Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 12:26

Dövlət qulluğundakı boş yerlər müsahibəyə çıxarılıb


İmtahan

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarındakı vakant vəzifələrə qəbulda müsabiqənin müsahibə mərhələsini elan edib. Müsahibədə dövlət qulluğu üzrə test imtahanından keçib sertifikat əldə etmiş şəxslər iştirak edə bilər.

Mərkəzin martın 8-də yaydığı məlumatda bildirilir ki, müsahibə iki kateqoriya üzrə aparılacaq. Birinci kateqoriyada 11 dövlət orqanındakı 200 vakant rəhbər vəzifəsi üzrə müsahibə aparılacaq. Bu müsahibədə iştirak edib Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, Səhiyyə Nazirliyinin Aparatında şöbə müdirinin müavini vəzifəsinə yiyələnmək olar.

Habelə, mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələrində bölmə müdirinin müavini və sektor müdiri vəzifəsini tutmaq mümkündür.

Başqa kateqoriyada 27 mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarındakı 334 vakant vəzifə müsahibəyə çıxarılıb. Bu kateqoriyada vakant iş yerlərini Ali Attestasiya Komissiyası, kənd təsərrüfatı, mədəniyyət və turizm, əmək və əhalinin sosial müdafiəsi, ekologiya və təbii sərvətlər nazirlikləri, apellyasiya, inzibati-iqtisad və rayon məhkəmələri təqdim edib.

DİM bildirir ki, müsahibə mərhələsi üzrə qeydiyyat bir ay, aprelin 7-dək davam edəcək.

Müsahibədə iştirakdan ötrü müraciət edən namizəd vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Həmin şərtlər «Dövlət qulluğu haqqında» Qanunda nəzərdə tutulub.

Həmin qanuna görə, 16 yaşına çatan, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik və dövlət dilini sərbəst bilənlərin dövlət qulluğunda çalışmaq hüququ var.

Fəaliyyət qabiliyyəti olmayanlar, məhdud fəaliyyət qabiliyyətlilər, məhkumluğu ödənilməyənlər, tabeliyində, nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalığı olanlar dövlət qulluğuna qəbul edilmir.

XS
SM
MD
LG