Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 21:20

Britaniyalı vəkili İ.Məmmədovla Skype-la danışmaq istəyir


İlqar Məmmədov

Britaniyalı vəkil Ceremi Makbraydın REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovun müdafiəsinə qoşulması rəsmiləşsə də, o, müvəkkili ilə nə görüşə, nə də danışa bilib. C.Makbrayd Avropa İnsan Haqları Məhkəməsində iki iş üzrə İ.Məmmədovun hüquqlarının müdafiəsində iştirak edəcək.

Britaniyalı vəkil REAL sədrinin müdafiəsini qurmaq üçün mütləq onunla görüşmək, yaxud da «Skype» vasitəsilə danışmaq istəyir.

Bu haqda REAL Hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov məlumat verib.

R.Cəfərov bildirib ki, C.Makbrayd görüş və ya danışığa icazə almaqdan ötrü yaxın günlərdə uyğun qurumlara rəsmi şəkildə müraciət edəcək.

«Interights» təşkilatından olan C.Makbrayd eyni zamanda, Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetində dərs deyir.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiqləyib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa Məhkəməsinin İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə Avropa Məhkəməsi Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib.

«Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir»,- İ.Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG