Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:21

Ağ Ev və Konqres İran nüvə sazişi qanununa dəyişikliyi müzakirə edirlər


ABŞ dövlət katibi Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson yanvarın 5-də Associated Press agentliyinə müsahibəsində deyib ki, Birləşmiş Ştatların 2015-ci ilin nüvə sazişində iştirakını tənzimləyən ABŞ qanununa dəyişiklik artıq gələn həftə edilə bilər.

AP və Reuters xəbər verirlər ki, Ağ Ev bu qanunvericilik aktı üzərində Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker və komitənin üzvü senator Ben Cardin-lə birgə işləyir.

Bu iki millət vəkili qanunu ötən həftə Ağ Evdə milli təhlükəsizlik müşaviri H.R. McMaster-lə müzakirə ediblər.

Prezident Donald Trump-ın bu qanun barədə qəti qərar çıxarması üçün ona verilmiş möhlət də daralır.

İranla nüvə sazişini sərt tənqid etməsinə baxmayaraq Trump ABŞ-ı, İranın üzərindən beynəlxalq sanksiyaları qaldıran bu sazişdən çıxarmayıb.

AP və Reuters bildirirlər ki, qanunvericilik dəyişikliyi, çox güman, prezidenti hər 90 gündən bir İranın sazişə əməl edib-etməməsinin təsdiqi kimi xoşagəlməz prosedurdan xilas edəcək.

Trump administrasiyası İranın sazişə əməl etməsini ötən il iki dəfə təsdiqləyib, lakin oktyabr ayında Trump İranın ballistik raket proqramına görə bunu etməkdən boyun qaçırıb.

Buna baxmayaraq Trump İranın neft sektoru üzərindən sanksiyaları qaldıran müddəanın vaxtını üç aylıq uzadıb və son qərarın qəbulunu Konqresə həvalə edib.

Trump-ın köməkçiləri bildirirlər ki, prezident hər üç aydan bir İrana “xeyir-dua” verməkdən xoşlanmır. Növbəti “xeyir-duanın” vaxtına isə bir həftədən də az qalır. Tillerson-un AP-yə dediyinə görə prezident bu barədə hələlik qərar qəbul etməyib.

Tillerson deyib ki, administrasiya bu qanunvericilik aktının “qaydaya salınması” üçün Konqreslə fəal əməkdaşlıq edir.

O işarə edib ki, əgər Konqresdən qanunvericilik dəyişikliyinin qəbuluna dair təminat olarsa, Trump İran üzərindəki sanksiyaların qaldırılmasının uzadılmasına yanvarın 12-də sərəncam verə bilər.

Lakin Tillerson etiraf edib ki, bu dəyişikliklərin Konqresdən keçirilməsi çətin ola bilər və “mən finiş xəttinə çatdığımızı hələ ki deyə bilmirəm”.

Dövlət katibi deyib ki, prezident bu qanunun ya “qaydaya salınmasını”, ya da birdəfəlik ləğvini istəyir.

AP xəbər verir ki, bu qanunda İran üzərinə nüvə sazişində olduğundan daha artıq məhdudlaşdırmaların qoyulacağı ağlabatan deyil. Lakin Reuters yazır ki, dəyişikliklərdən biri də İran üzərinə sanksiyaların təkrar qoyulmasına imkan verən müddəa ola bilər.

Tillerson bunu da bildirib ki, daha sonra İranla nüvə sazişini imzalamış Avropa müttəfiqləri ilə bu sənədin qüsurlarına dair müzakirələr aparıla bilər. Onun fikrincə, belə qüsurlardan biri də İranın raket proqramına heç bir məhdudiyyətin olmamasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG