Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Qarabağ danışıqlarında son bir il-'ümidlər son mərhələdədir'


İ.Əliyev və S.Sarkisian Cenevrədə danışıqlarda - 16 oktyabr 2017
İ.Əliyev və S.Sarkisian Cenevrədə danışıqlarda - 16 oktyabr 2017

«Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır». Prezident İlham Əliyev 2017-ci il girəndə xalqa təbrikində belə demişdi.

Şair Vaqif Bayatlı Odər də bu çıxışdan yarım il sonra AzadlıqRadiosuna müsahibəsində Cəbrayılın Cocuq-Mərcanlı kəndinin azad olunmasından ilhamlanıb, «Bizim qələbəmiz hələ çocuqdur. Arzu edirəm qələbəmiz böyüsün, Böyük olsun» söyləmişdi.

Amma başa çatmaqda olan il Azərbaycana nəinki qələbə gətirdi, prezidentin sözləriylə desək, onu Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşdırmadı. Düzdür, prezidentlər, xarici işlər nazirləri görüşdü, vasitəçilər bəyanatlar verdilər, ancaq nəticəni dəyişəcək addımlar atılmadı.

«... ümidvericidir»

«Münaqişənin həllində, faktiki, bu il də irəliləyişə nail olunmadı», – təəssüfünü gizlətməyən əslən Qarabağdan olan, hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Elman Məmmədovdur. Hərçənd o təəssüflənsə belə, son bir ildə bir ümid yarandığını düşünür:

Elman Məmmədov
Elman Məmmədov

«Son vaxtlar həmsədr dövlətlər müəyyən qədər fəallıq göstərirlər, son aylarda həm nazirlərin, həm də prezidentlərin görüşü, verilən bəyanatlar, o cümlədən ABŞ dövlət katibinin bəyanatı ümidvericidir. Ancaq 25 ildir eyni sözləri, eyni bəyanatları eşidirik. Real nəticə yoxdur. Real nəticə o sözlərin arxasında dura biləcək əməli addımların atılması olardı. Nəticə olmadıqda Azərbaycan son varianta – hərbi yolla torpaqlarını azad etməyə məcbur qalacaq. Amma bu halda da məsuliyyət Ermənistanın, bir də işğalçı qədər məsuliyyəti, günahı olan həmsədr ölkələrindir».

«İtirilmiş bir il...»

«Bu il də Dağlıq Qarabağ, işğal edilmiş torpaqlarımız üçün itirilmiş bir il kimi qiymətləndirilməlidir», – Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər belə deyir. O, 2017-ci ildə danışıqlarda müşahidə edilən müəyyən fəallaşmanı məhz «görüntü» kimi dəyərləndirir:

«Bu nisbi fəallaşma vəziyyətin gərginləşməsinin, təmas xəttində toqquşmaların qarşısını almağa və vasitəçilərin nəsə bir iş gördüklərini nümayiş etdirməyə xidmət edir, heç bir real nəticə yoxdur».

«Danışıqlara olan ümidlər son mərhələdədir»

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu il danışıqlarda böhranın davam etdiyini, substantiv danışıqlara nail olunmadığını bildirir:

«Substantiv danışıqlar olmadığından digər tərəflər, xüsusən də Ermənistan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən danışırdı. Həmin tədbirlər görülsəydi, bu, indiki vəziyyətin dondurulması kimi qiymətləndirilə bilərdi. Nazirlərin Vyana görüşü də danışıqlarda böhran yaşanması fikrini bir daha təsdiqlədi».

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Yeri gəlmişkən, Zülfüqarov Azərbaycan ictimaiyyətinin də artıq münaqişəylə bağlı proseslərə, danışıqlara marağının çox aşağı olduğu qənaətinə gəlib. Bunu da əksəriyyətdə danışıqların imitasiya xarakteri daşıması barədə rəyin formalaşmasıyla izah edir.

Bəs bu imitasiya görüntüsünün yaradılmasında Azərbaycan siyasi hakimiyyəti nə qədər günahkardır? Keçmiş nazirin sözlərinə görə, bu məsələdə günahkar axtarmaq çətindir:

«Azərbaycanda da, Ermənistanda da hamı çalışır ki, məsələ sülh yolu ilə həll olunsun, qan tökülməsin. Amma hakimiyyətin atdığı digər addımlar, məsələn, müdafiəni genişləndirməsi onu göstərir ki, danışıqlara olan ümidlər son mərhələdədir. O ki qaldı vasitəçilərə, onlar çox qiymətli olan vaxtı itiriblər. Azərbaycan işğala məruz qalıb. İşğal siyasətini sonlandırmaq üçün iki yol qalır: ya beynəlxalq ictimaiyyət təzyiq göstərir, sanksiyalar qəbul olunur, Küveytdə olduğu kimi, beynəlxalq koalisiya yaradılır, ya da işğala məruz qalan ölkə zor gücünə alınan torpaqları elə zor gücünə də geri qaytarır. Onun ayrı bir yolu yoxdur».

Bəs, Azərbaycan hakimiyyəti münaqişənin həllində maraqlıdırmı? T.Zülfüqarov cavab verir:

«Təbii ki, müdafiə imkanlarını gücləndirilməsi həmişə gizli saxlanılır. Sözügedən məsələdə son qərarı da bu məlumatlara malik olan adam verə bilər, yəni müharibə başlamağın vaxtıdır, ya yox. Bu həqiqətdir. Kimsə qıraqdan baxıb desə ki, ordumuz döyüşə hazırdır, ya yox, bu, sadəlövh bəyanat olardı».

İsa Qəmbər
İsa Qəmbər

«Hakimiyyət bu fədakarlığa hazır deyil»

İ.Qəmbər deyir ki, danışıqları sıfır nöqtəsindən tərpətməyin yolu işğala məruz qalan Azərbaycan dövlətinin aydın mövqe sərgiləməsindən başlaya bilər. Ancaq o, ortaya belə bir mövqenin qoyulmadığı qənaətindədir.

«Cüzi nəticələr varsa da, o da status-kvonu saxlamağa, gərginliyə imkan verməmək məqsədi daşıyır. 2016-cı ilin aprel döyüşlərindən sonra beynəlxalq birlik, vasitəçi dövlətlər status-kvonun təhlükəli hal aldığından və problemin həllinin zəruri olduğundan danışsalar da, gerçək addım atılmadı. İndiki mərhələdə bu addımların atılacağını gözləmirəm də», – Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri bildirir.

Onun sözlərinə görə, Azərbaycanın siyasi hakimiyyəti bu münaqişənin həllində maraqlı deyil, məsələni həll etmək istəsə, «fədakarlıq göstərməli, cəmiyyətlə bütünləşməlidir, ölkədə insan haqlarının pozulmasına, korrupsiyaya son qoymalıdır, aydın xarici siyasət kursu müəyyənləşdirməlidir». İ.Qəmbər hakimiyyətin belə fədakarlığa hazır olmadığını deyir.

2018-ci ildən gözləntilər

T.Zülfüqarov növbəti illə bağlı proqnoz verməkdə çətinlik çəkir. Onun fikrincə, vəziyyət kritik həddə çatdığından hər an müharibə başlaya bilər.

«Aprel təcrübəsi göstərdi ki, sülhə çağıran və onu bərqərar edən tərəf – o zaman hamı deyirdi ki, apreldə bunu edən Rusiya olub – bu imkanlardan istifadə etməyib. Növbəti dəfə bu cür əməliyyatlar apreldəki kimi qısa müddət davam etməyəcək. Mən buna inanmıram», – söyləyən keçmiş nazirin qənaətincə, artıq Azərbaycan hakimiyyəti də, ictimaiyyəti də bu qərara gəlib ki, yalnız özünə ümid etməlidir, öz qüvvəsinə arxalanmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG