Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:38

ABŞ 'oliqarx siyahısını' açıqladı - Putin-in reaksiyası


İllstrativ foto
İllstrativ foto

Rusiya prezidenti Vladimir Putin hesabatı pisləyib, onu Vaşinqtonla münasibətləri mürəkkəbləşdirəcək “qeyri-dost” hərəkəti adlandırıb, bütünlükdə beynəlxalq münasibətlərə ziyan vuracağını söyləyib.

Putin-in fikrincə, Birləşmiş Ştatlar Rusiyanın hər bir vətəndaşını hədəfə alır. Amma eyni zamanda onu da bildirib ki, Moskva buna təmkinli reaksiya göstərə bilər.

“Durumu gərginləşdirmək niyyətimiz yoxdur. Biz münasibətləri digər tərəfin – Amerika tərəfinin hazır olduğu dərəcəyədək qurmaq istəyirik”, – Putin prezident seçkisi kampaniyası çərçivəsində tərəfdarları qarşısında çıxışında deyib.

***

Siyahıya Putin-in 43 köməkçisi və müşaviri, 31 nazir daxildir. Nazirlər içində baş nazir Dmitry Medvedev, xarici işlər naziri Sergei Lavrov var. Aparıcı deputatlar, Rusiya kəşfiyyat agentliklərinin aparıcı rəsmiləri də bu sıradadır.

Baş nazirin müavini Arkady Dvorkovich siyahı barədə deyib ki, bu, Rusiya siyasətində “Kim kimdir”dən başqa bir şey deyil. Deputat, parlamentin yuxarı palatasında xarici əlaqələr komitəsinin sədri Konstantin Kosachyov-un fikrincə, ABŞ hakimiyyəti “sonucda Kremlin telefon kitabçasının üzünü köçürüb”.

Kremlin sözçüsü Dmitry Peskov siyahını miqyasına görə “misli görünməmiş” adlandırıb. Onun sözlərincə, Rusiya siyahını və təsirlərini diqqətlə öyrənməyincə “emosiyalara qapılmamalıdır”.

“Kreml hesabatı” siyahısında əslən azərbaycanlı milyarderlər Araz Ağalarov, Vahid Ələkbərov, Fərhad Əhmədov, Qod Nisanov-un də adları var.

***

ABŞ Maliyyə Nazirliyi siyahıyla yanaşı açıqladığı bəyanatda bildirir ki, həmin şəxslər buraya sərvətinə və “Rusiya rejiminə yaxınlığına görə” salınıb.

Quruma görə, “bu fərdlərin, etibarlı ictimai mənbələrə əsasən, 1 milyard dollar, yaxud daha artıq təmiz sərvəti var”.

"Reuters" informasiya agentliyi yazır ki, siyahıya salınma onların sanksiyayla, yaxud hər hansı başqa məhdudiyyətlə üzləşməsi demək deyil. Siyahı həmin şəxslərin sanksiyaya qoyulmaqdan ötrü kriteriyalara uyğun gəldiyini göstərir.

Kremlin sözçüsü Dmitry Peskov da bu kriteriyalara uyğun görülüb.

Siyahıda Sberbank dövlət bankının rəhbəri German Gref-in, ölkənin ikinci böyük bankı olan VTB-nin rəhbəri Andrey Kostin-in adları var.

Dövlət qaz ixracatçısı şirkətinin rəhbəri Alexei Miller də siyahıdadır.

Dünyanın ikinci böyük alüminium şirkəti olan Rusal-ın şəriki Oleg Deripaska, Rusiyanın ən böyük polad istehsalçılarından Severstal-ın sahiblərindən Alexei Mordashov, özəl qaz istehsalçısı Novatek-in şəriki Leonid Mikhelson-un adları da siyahıya salınıb.

***

ABŞ Xəzinədarlığı gələcək sanksiyalar üçün potensial hədəflər sayılan, prezident Vladimir Putin-ə sıx əlaqələri olan rusiyalıların siyahısını açıqlayıb.

“Kreml hesabatı” adını almış siyahıda 114 aparıcı rusiyalı siyasətçinin və 96 “oliqarx”ın adlarının olduğu bildirilir. Onların Putin-lə əlaqələr hesabına sərvət və hakimiyyətə yiyələndiyi qeyd olunur.

Qeyri-rəsmi olaraq, siyahıya “Putin siyahısı” adı verilib.

TASS xəbər verir ki, siyahıya biznesmenlər Alisher Usmanov, Roman Abramovich, Suleiman Kerimov və Kaspersky Lab-ın yaradıcısı Eugene Kaspersky-nin adları salınıb.

Amma prezident Donald Trump administrasiyası Konqresə bildirmişdi ki, indiki məqamda Rusiyaya yeni sanksiyalar qoymayacaq.

“Kreml hesabatı” konqresə yanvarın 29-da təqdim olunub. Siyahı yanvarın 30-na keçən gecə açıqlanıb.

***

ABŞ Dövlət Departamenti bildirib ki, “əgər Rusiyanın Ukrayna ərazisini işğal etməsi və Moskvanın ABŞ seçkisinə müdaxiləsinə dair iddialara görə yeni sanksiyalar elan edilərsə, bu sanksiyalar “ilk növbədə Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli işbirliyi olan qeyri-Rusiya vahidlərini hədəfləyəcək”.

Bununla yanaşı Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert yanvarın 29-da deyib ki, 2017-ci il tarixli ABŞ qanunu Rusiyanın müdafiə satışından əldə oluna biləcək milyardlarla dolların qarşısını alır və “əgər bu qanun işləyirsə, spesifik vahid və fərdlərin üzərinə sanksiyalar qoyulmasına ehtiyac qalmayacaq, çünki əslində bu qanunvercilik çəkindirici faktor rolunu oynayır”.

Heather Nauert
Heather Nauert

Nə Nauert, nə də ABŞ Maliyyə Nazirliyi yanvarın 29-da Amerika Rəqiblərinin Sanksiyalar Vasitəsilə Önlənməsi qanunu əsasında yeni sanksiyaları elan etməyiblər. Bu sanksiyalar iddia edildiyinə görə Rusiyanın 2016-ci il ABŞ seçkisinə müdaxilə cəhdinə görə cəzalandırılması məqsədilə tərtib olunub.

Nauert bu barədə deyib: “Biz bugün Konqresə məlumat vermişik ki, qanunvericilik və onun tətbiqi Rusiyanın müdafiə satışını önləyir. Bu qanun tətbiq ediləndən bəri bizim təxminlərimizə görə xarici hökumətlər Rusiya hərbi sənayesindən milyardlarla dollarlıq bir neçə planlaşdırılan və ya elan edilmiş alış-verişdən çəkiniblər”.

Dövlət Departamenti Rusiyanın müadiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli sövdələşmələri cəzalandıran sanksiyalarlın tətbiqinə yanvarın 29-dan başlaya bilərdi.

ABŞ prezidenti Donald Trump sözü gedən qanunu “ciddi qüsurlarına” görə tənqid etsə də, bu qanunvericilik aktını könülsüz şəkildə imzalayıb.

Nauert yanvarın 29-da deyib ki, “biz bu qanundan Ukraynadakı təcavüz, habelə başqa ölkələrin daxili işlərinə qarışılması və insan haqları barədə narahtlıqlarımızın həlli üçün istifadə edirik.

Sözçü bildirib ki, “biz bu qanunla xarici hökumət və özəl vahidlərə Rusiya vahidləri ilə əhəmiyyətli sövdələşmələrin sanksiyalarla nəticələnəcəyinə dair xəbərdarlıq etmişik”.

Nauert sözü gedən qanuna müvafiq olaraq genişləndirilmiş ABŞ sanksiyalarının hansı vahidləri və ya fərdləri hədəfləyə biləcəyi barədə şərh verməyib və bildirib ki, Dövlət Departamenti özünün sanksiya hərəkətləri barədə “irəlicədən məlumat vermir”.

Sözçü izah edib ki, sanksiyalıar tətbiq olunması lazım gəldikdə elan ediləcək. O bir daha əlavə edib ki, belə sanksiyalar tətbiq olunarsa, onlar ilk növbədə Rusiyanın artıq indiyədək qara siyahıya salınmış müdafiə və kəşfiyyat sektoru ilə “əhəmiyyətli sövdələşmələrdə bulunan” qeyri-Rusiya vahidlərinı hədəfləyəcək.

Nauert bildirib ki, həm Dövlət Departamenti, həm də Maliyyə Nazirliyi bu qanun barədə “müvafiq Konqres komitələri ilə” əlaqədə olublar və Konqres üzvlərini və işçi heyəti administrasityasnın bu qanunvericilik aktını tətbiq etməsinin gedişi barədə məlumatlandırıblar.

Demokrat senator Ben Cardin-in sözçüsü bildirib ki, senatorun mümkün yeni sanksiyalar barədə bəyanatları “məqsədli şəkildə yayğın” olub, çünki Dövlət Departamentinin təqdim etdiyi informasiya “məxfi” sayılırdı.

Bundan əvvəl, yanvarın 29-da Ağ Evin sözçüsü Sarah Sanders AzadlıqRadiosuna demişdi ki, Maliyyə Nazirliyi ABŞ-ın Rusiya ilə bağlı yeni sanksiyalarının spesifik detalları barədə ictimaiyyətə məlumat verəcək.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, yanvarın 29-da ABŞ administrasiyası Rusiyaya qarşı yeni maliyyə və səyahət sanksiyalarını açıqlamalıdır.

Daha öncə Vaşinqton Rusiyanı Krım və Suriyadakı hərəkətlərinə görə cəzalandırmaq üçün böyük dövlət şirkətlərinə, hökumət agentliklərinə sanksiya qoyurdu. Amma bu gün açıqlanması gözlənən siyahı daha geniş olacaq, daha öncə sanksiyaya düşmüş qurumlarla iş görmüş şirkətləri hədəfləyəcək.

ŞƏXSİ AĞRI

AzadlıqRadiosu-nun müxbiri Mike Eckel yazır ki, Moskva xeyli əsəbi görünür. Rusiyanın nüfuzlu bir qəzetinin yazmasına görə, prezident Vladimir Putin-in yaxın çevrəsindən 300-dək adamın adı siyahıya düşə bilər. Maliyyə qurumları da riski azaltmaqdan ötrü addımlar atırlar.

ABŞ Dövlət Departamentində sanksiyalar üzrə keçmiş baş koordinatoru Daniel Fried AzadlıqRadiosu-na müsahibəsində rusiyalıların bir aydan çoxdur məsələdən vəlvələyə düşdüyünü təsdiqləyib.

*** Buna da bax: 'Kreml oliqarxlarının' sanksiya siyahısı yanvarın 29-dək elan edilməlidir

Vaşinqtonda yaşayan rusiyalı politoloq Andrei Piontkovsky də bu dəyərləndirməylə razıdır. Onun fikrincə, Moskvada bu sarıdan gözləntilər çox zəifdir, “çünki ilk dəfə olaraq, bu, Putin-in yaxın çevrəsini şəxsən ağrıdacaq”.

Yanvarın 29-da açıqlanması gözlənən yeni tədbirlər Konqresin ötən yay imzaladığı qanun layihəsindən qaynaqlanır. Prezident Donald Trump avqustda bu qanunu könülsüz imzalamışdı.

“OLİQARXLARIN SİYAHISI”

Dövlət Departamenti oktyabrda yeni qanunun kimləri hədəfləyəcəyinin ilkin əlaməti kimi Rusiyanın 30-dan çox böyük müdafiə şirkəti və kəşfiyyat agentliyinin adını açıqlayaraq onlarla əməkdaşlıq edən digər şirkətlərin məhdudiyyətlərlə üzləşəcəyini bildirib.

Nəzəri baxımdan, bu o deməkdir ki, daha öncə sanksiyaya məruz qalmış Rusiya dövlət şirkətini təchiz edən şirkətə kredit ayırmış banka sanksiya qoyula bilər. Rosoboronexport dövlət silah ixracatçısı şirkəti, yaxud əfsanəvi Kalashnikov silah istehsalçısı siyahıya salına bilər.

*** Buna da bax: ABŞ Ukraynaya görə Moskva üzərinə yeni sanksiyalar elan edir

Qanunda Xəzinədarlığa göstəriş verilir ki, kəşfiyyat agentlikləri ilə birlikdə Konqresə, birbaşa sanksiyalar qoyula biləcək tanınmış rusiyalıların və onların ailə üzvlərinin siyahısını versin. 241-ci Əlavə adlı bu hissədə oliqarxların “Rusiya rejiminə yaxınlığı və onların sərvətinə uyğun” müəyyənləşdirilməsi nəzərdə tutulur.

Yəni, nəzəri olaraq, yüksəkçinli Rusiya rəsmisinin Birləşmiş Ştatlarda mülkiyyət sahibi olan qızı, yaxud Qərbdə böyük sənaye korporasiyasının rəhbəri sanksiyalarla üzləşə bilər.

Vladimir Putin (solda), baş nazir Dmitry Medvedev və Suriydakı Rusiya qüvvələrinin komandiri Sergei Surovikin
Vladimir Putin (solda), baş nazir Dmitry Medvedev və Suriydakı Rusiya qüvvələrinin komandiri Sergei Surovikin

Artıq bu sanksiya prosesi “oliqarxların siyahısı” adını alıb.

Bu, adamları vuracaq, çünki onların təhlükəsiz olmadığını göstərir; onu göstərir ki, ABŞ bu qəbildən olanları axtarıb tapmaqda qərarlıdır və Putin onları qoruya bilməz... yəni, Putin-in korrupsioner yaxın çevrəsində olanlar fəsadlarla üzləşəcək”, – Fried AzadlıqRadiosu-na deyib.

QADAĞA DƏRHAL GƏLMƏYƏCƏK

Siyahıya salınanlar dərhal maliyyə, yaxud səyahət qadağasıyla üzləşməyəcəklər, amma ekspertlərin fikrincə, bu, tezliklə baş verə biləcəklərə aydın siqnal olacaq və ən əsası, siyahıda olanlara və onlarla biznes quranlara böyük psixoloji təzyiq göstərəcək.

Bəzilərindən ötrü bu, çox şəxsi bir məsələ, bəziləri üçün çox siyasi olacaq. Sual budur: Administrasiyanın göndərdiyi siqnal nədən ibarətdir və Moskvada bu, necə qarşılanacaq?” – bunu isə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Olga Oliker deyir.

Bəzi müşahidəçilər varlı rusiyalıların Vaşinqtonda güclü lobbiçilik kampaniyası apardıqlarını qeyd edirlər. Onlar Konqresi və administrasiya rəsmilərini adlarını siyahıya salmamaq üçün dilə tutmağa çalışıblar.

*** Buna da bax: VTB sədri ABŞ sanksiyalarını iqtisadi müharibəyə bənzədir

Rusiyanın “Kommersant” qəzeti yanvarın 12-də Vaşinqtondakı mənbələrinə istinadla yazıb ki, siyahıya rəsmilər və qohumları daxil olmaqla, 300-dək adam salına bilər.

AzadlıqRadiosu-nun əməkdaşı gözlənən siyahıyla bağlı ABŞ Xəzinədarlığından açıqlama ala bilməyib.

Kreml hələ noyabrdan bəzi önləyici addımlar atıb. “Vedomosti” qəzetinin yazdığına görə, baş nazir Dmitry Medvedev-in imzaladığı sərəncam Rusiyanın dövlət şirkətlərini podratçlarının adlarını açıqlamaq tələbindən azad edib.

“SEÇKİYƏ TƏSİR GÖSTƏRMƏK CƏHDİ”

Moskva inanır ki, ABŞ-dan gözlənən sanksiya siyahısı 18 mart prezident seçkisinə müdaxilə cəhdidir. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyir.

Həqiqətən də inanırıq ki, bu, seçkiyə təsir göstərməkdən ötrü onunla üst-üstə düşən bəzi addımları zamanlamağı hədəfləyən birbaşa və açıq-aşkar cəhddir”, – Peskov yanvarın 29-da jurnalistlərə deyib.

ABŞ kəşfiyyat icması Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı il prezident seçkisinə müdaxilə etməsi qənaətinə gələndən sonra Konqres belə bir siyahını hazırlamaq mandatı verib.

Gözlənən siyahının Rusiya elitasını əndişələndirməsiylə bağlı deyilənlərə gəlincə, Peskov bunları danıb, deyib ki, bu siyahının Rusiyada “seçkiyə heç bir təsir göstərməyəciyinə əminik”.

Siyasi şərhçilər 65 yaşlı Putin-in mandatını möhkəmləndirməkdən ötrü yüksək seçici fəallığına nail olmaq istədiyini bildirir.

Hazırda ABŞ-da xüsusi müşavir Robert Mueller, eləcə də Konqresin üç ayrı-ayrı komitəsi Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini araşdırır. Trump Rusiyayla əməkdaşlığa gedilmədiyini, Rusiya isə müdaxiləylə bağlı deyilənləri təkzib edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG