal çəkir. 2014-cü ilin avqustunda Ukrayna böhranından dolayı qoyulan sanksiyalara, qiymətlərin düşməsinə baxmayaraq, hasilat günə 740 min barel artdı.

*** Buna da bax: Necə olur ki, Rusiyada işçi qüvvəsi azalır...

Bu sənaye daha səmərəli və innovativ olmağa məcbur qaldı”, – o bildirir.

Hökumət böyük şirkətlərin modernləşdirilməsindən ötrü bir neçə özəlləşdirmə planı tətbiq edib. Amma son illər dövlətin iqtisadiyyatda payı daha da güclənib, dövlət kapitalı sayəsində Rosneft şirkəti xeyli böyüyüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG