Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 08:45

Hesablama Palatası 5 qurumda apardığı auditin nəticələrini açıqlayıb. Yoxlanılan qurumların hamısında dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində pozuntulara yol verildiyi iddia olunur.

Söhbət AZAL-da, Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində, Gigiyena və Epidemiologiya Mərkəzində, Dənizkənarı Bulvar İdarəsində, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində aparılmış auditdən gedir.

Buna da bax: Palata ‘Azəriqaz’da pozuntular aşkarladığını deyir

AZAL-da yoxlama

Palatanın məlumatına görə, “Azərbaycan Hava Yolları” Açıq Səhmdar Cəmiyyətində (AZAL) yoxlamalar zamanı müəyyən edilib ki, gəlir və xərclər smetalarının tərtib olunması, vergi, digər icbari ödənişlərin ödənilməsində pozuntular aşkar olunub. Dövlət büdcəsindən ayrılan və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərcləndiyi qeyd edilir.

Bildirilir ki, avans qaydasında ödənişlərin həyata keçirilməsi əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilib. AZAL-la bağlı müvafiq icra hakimiyyəti qurumlarına məktublar göndərildiyi, Milli Məclisin məlumatlandırıldığı vurğulanır.

Gigiyena və Epidemiologiya Mərkəzində

Hesabata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin auditi zamanı üzə çıxıb ki, büdcədən ayrılan vəsait satınalma proseduru keçirilmədən xərclənib. Üstəlik, satınalmaları tənzimləyən qanunvericiliyin tələblərinin də pozulduğu bildirilir.

Buna da bax: Seçki ilində Azərbaycan iqtisadiyyatını nə gözləyir? [video]

Qeyd edilir ki, mərkəz üzrə mövcud ştatların 2015-ci ildə 24,4, 2016-cı ildə 24,8, 2017-ci ildə isə 23,7 faizi vakant olub. Habelə, tarif dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıq olduğu vurğulanır.

Bundan başqa, podratçı təşkilatın hesabına artıq vəsait ödənildiyi, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınmadığı qeyd edilir.

Üstəlik, artıq ezamiyyə xərcinin ödəndiyi, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verildiyi iddia olunur.

Mərkəzdəki auditin nəticələri ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib. Həmçinin, dövlət büdcəsindən ayrılan vəsaitin qanuna uyğun xərclənmədiyi əsas göstərilərək Baş Prokurorluğa məlumat göndərilib.

Dənizkənarı Bulvar İdarəsi

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların auditi zamanı da nöqsanlar aşkar edildiyi açıqlanıb. Audit idarəyə ayrılmış 66454,5 min manat vəsaiti əhatə edib.

Buna da bax: Dövlət orqanları vakant yerləri gizlədirlər

Palata bildirir ki, idarədə müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, onlara dövlət qulluqçularından ötrü nəzərdə tutulmuş təminatlar verilib.

Mükafatların, məzuniyyət ödənişlərinin artıq hesablandığı, vəzifə maaşlarının qanunsuz artırıldığı də iddia olunur.

Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində də nöqsanların tapıldığı vurğulanır.

Palatanın məlumatında yazılır ki, Salyanda pensiya təyinatı, ödənişi üzrə ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının aparılmasında nöqsanlara yol verilib.

Salyanda audit zamanı monitorinqlərin təşkil edildiyi, ailə tərkibi haqqında düzgün məlumat verilmədiyi, pay torpağından gəlirlərin nəzərə alınmadığı kimi nöqsanların üzə çıxdığı da bildirilir.

Buna da bax: Dövlət xəstəxanaları publik olandan sonra... [video]

“Meliorasiya və Su Təsərrüfatı” ASC-də

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində (ASC) isə büdcədən subartezian quyularının layihələndirilməsi və tikintisindən ötrü ayrılan vəsaitlərin istifadəsi audit edilib.

Auditin nəticələrinə görə, 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisindən ötrü 50,8 mln. manat ayrılıb. 762 ədəd subartezian quyudan 612-si təhvil verilib. Subartezian quyularının hər biri üzrə potensialda 25-30 hektar torpaq sahəsinin suvarılması nəzərdə tutulub. Ancaq bu tələblərə əməl edilmədiyi açıqlanıb.

Hesablama Palatası auditin nəticələri ilə Milli Məclisi məlumatlandırıb.Palatanın bu hesabatına, hələlik, sözü gedən qurumlardan münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG