Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 18:23

İlqar Məmmədov - prezident 'qarşıdurması': məhbusun çəkisini artıran səbəb


İlqar Məmmədov

Onun həbsindən beş il ötür və Azərbaycanın ən məşhur siyasi məhbusu yetişməkdədir. Müxalif siyasətçi İlqar Məmmədov 2013-cü il fevralın 4-də saxlanıb”. “Carnegie” fondunun aparıcı əməkdaşı Thomas de Waal "Azərbaycanı rahatsız edən məhbus" adlı məqaləsində yazır ki, rəsmən İsmayıllı rayonundakı iğtişaşlardan dolayı saxlanmış Məmmədovun həbsinin əsl səbəbi onun REAL hərəkatının lideri kimi hakim rejimin açıq tənqidçisi olması, elə həmin il prezident seçkisinə hazırlaşmasıydı.

Di gəl, bir sıra tanınmış müxalifətçilər, elə Məmmədovla birlikdə saxlanmış Tofiq Yaqublu belə buraxıldı, amma Məmmədov həbsdə qaldı. “Onun nüfuzu artdı və hazırda həbsxana kamerasından Azərbaycan prezidenti İlham Əliyev üçün böyük rahatsızlıq yaradan fiqura çevrilib”, – müəllif yazır.

MƏMMƏDOV vs. NAVALNY

Məmmədov tərs adamdır. O, əfv olunmaq, azadlığa buraxılaraq xaricə getmək təklifini rədd edib, həbsxana şəraitinin heç də yaxşı olmamasına baxmayaraq. Həyat yoldaşı Vəfa telefonla mənə deyib ki, daha ərini iki il öncəki kimi həbsdə döymürlər, kəskin bel ağrısı da yüngülləşib. Amma yenə də 30 məhbusla bir ümumi “barak”da saxlanır, çarpayılarının arasında cəmi 5 santimetr məsafə var. Ancaq vəkili və ayda iki dəfə həyat yoldaşı və qızıyla görüşünə icazə verilir. Xanımı israr edir ki, həyat yoldaşının əhvalı yaxşıdır, hüquqlarının bərpasında israrlıdır. Məmmədovun əsas şikayətlərindən biri sevimli jurnalı olan The Economist-in nüsxələrini daha ardıcıl əldə etməkdir”, – məqalədə deyilir.

İlqar Məmmədovun qızı Aysel
İlqar Məmmədovun qızı Aysel

Thomas de Waal İlqar Məmmədovun prezident Əliyevə yaratdığı problemi Rusiyada Alexei Navalny-nin prezident Vladimir Putin üçün yaratdığına analoq sayır. Onun fikrincə, fərqli şəxsiyyətlər olsalar da, eyni mövqedədirlər. Məmmədov status kvoya etibarlı alternativ sayılır.

Yaşlı, əsas müxalifət partiyaları olan Müsavat və Xalq Cəbhəsi 1992-93-cü illərdə qısa müddətə hakimiyyətdə olublar, amma indi ictimaiyyətə çox şey təklif edə bilmirlər, daha çox keçmişin şöhrətiylə yaşayırlar. Əslində, prezident Əliyev rejiminə faydalı kontrast yaradırlar. İctimaiyyətə bu fikir aşılanır ki, demokratiyadan kənara çıxsa da, bu rejim ölkəyə firavanlıq və sabitlik gətirib.

Amma REAL daha ciddi qüvvədir. Məmmədov kimi hüquqşünaslar, iqtisadiyyatı necə mödernləşdirmək, ölkəni demokratikləşdirmək ideyaları olan iqtisadçılarla doludur. Bu səbəbdən onlar ölkə elitası içində də bəziləri arasında populyarlıq qazanıblar, belələri qərbyönlü siyasətin tətbiqini istəyirlər, ölkədəki nəhəng korrupsiyadan cana gəliblər”, – müəllif vurğulayır.

*** Buna da bax: Britaniyalı vəkili İ.Məmmədovla Skype-la danışmaq istəyir

MƏMMƏDOV BAŞAĞRISIDIR, HƏBSDƏ DƏ, AZADLIQDA DA

De Waal-ın fikrincə, Məmmədov özü açıq etiraf etməsə də, Azərbaycandakı klan siyasətindən də yararlanmış olur. Atası “yeraz”, yəni Ermənistanda doğulmuş azərbaycanlılar icmasında tanınmış ailə başçısıdır. Məmmədov azadlığa çıxarsa, böyük potensial dəstək bazası və milli şəbəkə miras almış olacaq.

Beləliklə də, onu indi buraxmaq dördüncü dəfə prezidentliyə namizədliyini verməyə hazırlaşan Əliyevə əlverişli deyil. Di gəl, onu həbsdə saxlamağın da bədəli var. Axı, Məmmədov işi Avropanın ən qədim insan haqları qurumu olan Avropa Şurasını hərəkətə gətirib.

İlqar Məmmədov buraxılmasa, Avropa Şurası aşağılayıcı tədbirə əl ataraq Azərbaycanın səsvermə hüququnu ala, yaxud ölkəni bu qurumdan tamamilə çıxara bilər.

Avropa Şurası anlayır ki, Məmmədov işinə görə onun nüfuzu zərbə altındadır. Bunun səbəbi təkcə Azərbaycanın qurumu manipulyasiya etməsiylə bağlı geniş yayılmış təsəvvür deyil. Axı təşkilat qarşıdakı bir ildə Rusiya və Türkiyəyə görə daha sərt sınaqla üz-üzədir və etibarlılığını təsdiqləməlidir.

Nə qədər qəribə də olsa, Azərbaycan prezidenti ilə məhbus qarşıdurmasında məhbusun çəkisini artıran bir səbəb budur”, – Thomas de Waal yazır.

*** Buna da bax: S.Seyidov: 'Avropa Şurası ilə əməkdaşlıq etmişik, edəcəyik'

XATIRLATMA

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiqləyib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa Məhkəməsinin İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə Avropa Məhkəməsi Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib.

«Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir»,- İ.Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG