Suriya hökuməti yeni kimyəvi silahlar hazırlaya bilər və ABŞ prezidenti Donald Trump kimyəvi hücumları önləmək gərəkərsə, hərbi addımları nəzərdən keçirməyə hazırdır. “Reuters” informasiya agentliyi yazır ki, bunu çərşənbə axşamı Birləşmiş Ştatların rütbəli rəsmiləri bildiriblər.
Rəsmilərin deməsinə görə, prezident Bashar al-Assad-ın Suriyanın kimyəvi silah arsenalının bir hissəsini gizlətdiyi güman edilir. Baxmayaraq ki, ABŞ-Rusiya razılaşmasına görə, Dəməşq 2014-cü ildə kütləvi qırğın silahlarının hamısını təhvil verməliydi.
İSTİFADƏ METODLARI DA TƏKMİLLƏŞDİRİLİR
Rəsmilər brifinqdə jurnalistlərə deyiblər ki, əvəzində, Assad qüvvələri kimyəvi silahlarını “təkmilləşdiriblər” və bəzi hallarda onlardan kiçik həcmlərdə istifadə ediblər. Xatırladaq ki, ötən ilin aprelindəki kimyəvi qaz hücumundan sonra ABŞ Suriyada hava bazasına raket zərbəsi endirdi.
*** Buna da bax: Suriyadakı qaz hücumuna görə hökumət günahlandırılır
Bu hücumların bəzilərinin xarakteristikası onu deməyə əsas verir ki, Suriya yeni silahlar hazırlayır, zəhərli kimyəvi maddələrin tətbiqi metodları isə elə işlənib ki, onların mənşəyini tapmaq çətinləşir. Anonimlik şərtiylə danışan rəsmilər detalları açıqlamayıblar.
Apreldə üsyançıların əlində olan əraziyə zəhərli sarin qazının buraxılması Trump-ı Şayrat hava bazasına raket zərbələri endirməyə məcbur etdi. Suriyanın əməliyyatı həmin bazadan endirdiyi bildirilirdi.
“Kimyəvi silahdan istifadənin önlənməsi üçün hərbi gücdən istifadə hüququmuzu saxlayırıq”, – deyən rəsmi hansı kimyəvi hücumun Birləşmiş Ştatları hərbi cavaba əl atmağa məcbur edəcəyini açıqlamayıb.
İkinci rəsmi isə vurğulayıb ki, Trump administrasiyası gücləndirilən beynəlxalq sanksiyaların və diplomatik təzyiqin Assad-ın kimyəvi silah proqramını dayandıracağına ümid edir.
Beynəlxalq ictimaiyyət Assad-a təzyiqi tezliklə artırmasa, Suriyanın kimyəvi silahları sərhədlərindən kənara, hətta ola bilsin, ABŞ sahillərinədək yayıla bilər, ikinci rəsmi söyləyib.
HÜCUMLAR SƏNGİMİR
Bu yaxınlarda ABŞ dövlət katibi Rex Tillerson Assad-ın müttəfiqi olan Rusiyanı kimyəvi silahlara qadağanın iflasına görə məsuliyyət daşımaqda suçlayıb.
Rusiya ittihamları rədd edir, Suriya da hər hansı kimyəvi hücum gerçəkləşdirmədiyini deyir.
*** Buna da bax: Rusiya Suriyada kimyəvi hücuma dair hesabatı 'qərəzli' və 'şübhəli' adlandırıb
Ötən həftə Dəməşqin şərqində üsyançıların əlində olan əraziyə xlor qazı hücumuna görə də Qərb rəsmiləri Suriya hökumətindən şübhələnib. Həmin hücumda azı 13 nəfər zəhərlənib.
Dövlət Departamentinin sözçüsü Heather Nauert fevralın 1-də deyib ki, Birləşmiş Ştatlar Suriya qüvvələrinin bu həftə şərqi Qutada daha bir xlor qazı hücumu gerçəkləşdirməsi barədə məlumatlardan “aşırı dərəcədə narahatdır”.
ABŞ rəsmiləri onu da deyiblər ki, İslam Dövləti (İŞİD) yaraqlıları da kükürd və xlor qazından yararlanmaqla kimyəvi hücumlar ediblər, bəzi hücumlar əldəqayırma partlayıcı maddələrlə gerçəkləşdirilib.