Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:13

VTB sədri ABŞ sanksiyalarını iqtisadi müharibəyə bənzədir


Andrei Kostin
Andrei Kostin

Rusiyanın VTB bankının rəhbəri Andrei Kostin deyib ki, ABŞ-ın Rusiya vətəndaşlarına şəxsi sanksiyalar tətbiq etməsi institusional sanksiyalardan daha yaxşı olardı.

ABŞ Rusiyaya sanksiyalarını genişləndirə bilər. Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin rəhbəri deyib ki, ölkənin bankirlərinə belə sanksiyaların daha uzun sürməsi «iqtisadi müharibəyə» bərabər olacaq.

«Bunu iqtisadi müharibə adlandırıram, çünki məqsəd Rusiyaya təkcə iqtisadi yox, həm də siyasi təzyiq etməkdir», – dövlətə məxsus «VTB Group»un rəhbəri A.Kostin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu zamanı «Bloomberg» televiziyasına verdiyi müsahibəsində deyib. «Mən şəxsi sanksiyalardan o qədər də narahat deyiləm, onlar sanksiyalar içərisində ən ziyansızı olardı», – deyə o əlavə edib.

***Buna da bax-'Kreml oliqarxlarının' sanksiya siyahısı yanvarın 29-dək elan edilməlidir

Rusiya ABŞ Xəzinədarlığının yanvarın 29-da işıq üzü görəcək hesabatını gözləyir. ABŞ hökumətinin Rusiyadan ayrı-ayrı şəxsləri və şirkətləri hədəfləyən yeni sanksiya tədbirləri hesabata əsaslana bilər. Budəfəki tədbirlər çərçivəsində Rusiya elitası təmsilçilərinin qara siyahıya salınacağı gözlənilir. Bu yeni sanksiyalar Rusiyanın ABŞ-da son prezident seçkilərinə iddia olunan müdaxiləsinə cavab olacaq. Ancaq Rusiya əvvəlki kimi seçkilərə müdaxiləni inkar edir.

Rusiya elitasının qorxusu

Davosda keçirilən 23-cü Dünya İqtisadi Forumuna qatılan A.Kostin Donald Trump-ın çıxışını izləyəcəyini bildirib. O, həmçinin deyib ki, bu çıxışda ABŞ prezidentinin öz antiqlobalist mövqeyini yumşaltdığını eşitməyə ümid edir. Hazırda Vaşinqtonla Moskvanın münasibətləri Soyuq müharibə dövründən bəri ən aşağı səviyyədədir. İki ölkənin münasibətlərinin gərginləşməsinin səbəbləri arasında Suriya və Ukrayna məsələləri, hətta on illərlə tarixi olan silahlara nəzarət sazişləri də var.

V.Putin və A.Kostin
V.Putin və A.Kostin

A.Kostin banklara yeni sanksiyaların Rusiyanın ABŞ-la münasibətlərini daha da gərginləşdirəcəyini deyib.

Mövcud sanksiyalar arasında Rusiyada hökumətlə əlaqəli onlarla şəxsə və dövlət şirkətlərinə qarşı cəza tədbirləri var. Artıq Rusiya elitasının nümayəndələri adlarının qara siyahıya salınmasından ciddi qorxuya düşüblər. Onların bəziləri hətta bu cəzalardan yayınmaq və aşkarlanmış holdinqlərinin ləğvi yönündə səylər göstərməyə başlayıblar.

***Buna da bax-ABŞ-ın gözlənilən yeni sanksiyaları Rusiyanı vahimələndirir

Ötən həftə Rusiya hökuməti bu yaxınlarda milliləşdirilmiş 10 əsas bankı müdafiə sənayesinə kredit ayıran əsas quruma çevirməyə başlayıb. Bununla hökumət «VTB Group» və «Sberbank» Açıq Səhmdar Cəmiyyəti də daxil olmaqla, böyük dövlət banklarının strateji həssas layihələrdəki rolunu məhdudlaşdırmağa çalışır. Bu addımın həmin bankları sanksiyaların yeni mərhələsindən qorumağı hədəflədiyini ehtimal etmək olar.

«Gözləməliyik»

ABŞ 2014-cü ildə Rusiya Ukrayna ərazisi olan Krımı ilhaq edəndən sonra ona sanksiyalar tətbiq edib. Həmin sanksiyalar dövlət bankı olan VTB-dən də yan keçməyib. Bank sanksiyalar üzündən kapitalını artıra bilmir. Yeni sanksiyalarsa bankın ABŞ maliyyə sistemini önləyə və ABŞ-dakı aktivlərini dondura bilər.

«Mümkün sanksiyalar haqda çox az şey bilirik. Ona görə də gələn həftəyədək gözləməliyik. ABŞ Xəzinədarlığı gələn həftə müəyyən tədbirlər və ya müəyyən siyahılar açıqlayacağını deyib», – deyə A.Kostin bildirib.

Krımın ilhaqından sonra qoyulmuş sanksiyalar Rusiyanın dövlət bankı «Sberbank», ölkənin ən iri silah istehsalçılarından biri olan «Rostec», habelə «Gazprom», «Gazprom Neft», «Lukoil», «Surgutneftegaz» kimi iri neft və qaz şirkətlərinə ciddi təsir göstərib.

Sanksiyaların birbaşa təsiri nəticəsində 2015-ci ilin ilk rübündə Rusiyanın ÜDM-sinin artım göstəricisi 2014-cü ilin eyni dövrü ilə müqayisədə -2.2% olub. Sanksiyaların təsiri və neft qiymətlərinin düşməsi rublun ciddi dəyərsizləşməsinə yol açıb. Rusiya öncə rublu dəstəkləmək üçün xarici valyuta ehtiyatlarının bir hissəsini xərcləməli olsa da, sonradan Rusiya Mərkəzi Bankı rublun dəstəklənməsini dayandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG