Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

Tillerson gedir, Pentaqon İranla nüvə sazişini dəstəkləyir


Joseph Votel
Joseph Votel

ABŞ-ın aparıcı hərbi komandiri Pentaqonun İranla dünya ölkələrinin imzaladığı nüvə sazişinə dəstəyini ifadə edib. Bundan cəmi bir neçə saat öncə dövlət katibi, ABŞ administrasiyasında nüvə sazişinin əsas müdafiəçisi Rex Tillerson vəzifəsindən kənarlaşdırılıb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Joseph Votel martın 13-də Senatın silahlı xidmətlər komitəsində çıxış edib. O, nüvə sazişinin Birləşmiş Ştatların maraqlarına çox yaxşı cavab verdiyini, bu məsələdə müdafiə naziri Jim Mattis və baş qərargah rəisi Joe Dunford-la həmfikir olduğunu deyib.

*** Buna da bax: Trump Tillerson-u dövlət katibliyindən uzaqlaşdırdı

“ƏSLİNDƏ, YAXŞI YOLA GEDİRDİK”

Fikrimcə, bu saziş İrandan gələn əsas təhdidlərdən birini yoluna qoyur. Bu, əlimizdən çıxsa, onların nüvə silahları proqramıyla bağlı başqa yol axtarmalıyıq... Hazırda, fikrimcə, bu, maraqlarımıza cavab verir”, – o söyləyib.

Votel-in rəyindən öncə prezident Donald Trump 2015-ci il sazişini bir daha tənqid edib, onu “dəhşətli” adlandırıb, ölkənin baş diplomatını işdən çıxarmasına bir səbəb kimi də Tillerson-la bu saziş üzrə fikir ayrılığını göstərib.

Əslində, çox yaxşı yola gedirdik, amma bir sıra məsələlərdə fikir ayrılığımız vardı. İranla sazişi götürək. Mən bunu dəhşətli, o isə normal sayır. Mən bu sazişdən çıxmaq, yaxud başqa bir şey etmək istəyirdim, o isə başqa cür düşünürdü. Yəni eyni cür fikirləşmirdik”, – Trump deyib.

Prezidentin sözlərinə görə, Tillerson-un yerinə təyin etdiyi, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mike Pompeo ilə daha çox eyni cür düşünürlər.

54 yaşlı Pompeo İranın və nüvə sazişinin qatı tənqidçisidir.

Trump mayın 12-dək sazişə köklü dəyişikliklər edilməzsə, Birləşmiş Ştatların ondan çıxacağını bildirib.

*** Buna da bax: Səudiyyə də nüvə enerjisi 'sevdasına düşüb'

Nüvə sazişi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

TRUMP-IN DEDİYİ 3 QÜSUR

Trump-ın sazişə qarşı çıxmasına baxmayaraq, Tillerson, Mattis və administrasiyanın digər üzvləri onu müdafiə edib.

Trump yanvarın 12-də avropalı müttəfiqlərə ultimatum verib, deyib ki, nüvə sazişindəki “dəhşətli qüsurlar düzəldilməsə”, İrana ABŞ-ın sanksiyalarının yüngülləşdirilmə müddətini uzatmayacaq.

Martın 15-də ABŞ, Britaniya, Fransa və Almaniya rəsmiləri Berlində görüşəcəklər. Avropa ölkələri nüvə sazişini dəstəkləyir, eyni zamanda Trump-ın narahatlıqlarının da yoluna qoyulmasını istəyirlər.

*** Buna da bax: BMT İranın nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirir

Trump sazişdə əsas 3 qüsur gördüyünü deyir: onun İranın ballistik raket proqramını əhatələməməsi; beynəlxalq müfəttişlərin İranda şübhəli nüvə obyektlərinə ziyarətləriylə bağlı məhdudiyyətlər qoyan şərtlər; son tarix qoyulan müddəalar. Məsələn, İranın uran zənginləşdirməsinə məhdudiyyət 10 ildən sonra bitir.

ABŞ prezidenti deyib ki, ölkəsinin sazişdə qalmasından ötrü bu maddələr gücləndirilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG