Yunanıstan və Makedoniya liderləri “Makedoniya” adıyla bağlı on illərdir davam edən mübahisənin həllindən ötrü intensiv işlədiklərini bildirirlər.
Yunanıstanın baş naziri Alexis Tsipras deyir ki, məsələnin həllinə “fürsət pəncərəsi” görür. O, yanvarın 11-də Yunanıstanın pravoslav kilsəsini Balkan ölkəsinin bu adı işlətməsinə qarşı güclü müxalifət mövqeyindən çəkinməyə çağırıb. Qeyd edək ki, Yunanıstanın şimalında Makedoniya adlı vilayət var.
“YENİ MAKEDONİYA”
Tsipras Yunanıstanın ERT dövlət televiziyasına deyib ki, razılaşmanın regiondakı bütün ölkələrə fayda verəcəyinə inanır.
Yunanıstanın xarici işlər naziri Nikow Kotzias bu həftə Afinanın şimal qonşusu üçün “Yeni Makedoniya” adını qəbul edə biləcəyini deyib. Onun sözlərinə görə 100 ölkə Balkan ölkəsini Makedoniya kimi tanıyır və Afinanın kompromisə getməkdən savayı alternativi azdır.
Makedoniyanın baş naziri Zoran Zaev də mübahisənin həllinə üstünlük verdiklərini bildirib.
*** Buna da bax: Makedoniya öz adı ilə bağlı mübahisəni çözməyə çalışır
Məhz bu ad məsələsi Makedoniyanın Avropa Birliyi və NATO-ya üzv olmaq yolunda əngələ çevrilib.
Kotzias makedoniyalı həmkarı Nikola Dimitrov-la yanvarın 11-də Yunanıstanın Salonikiliman şəhərində görüşüb.
Yunanıstanın xarici işlər nazirliyi görüşdən sonra bildirib ki, tərəflər müzakirələri yanvarın 17-də davam etdirəcəklər, Nyu Yorkda BMT qərargahında BMT-nin Makedoniya məsələsi üzrə xüsusi elçisi Matthew Nimetz-lə görüşəcəklər.
“İNAM YARANIB”
Afinadakı diplomatların yanvarın 11-də deməsinə görə, BMT təmsilçisi kompromis variant kimi “Yeni Makedoniya” adını təklif edə bilər.
“Uzun müddətdir davam edən mübahisə üzündən hər iki ölkədə ümumi bir yorğunluq hissi var. Məncə, vacib olan odur ki, biz ölkələr arasında inamın yaradılmasına ciddi uğur əldə etmişik və bu, sonucda mübahisənin həllinə gətirəcək”, – Makedoniya baş nazirinin müavini Bujar Osmani “Associated Press” agentliyinə deyib.
Keçmiş Yuqoslaviya 1991-ci ildə parçalanandan Afinayla Skopye Makedoniya adıyla bağlı mübahisə edir. Yunanıstan da bu səbəbdən Makedoniyanın AB və NATO-ya üzvlük cəhdlərini əngəlləyir.
Yunan millətçiləri iddia edirlər ki, Makedoniya Yunanıstan tarixi və mədəniyyətinin vacib hissəsidir və bunu şimal qonşunun ələ keçirməsinə imkan vermək olmaz. Yunan pravoslav kilsəsi, millətçi partiyalar və ölkənin şimal sakinləri “Makedoniya” sözünün daxil olduğu hər hansı kompromisə qarşı çıxırlar, bu ayın sonuna ölkənin şimalında yürüşlər keçirməyi planlaşdırırlar.
Yunanıstan və AB kiçik Balkan ölkəsini Makedoniya Yuqoslav Respublikası şərti adıyla tanıyır, BMT də onu bu adla qəbul edib.
Skopye isə bu adın daimi qalmayacağında israrlıdır.