ABŞ mediasında yayılan xəbərlərə görə Ağ Ev Federel Təhqiqatlar Burosu (FTB) və onun Rusiya rəsmiləri ilə prezident Donald Trump-ın yaxın çevrəsi arasında şübhəli bağları araşdıran təhqiqatına dair ziddiyyətli memonun açıqlanmasına göstəriş verilməsini planlaşdırır.
Bu memo Rusiya ilə əlaqələri araşdıran üç Konqres komitəsindən birinin – Kəşfiyyat Komitəsinin respuiblikaçı üzvləri tərəfindən tərtib edilib.
Deyilənlərə görə bu sənəd FTB-nin Trump-ın 2016-cı ilin seçki kampaniyası zamanı komandasına daxil şəxslər barədə aparılan cinayət işini sual altında qoyur.
Bu memonun bir məqamında söhbət Trump-ın seçki kampaniyasına daxil olmuş Carter Page-ə məhkəmə qərarı ilə dinləyici qurğu bağlanmasına haqq qazandırıldığı bildirilir.
Konqres demokratları deyirlər ki, respublikaçıların memosu mühüm kontekstin üstündən keçərək yalnız öz maraqlarına xidmət edən faktları bir yerə toplayıblar. Bu zaman faktlar konteksdən qoparılıb.
Onlar həmçinin deyirlər ki, memonun açıqlanması kəşfiyyatın mənbə və metodlarını təhlükə altına sala bilər.
Bu arada FTB (FBI) direktoru misli görünməmiş addım ataraq memonun açıqlanmaması üçün açıq müraciət edib.
Xəbər agentlikləri Ağ Ev rəsmilərinə istinadən bidirirlər ki, memonun açıqlanması fevralın 2-də baş verəcək.
***
FBI respublikaçıların yayacağı memodan “çox narahatdır”
Federal Təhqiqatlar Bürosu (FBI) dünən – yanvarın 31-də bildirib ki, Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin yayacağı məxfi memorandumun dəqiqliyindən bərk narahatlıq“ keçirir. Həmin sənəddə Ədliyyə Departamentində prezident Donald Trump-a qərəzdən söz açıldığı iddia olunur və Trump da memonun yayılacağını bildirib.
Birləşmiş Ştatların baş hüquq-mühafizə agentliyinin bu narahatlığına rəğmən, Trump administrasiyası rəsmisi deyib ki, sənəd bu gün açıqlanacaq.
*** Buna da bax: “Rusiya istintaqı”yla bağlı respublikaçılar memorandum yayacaqlar
“Komitə memonun yayılmasına səs verməzdən bir gün öncə FBI-yə onu nəzərdən keçirməyə imkan yaradılıb. İlkin rəyimizdə də bildirdiyimiz kimi, memonun dəqiqliyinə fundamental təsir göstərən bəzi materialların çıxarılmasından dərindən narahatıq”, – qurum bəyanatında bildirib.
“GÜNAH KEÇİSİ”
“Reuters” agentliyi yazır ki, bu memorandum Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı iki partiyanın mübahisəsində “günah keçisi”nə çevrilib. Hazırda həmin müdaxilə iddiaları, eləcə də Trump-ın seçki kampaniyası rəsmilərinin Rusiyayla mümkün əməkdaşlığı araşdırılır.
Ədliyyə Departamentinin rəsmiləri də bildiriblər ki, memonun yayılması məxfi informasiyaya təhlükə yaradar.
Kəşfiyyat komitəsinin respublikaçı sədri Devin Nunes hər iki qurumun etirazlarını “saxta” adlandırıb.
Ağ evin mətbuat katibi Sarah Sanders çərşənbə günü deyib ki, Trump hələ sənədi oxumayıb. Amma prezident bir gün öncə Konqresdə illik müraciətindən sonra konqresmenlərə memonun “100 faiz” açıqlanacağını söyləyib.
Ağ ev rəsmisinin sözlərinə görə, dörd səhifəlik sənəd bazar ertəsi Ağ evə çatdırılıb. Administrasiya hüquqşünasları isə sənədin milli təhlükəsizliyə ziyan vura biləcək hissələrinin senzura olunub-olunmaması üzərində işləyirlər.
DƏYİŞDİRİLMİŞ VERSİYA
Çərşənbə günü axşam kəşfiyyat komitəsinin aparıcı demokrat üzvü Adam Schiff deyib ki, o, Nunes-in sənədin “əməlli dəyişdirilmiş” versiyasını Ağ evə göndərdiyini aşkarlayıb, bu, komitədə səsə qoyulmuş versiya deyil.
Nunes-in sözçüsü isə bunu informasiyanın yayılmasını önləməyə yönəlik cəhd adlandırıb, deyib ki, söhbət kiçik dəyişikliklərdən gedir.
*** Buna da bax: Senatorlar Rusiyaya qarşı sanksiyaları ‘saxlayan’ Trump-ı tənqid edirlər
Respublikaçılar deyirlər ki, sənəd, FBI və Ədliyyə Departamentinin telefonların dinlənməsi əməliyyatı üçün order istəyərkən sərgilədiyi anti-Trump mövqeyini ortalığa qoyur.
Demokratların mövqeyincə, memoda yüksək səviyyədə məxfi informasiyadan selektiv formada istifadə olunub, məqsəd Rusiya istintaqını aparan xüsusi müşavir Robert Mueller, onu işə götürmüş, baş prokuror müavini Rod Rosenstein-i gözdən salmaqdır.
Rusiya 2016-cı il seçkisinə müdaxiləylə bağlı iddiaları rədd edir. Trump isə Rusiyayla heç bir əməkdaşlığa gedilmədiyini bildirir.