Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

Mueller Trump-ın Kremllə gizli kanal yaratmağa çalışması iddialarını araşdırır


Robert Mueller
Robert Mueller

ABŞ-da xüsusi müşavir Robert Mueller-in əlində prezident Donald Trump vəzifəyə keçməzdən öncə Seyşel adalarında gizli görüş keçirilməsinə dair sübut var. “The Washington Post” yazır ki, görüşdə prezidentin seçki kampaniyasının məqsədi Kremllə gizli kanal yaratmaq olub.

“GÖRÜŞ TƏŞKİL OLUNUB”

2017-ci ilin yanvarında Hind Okeanındakı adada görüş Erik Prince ilə Kirill Dmitriyev arasında keçirilib. Prince ABŞ-ın tanınmış hərbi podratçısı, Trump-ın təhsil nazirinin qardaşıdır. Dmitriyev isə Rusiya prezidenti Vladimir Putin-ə yaxın, hökumətin nəzarətində olan birbaşa investisiyalar fondunun rəhbəridir.

Qəzet martın 7-də məsələylə tanış adamlara istinadla yazsa da ad çəkməyib. Məlumata görə, Mueller-lə əməkdaşlıq edən şahid müstəntiqlərə deyib ki, görüş öncədən təşkil olunub, məqsəd Trump-ın keçid komandasının üzvünü Moskvanın elçisi ilə görüşdürmək, iki ölkənin gələcək münasibətlərini müzakirə etmək olub.

*** Buna da bax: Trump administrasiyasından gedənlər

Seyşel görüşünü təşkil edərək ona qatılmış livanlı-amerikalı biznesmen George Nader məsələylə bağlı böyük jüri qarşısında ifadə də verib. Jüri Trump-ın seçki kampaniyası ilə Kremlin mümkün əlaqələrinə dair dəlil toplayır.

Qəzetin yazmasına görə, Nader yanvardan Mueller-in istintaqıyla əməkdaşlığa başlayıb.

Prince Trump-ın adından Dmitriyev ilə görüşmədiyini deyib, jurnalistlərə söyləyib ki, görüşlə bağlı ötən il dediklərindən istifadə etsinlər.

Ötən il Prince konqresmenlərə və mediaya görüşün planlı olmadığını, o, Seyşeldə dəbdəbəli otelə Birləşmiş Ərəb Əmirliklərindən rəsmilərlə görüşə gedərkən təsadüfən baş tutduğunu demişdi.

BƏƏ-NİN NİYYƏTİ

Prince Trump-ın kampaniyasında formal rol oynamayıb və dediyinə görə, Seyşelə Trump-ın qeyri-rəsmi emissarı kimi deyil, şəxsi biznesmen kimi gedib.

*** Buna da bax: ABŞ kəşfiyyatının rəhbəri: Rusiya Konqres seçkisinə müdaxiləyə hazırlaşır

Dediyinə görə, onu Dmitriyev-ə BƏƏ rəsmiləri təqdim edib və onunla 30 dəqiqədən çox ünsiyyətdə olmayıb. O, ötənilki açıqlamasında görüşün Kremllə gizli kanal yaratmaq məqsədiylə təşkil olunduğunu məxsusi danıb.

Neftin qiymətindən tutmuş, onun ölkəsinin ABŞ-la normal ticarət münasibətlərini bərpasını necə istədiyinə dair müxtəlif mövzularda söhbət etdik”, – Prince konqresmenlərə deyib.

“The Post” yazıb ki, BƏƏ bu görüşə vasitəçilik etməyə razılıq verib, bir niyyəti Rusiyanı İranla sıx münasibətlərini məhdudlaşdırmaq üçün dilə tutmağın mümkün olub-olmadığını öyrənmək istəyib. Bu, həm Trump administrasiyasının, həm də bir neçə Körfəz ərəb ölkəsinin əsas hədəfidir.

Qəzet ABŞ rəsmilərinə istinadla yazır ki, Moskva buna razılıq verərdisə, Trump administrasiyasının Rusiyaya sanksiyaları yüngülləşdirməyə əsası olardı.

*** Buna da bax: Putin deyir ki, ABŞ-da ittiham olunan rusiyalılar Rusiya dövlətini təmsil etmirlər

Seyşel görüşündən sonra Nader bir neçə dəfə Ağ evdə olub, azı bir dəfə prezidentin keçmiş müşaviri Stephen Bannon və Trump-ın kürəkəni Jared Kushner ilə görüşüb. Bunu da qəzet yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG