Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Nüvə sazişini necə qorumağı götür-qoy edəcəklər


Javad Zarif (sağda) və Abbas Araghchi, arxiv fotosu
Javad Zarif (sağda) və Abbas Araghchi, arxiv fotosu

Yanvarın 10-da Avropa Birliyi və İranın xarici işlər nazirləri Brüsseldə görüşəcək. Onların İranın 2015-ci ildə dünya gücləri ilə bağladığı nüvə sazişinin qorunmasına fokuslanacaqları gözlənir. Bu sazişə Birləşmiş Ştatlar tərəfindən təhdid yaranıb.

Görüş haqda yanvarın 8-də verilən açıqlamadan öncə İran xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar sazişdən çıxa bilər.

ETİRAZLARDAN YOX, SAZİŞDƏN DANIŞACAQLAR

İranın IRIB dövlət televiziyası xarici işlər naziri Mohammad Javad Zarif-ə istinadla bildirib ki, “ABŞ-ın dağıdıcı siyasətini” nəzərə alaraq, Brüsseldəki danışıqlarda son 2 həftənin antihökumət etirazları deyil, nüvə sazişi müzakirə olunacaq.

*** Buna da bax: Ağ Ev və Konqres İran nüvə sazişi qanununa dəyişikliyi müzakirə edirlər

İrandakı etirazlarda azı 22 nəfər həlak olub, yüzlərlə saxlanan var.

Avropa liderləri İranı etirazçılara qarşı zorakılıqdan çəkinməyə, onların hökumətdən narazılığı dilə gətirmək hüquqlarını təmin etməyə çağırmışdı. Ancaq Zarif-in sözlərinə görə, Brüsseldə etirazların müzakirə olunacağı barədə məlumatlar “əsassızdır”.

AB-dən yanvarın 8-də gələn açıqlamada da bildirilir ki, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ilə görüşdə əsas müzakirə mövzusu nüvə sazişi olacaq.

Bu görüşün keçirildiyi bir ərəfədə ABŞ prezidenti Donald Trump-ın İranın sazişə əməl etməsinə zəmanət verməsi üçün daha bir rüblük tarix sona çatır.

Trump oktyabrda İranın sazişi yerinə yetirdiyini təsdiqləməkdən imtina etdi. Amma indiyədək Birləşmiş Ştatlar sazişdən çıxmağa cəhd göstərməyib.

AB LOBBİÇİLİK EDİR

Saziş sanksiyaların yüngülləşdirilməsi əvəzində Tehrandan nüvə fəaliyyətini məhdudlaşdırmağı tələb edirdi.

*** Buna da bax: ABŞ İranın 5 şirkətinə sanksiyalar qoyur

AB bu sazişin əldə olunmasında böyük rol oynayıb və Trump-ın dirənişinə baxmayaraq onu dəstəkləyir. AB liderləri Trump administrasiyası və konqresmenlərin sazişdən çıxmaqla bağlı addım atmamasından ötrü lobbiçilik edirlər.

Amma İran xarici işlər nazirinin müavini Abbas Araghch yanvarın 8-də deyib ki, “beynəlxalq ictimaiyyət ABŞ-ın sazişdən çıxmaq ehtimalına hazır olmalıdır”.

“İranda belə bir ssenariyə hazırıq. Beynəlxalq ictimaiyyət və regionumuz bundan daha çox itirəcək, çünki beynəlxalq arenada uğurlu bir təcrübə əldən çıxacaq”, – o, Tehranda təhlükəsizlik konfransında deyib.

Yanvarın 8-də ABŞ-dan 52 milli təhlükəsizlik eksperti, istefada olan zabitlər, konqres üzvləri, keçmiş səfirlər Trump-a məktub imzalayaraq onu nüvə sazişinə təhlükə yaradacaq heç nə etməməyə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG