Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 11:52

Rəy sorğusu: Ermənilərin cəmi 8 faizi Azərbaycana güzəşt tərəfdarıdır


Ermənistan prezidenti Serzh Sargsyan Dağlıq Qarabağ ərazisində, dekabr, 2017-ci il

Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətində yaşayanlar Azərbaycana hər hansı güzəştin əleyhinə çıxırlar. Onlar sülh şanslarına getdikcə daha bədbin yanaşırlar. Müəllif Joshua Kucera bunu “Eurasianet.org” saytında yeni sorğuya istinadla yazır.

Müəllif qeyd edir ki, son illər Ermənistanda qarşı tərəfə münasibət sərtləşib və bu, 2016-cı ilin aprel döyüşlərindən sonra daha da güclənib. Axı, Ermənistan 1994-cü il atəşkəsindən bəri ilk dəfə həmin döyüşlərdə ərazi itirdi. Yerevanda mənzillənən Qafqaz İnstitutu bu əhval-ruhiyyəni bəzi məlumatlarla dolğunlaşdırır.

CƏMİ 8 FAİZ

2004-cü ildə keçirilmiş bir sorğu ermənistanlıların üçdə ikisinin sülh naminə Azərbaycana bəzi güzəştlərə getməsinə dəstək bildirmişdilər. Amma 2017-ci il sorğusu “güzəştə hazırlığın ciddi azaldığını” üzə çıxarıb. Cəmi 8 faiz güzəştə dəstək bildirib.

Hesabat müəllifləri qeyd edirlər ki, “Ermənistanda və Dağlıq Qarabağda barışmaz mövqe ənənəvi forma almağa başlayıb. Bu yanaşmalar münaqişənin dinc yolla həlli perspektivlərinə təhlükə yaradır”.

*** Buna da bax: “Qarabağ komandiri” Babayana 6 illik həbs kəsilib

Azərbaycanlılarla fərdi dostluq fikrində olanların sayı da azalmaqdadır. 2009-cu ildə keçirilmiş sorğularına görə, ermənilərin 30 faizinin azərbaycanlıyla dostluğu mümkün sayırdı, azərbaycanlıların cəmi bir faizi ermənilər barədə belə bir düşüncədə olduğunu paylaşmışdı. “Bu nəhəng fərq, təəssüf ki, son illər azalmaqdadır”, – Qafqaz İnstitutu bildirir.

Son sorğuda bu iddianı dəstəkləyəcək rəqəm göstərilməsə də, azərbaycanlılarla biznes qurmaq istəyən ermənilərin sayında ciddi azalma olduğunu üzə çıxarır. 2009-cu ildə bu rəqəm 35 faiz idi, 2015-ci ildə 17 faizə düşüb.

“MÜNASİBƏTLƏR RADİKALLAŞIB”

Adı çəkilməyən bir ekspert hesabat müəlliflərinə deyib ki, iki il öncəki ağır döyüşlərdən sonra tendensiya daha da pisləşib: “2016-cı ilin aprelindən münasibətlər daha da radikallaşıb. Bir tərəfdən ərazi itirmişik, digər tərəfdən, çox adam qisas almaq, məsələni müharibə yoluyla birdəfəlik həll etmək istəyir”.

Müəllif hesabatda bir sıra maraqlı məqamların olduğunu bildirir. Belə ki, Azərbaycanla, yaxud Qarabağla sərhədə daha yaxın yaşayanlar arasında müharibə sarıdan bədbinlik daha böyükdür. Ermənistanlıların çoxu Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini dəstəkləmir. Amma müharibə istəyənlər ya gənclər (18-24 yaşlılar), ya da 45-54 yaş arasında olanlardır, yəni, “1991-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmiş nəsil”.

*** Buna da bax: “Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır ”

Bədbinliyin daha bir təsiri: Qarabağda, yaxud Azərbaycanla sərhədə daha yaxın yaşayanlar digər ermənilərdən çox mühacirətə gedirlər. Di gəl, bununla bağlı da emosiyalar qarışıqdır: “Dağlıq Qarabağdan çıxmaq kiminsə həyat şəraitinin yaxşılaşdırılması imkanı, ya da azından, risklərin azaldılması deməkdir. Ancaq bir məsələ də var ki, Dağlıq Qarabağda səfərbərlikdən azadolunma yoxdur deyə, kişilərin getməsi fərariliyə bərabərdir. Cinsindən asılı olmayaraq, mühacirətə gedənlər digərlərini pis vəziyyətdə qoyduqlarını düşünürlər”.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələr üz-üzə mövqelər tutub. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

*** Buna da bax: Qarabağ danışıqlarında son bir il-'ümidlər son mərhələdədir'

2016-cı il aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, Azərbaycanla Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

O zaman Azərbaycan Müdafiə Nazirliyi 2 min hektardan artıq ərazinin azad edildiyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG