Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Qutadan çıxarılanlar var


Şərqi Quta, 12 mart, 2018-ci il
Şərqi Quta, 12 mart, 2018-ci il

Suriya dövlət televiziyası şərqi Qutadan çıxarılan yaralı və xəstə insanları göstərib.

Martın 13-də yayılmış görüntülərdə Wafideen keçid məntəqəsinə gələn bir qrup şəxs göstərilib. Bir qadın deyib ki, xəstə uşağının buradan çıxarılması üçün bir ildən çoxdur gözləyir.

Yaşlı bir kişi isə əlil arabasında gətirilərək təcili yardım maşınına mindirilib.

Rusiya ordusu Quta ərazisindəki Duma şəhərindən 100-dək adamın çıxarıldığını bildirib.

Regiondakı ən böyük üsyançı qrupun üzvü Yasser Delwan bir qrup xəstənin tibbi müalicə razılaşmasına uyğun olaraq Qutadan çıxarıldığını təsdiqləyib.

Ancaq Jaysh al-Islam qruplaşması ərazidən getməyəcəyinə, irəliləməkdə olan hökumət qüvvələriylə savaşı davam etdirəcəyini bildirib.

***

Rusiya, İran və Suriya BMT-nin təsdiqlədiyi 30 günlük atəşkəsi gözardı edərsə, Birləşmiş Ştatlar Suriyada kimyəvi hücumları və “qeyri-insani əziyyəti” bitirməkdən ötrü hərəkətə keçməyə hazırdır. Bu xəbərdarlıqla ABŞ çıxış edib.

Birləşmiş Ştatların səfiri Nikki Haley martın 12-də BMT Təhlükəsizlik Şurasında deyib ki, şuranın iki həftə öncə elan etdiyi atəşkəs “iflasa uğrayıb” və Vaşinqton 30 günlük yeni atəşkəs təklif edib. Onun sözlərinə görə, yeni atəşkəsin “antiterror əlyerisi” yoxdur və Suriya prezidenti Bashar al-Assad və digərləri onu gözardı edə bilməyəcək.

Haley Suriyanı və müttəfiqləri olan Rusiya və İranı belə “əlyeri”lərdən sui-istifadədə, Dəməşq yaxınlığındakı şərqi Qutada “yüzminlərlə günahsız suriyalını acından qırmaqda” suçlayıb.

*** Buna da bax: ABŞ Rusiyanı pisləyir

OPPONENTLƏRLƏ MÜHARİBƏ

BMT-nin baş katibi Antonio Guterres şurada deyib ki, BMT fevralın 24-də 30 günlük atəşkəs elan edəndən şərqi Qutaya hava zərbələri, bombalama və quru hücumları daha da intensivləşib.

Assad rejimi, İran və Rusiya siyasi opponentlərinə qarşı müharibə aparmaqdadır”, – Haley söyləyib.

Bu gün Rusiyadan soruşmalıyıq ki, daha Assad rejiminə xəstəxanaların, tibb klinikalarının, təcili yardım maşınlarının dağıdılmasının dayandırılmasından ötrü təzyiq göstərə bilmirmi. Kəndlərə kimyəvi silahların buraxılması dayandırılmalıdır”, – o deyib.

Haley-nin sözlərinə görə, müharibə tərəfləri atəşkəsə əməl etməzlərsə, Birləşmiş Ştatlar özü hərəkətə keçməyə hazırdır. O, prezident Donald Trump-ın ötən apreldə Suriyada hava bazasını bombalamaq əmri verdiyini yada salıb. Həmin bazadan gerçəkləşdirildiyi bildirilən sarin qazı hücumunda 100-dək dinc suriyalı həlak olmuşdu.

“İradəsini kimyəvi hücumlar, qeyri-insani əziyyətlər, özəlliklə qeyri-qanuni Suriya rejimi vasitəsiylə yeritmək istəyən ölkələrə xəbərdarlıq edirik: lazım gələrsə, Birləşmiş Ştatlar hərəkətə keçməyə hazırdır”, – o deyib.

Rusiya rəsmiləri isə hər gün beş saatlıq fasilələrə əməl etdiklərini deyirlər. Onlar bunun dinc sakinlərin və yaralıların evakuasiyası məqsədiylə gerçəkləşdirildiyi bildirirlər.

RUSİYADAN XƏBƏRDARLIQ

Artıq bir aydır Suriya rejimi şərqi Qutanın silahlı üsyançılardan alınması üçün əməliyyatlara başlayıb. Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı o vaxtdan 241 uşaq daxil olmaqla, azı 1162 dinc sakinin öldürüldüyünü bildirir.

*** Buna da bax: Dinc sakinlər Qutadan çıxmırlar

Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya isə ABŞ və müttəfiqlərini “daimi olaraq Suriya rejimini günahlandırmaq və Rusiyaya tələblər irəli sürməkdən başqa bir şey etməməkdə” suçlayıb.

Dəməşq ətrafı terrorçu yuvası kimi qala bilməz”, – o deyib.

Qutada Al-Qaeda qruplaşmasına bağlı islamçı yaraqlı qrupun oturuşduğu bildirilir.

Nebenzya xəbərdarlıq edib ki, Birləşmiş Ştatların “suveren Suriyaya qarşı gücdən birtərəfli istifadəsi Yaxın Şərqdə sabitliyə mənfi təsir göstərər”.

ABŞ-ın müttəfiqləri – Britaniya, Fransa da Rusiyanı Assad qüvvələrinə döyüşləri davam etdirməyə şərait yaratmaqda suçlayıb.

BMT-nin dəyərləndirməsinə görə, Qutadan təcili olaraq 1000 nəfər evakuasiya olunmalıdır. Onların içində çoxlu uşaq da var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG