Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Putin nəsli


V.Putin Moskvada seçki qərargahında, 10 yanvar, 2018
V.Putin Moskvada seçki qərargahında, 10 yanvar, 2018

«Rusun könlü istəyir ki, çarı təmsil edən bir güclü siyasətçi olsun», – 20 yaşlı tələbə Yekaterina Mamay «The Washington Post» qəzetinə belə deyir.

Ölkəsində jurnalistikanın azad olmadığını bilən Yekaterina hər şeyə rəğmən, bu seçkilərdə Vladimir Putin-ə səs verəcək.

Gənclər onu daha çox dəstəkləyir

Tayqa meşələrinin otluq çöllə birləşdiyi bu məkanda «Putin nəsli» bu ucsuz-bucaqsız ölkənin digər yerlərindəkindən fərqlənmir. Rusiyanın bugünkü gəncləri 18 il öncə hakimiyyətə gəlmiş Putin-dən öncəki həyatı xatırlamırlar. Onlardan bəziləri küçə etirazlarına qatılsa da, sosioloqlar gənclərin çoxunun Putin-i qəbul etdiyi qənaətindədir. Aparılan sorğular göstərir ki, Putin gənclər arasında daha böyük dəstəyə malikdir.

Qərb insanına görə, Yekaterina kimi müəyyən liberal baxışları olan, ancaq eyni zamanda real həyatda Putin-i dəstəkləyən gənc rusiyalılar ziddiyyət dünyasında yaşayırlar. Əslində, Putin-i hakimiyyətdə saxlayan da onların bu ziddiyyətləri qəbul etməyə hazır olmasıdır.

«Anlayırsan ki, onunla yaşamaq yaxşıdır, şikayətlənmirsən. Mənzilimdə oyananda heç kim məni QULAQ-a aparmır», – 18 yaşlı Dmitry Shaburov deyir.

Martın 18-də Rusiya vətəndaşları ölkəsindəki gənc, xaotik demokratiyanı avtokratik sistemə çevirmiş 65-yaşlı keçmiş KQB zabitini dördüncü prezidentlik müddətini təsdiqləmək üçün seçki məntəqələrinə gedəcəklər. O, Rusiyanın əsas televiziya kanalları, təhlükəsizlik xidmətləri və məhkəmə sistemi üzərində nəzarəti ələ keçirməklə müxalifətə üstün gələ bilib. Ancaq opponentlərinin çoxu da ölkənin əksər hissəsinin onu dəstəklədiyini etiraf edir.

Müstəqil «Levada» Mərkəzinin dekabrda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, ölkənin yetkinlik yaşına çatmış əhalisinin 81%-i, o cümlədən yaşı 18-24 arasında olanların 86%-i Putin-in prezidentliyini dəstəkləyir. Bu yaş qrupundakı respondentlərin 67%-i hesab edir ki, ölkə düzgün istiqamətdə hərəkət edir. Ümumilikdə cəmiyyətin cəmi 56%-i belə düşünür.

Putin - xalçadan tutmuş şirniyyata qədər hər yerdə
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Bütün Rusiya tarixində beynəlxalq aləmlə ən çox əlaqəsi olan, özündən əvvəlkilərdən daha çox informasiyadan bəhrələnə bilən nəsil hazırda Putin-in öz avtoritarizmini möhkəmləndirməsinə yardım edir.

«Putin-ə ehtiyac var»

Gənc rusiyalılar Putin-in rəqiblərini təqib etməsi haqda düşünməkdənsə, əllərində olan azadlıqlardan – əsasən açıq internetdən, açıq iş bazarı və açıq sərhədlərdən bəhrələnməyə üstünlük verirlər. Onların çoxu mərkəzi televiziyanın təbliğatını qəbul etmir, ancaq onun əsas mesajını təkrarlayır - ABŞ-ın aqressiyasına duruş gətirmək üçün Rusiyanın Putin-ə ehtiyacı var. Ən əsası isə, bu nəsil özünün heç zaman görmədiyi kollektiv yaddaşın təsiri ilə – 1990-cı illərin böhran illərinə qayıdış qorxusu ilə formalaşıb.

«Biz artıq onun haqqında hər şeyi bilirik. İnsanlar bu gün onu seçsələr, hər şey sakit olacaq», – 20 yaşlı Pavel Rybin deyir.

Ötən il rusiyalı gənclər müxalifət lideri Aleksei Navalny-nın təşəbbüsü ilə başlanmış korrupsiyaya etiraz aksiyalarının onurğa sütununu təşkil edirdi. Ancaq təhlilçilər deyirlər ki, bu etirazları «ərəb baharı» ilə eyniləşdirmək, Putin-ə qarşı qəzəb dalğası kimi qəbul etmək yanlışdır.

«Radikal dəyişiklik tələb edən kritik kütlə yoxdur. Qərbin fantaziyalarının əksinə olaraq, yaşı 25-dən aşağı rusiyalılar cəmiyyətin ən mühafizəkar, putinpərəst qrupları arasındadır», - politoloqlar Ivan Krastev və Gleb Pavlovsky-nin bu ay Avropa Xarici Əlaqələr Şurasına yazdığı məqalədə deyilir.

Putinin 'Yeniyetmələr ordusu'
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Dəstək motivasiyası

«İş yerləri var. İstədiyini edə bilirsən. İstədiyin yerə gedə bilirsən. Bütün sərhədlər açıqdır və bu məni həqiqətən xoşbəxt edir», - D.Shaburov deyir.

Shaburov deyir ki, o, internetdə Navalny-nın məmurların korrupsioner olması haqda videolarına baxıb, məmurların günün günorta çağı dövlətin pullarını oğurlamasından da, mitinqlərdə polisin yaşlıları və uşaqları sürüməsindən də məyus olub.

«Ancaq Rusiyanın qarışıq tarixini nəzərə alsaq, indi Navalny kimi sınaqdan çıxmamış liderlərin vaxtı deyil. Dəyişiklik etmək ölkənin dağılmasına yol aça bilər. Geriyə baxsaq və keçmişdə nə baş verdiyini görsək, ən yaxşısı, həyata olduğu kimi davam etməkdir», – Shaburov deyir.

Tədqiqatçılar deyirlər ki, hər şeyin indikindən xeyli betər ola biləcəyi qorxusu Putin nəslinin səciyyəvi xüsusiyyətidir. Ötən il 6 mindən çox universitet tələbəsinin qatıldığı araşdırmada respondentlərin 80%-i valideynlərindən daha çox imkanlara malik olduğunu deyib. Eyni zamanda, onların əksər hissəsi gələcəkdən, yeni dünya düzəninin təhlükəsindən narahatlığını dilə gətirib. Araşdırmanı Moskva Ali İqtisadiyyat Məktəbinin Siyasi Elmlər Laboratoriyası aparıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG