Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Sarkisian: “Deyirsiz ki, Qarabağ sizə ermənilərsiz lazımdır. Bu, heç vaxt olmayacaq”


Serzh Sarkisian AŞPA-da çıxış edir
Serzh Sarkisian AŞPA-da çıxış edir

Görünür, Azərbaycanda belə bir tendensiya yaranıb – ermənilərdə olanı istəyirlər”, – bunu Ermənistan prezidenti Serzh Sarkisian yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında çıxışında deyib.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, o, Azərbaycanın nümayəndə heyətinin başçısı Səməd Seyidovun Xocalıda Ermənistanın “soyqırımı törətməsiylə” bağlı sualını cavablandırıb.

Əvvəla, sizi sakitləşməyə, daha sonra isə dediklərimi təhrif etməməyə çağırıram. Mən bu tribunadan hərbi lider olduğumu deməmişəm, belə bir şərəfə nail olmamışam, mən Dağlıq Qarabağ xalqının ədalətli mübarizəsinin iştirakçısı olmuşam”, – Sarkisian deyib.

“GENOSİD – YAXŞI BİR ŞEY DEYİL”

Ermənistan prezidenti qeyd edib ki, soyqırımı yaşamaq şərəf deyil. “Genosid – yaxşı bir şey deyil, bu, şərəf deyil, əzabdır. Hesab edirəm ki, Azərbaycanda belə bir tendensiya yaranıb – ermənilərdə olandan onlar da mütləq istəyirlər”, – o, sözlərinə əlavə edib.

*** Buna da bax: Xocalı faciəsi ilə bağlı Bakıda yürüş keçirilir

Sözlərinizdən aydın olur ki, maksimal olanı, mümkünsüz olanı, Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq istəyirsizniz. Təəssüf ki, Azərbaycanda ksenofobiya o qədər artıb ki, indi açıq şəkildə Qarabağı ermənilərsiz istədiyinizi deyirsiniz. Mümkün deyil, bu, heç vaxt olmayacaq”, – Ermənistan prezidenti söyləyib.

“APA” informasiya agentliyi yazır ki, Səməd Seyidov Ermənistan prezidentinin çıxışında dünya ictimaiyyətini aldatdığını bildirib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsi barədə danışmadınız? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürüldü. Niyə etnik təmizləmə barədə danışmadınız? Hazırda siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.

*** Buna da bax: Gözlənilən bir faciənin tarixçəsi… [Video]

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansız divan tutublar. Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib.

XİN SÖZÇÜSÜNÜN CAVABI

S.Sarkisian AŞPA-dakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vaxtının çatdığını vurğulayıb. O, atəşkəs rejiminin qorunmasının, əvvəl əldə olunmuş bütün razılaşmalara əməl etməyin vacibliyini qeyd edib. Ermənistan prezidentinin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə aparılan danışıqlar prosesi münaqişənin həllinin beynəlxalq səviyyədə razılaşdırılmış yeganə yoludur. O, Azərbaycanı münaqişənin həllindən ötrü götürülmüş öhdəliklərin icrasına hazır olmamaqda suçlayıb.

*** Buna da bax: Robert Sekuta: 'ABŞ Qarabağ münaqişənin həllinə ciddi yanaşır'

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevsə “APA” informasiya agentliyinə müsahibəsində bu çıxışa münasibət açıqlayıb. O, deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi, “ədalətin defisiti”, ilk növbədə, Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG