Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

ABŞ İranın 5 şirkətinə sanksiyalar qoyur


ABŞ-ın maliyyə naziri Steven Mnuchin İran şirkətlərinə qarşpı yeni sanksiyaları elan edib
ABŞ-ın maliyyə naziri Steven Mnuchin İran şirkətlərinə qarşpı yeni sanksiyaları elan edib

Birləşmiş Ştatlar Vaşinqtonun dediyinə görə Tehranın qanunsuz ballistik raket proqramında iştirakı olan 5 İran şirkəti üzərinə sanksiyalar elan edib.

ABŞ maliyyə naziri Steven Mnuchin yanvarın 4-də deyib ki, “sanksiyalar İranın ballistik raket proqramında iştirakı olan 5 vahidi hədəfləyir”.

Nazir bunu da əlavə edib ki, “İran rejimi bu proqrama öz xalqının rifahından daha böyük üstünlük verir”.

Bu beş şirkət İranın artıq ABŞ sanksiyaları altında olan Şəhid Bakeri Sənaye Qrupuna daxildir.

Dekabrın 14-də Vaşinqtonda keçirilmiş mətbuat konfransında ABŞ-ın BMT-dəki səfiri Nikki Haley, özünün dediyinə görə, İranın BMT sanksiyalarını pozaraq Yəməndəki huti qiyamçılarını dəstəklədiyini göstərən sübutları nümayiş etdirmişdi.

O qiymaçıların Səudiyyə Ərəbistanına atdığı raketin bir fraqmentini göstərmiş və demişdi ki, bu fraqmentin üzərində SBİG (Şəhid Bakeri Sənaye Qrupu) emblemi var.

Aktivlərin dondurulması

Yeni sanksiyalara görə bu şirkətlərin ABŞ yurisdiksiyasındakı bütün aktivləri dondurulur və ABŞ vətəndaşlarına bu şirkətlərlə hər hansı biznes qadağan olunur.

BMT-nin tarixi 2015-ci il nüvə sazişi ilə bağlı qəbul etdiyi qətnaməsinə əsasən Tehran Təhlükəsizlik Şurasının icazəsi olmadan silahların təchizatını, satışını və ya transferini həyata keçirə bilməz.

Ayrıca BMT qətnaməsi Yəməndəki huti qiyamçılarına hər hansı silahların verilməsini qadağan edir.

Sanksiyalar İrandakı antihökumət etirazları ilə birbaşa bağlı olmasa da, Mnuchin deyib ki, İran hakimiyyəti qadağan olunmuş silahlardansa, öz xalqının rifahı naminə daha çox pul xərcləməlidir.

İrandakı etirazlar dekabrın 28-də, ölkənin ikinci böyük şəhəri Məşhəddə əvvəlcə bahalıq əleyhinə aksiya kimi başlanmışdı, lakin sonradan bu etirazlarda korrupsiyaya qarşı və azadlıq tələb edən şüarlar səslənmışdi.

ABŞ naziri deyib ki, “İran xalqının iztirab çəkdiyi bir vaxtda, onların hökuməti və İslam İnqilabı Keşikçiləri Qvardiyası xarici terrorçu qrupları maliyyələşdirir”.

Sərt tənqid

Prezident Donald Trump və Dövlət Departamenti İran hökumətini etirazçıların üzərinə hücumlarda ittiham edərək Tehranı əlavə sanksiyalarla hədələyib.

İran rəsmiləri ölkədəki həyəcanları nəzarət altına aldıqlarını iddia edirlər. İranın dövlət televiziyaları yanvarın 4-də İran şəhərlərində keçirilmiş hökumətə dəstək yürüşlərini göstərib. Lakin İrandan alınan xəbərləri müstəqil mənbələrlə yoxlamaq mümkün deyil.

Yanvarın 4-də ABŞ Dövlət Departamenti habelə daha üç fərdin əl-Qaeda ilə əlaqələrinə görə qlobal terrorçu siyahısına əlavə edildiklərini bəyan edib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Muhammad al-Ghazali, Abukar Ali Adan və Wanas al-Faqih Ərəb yarımadasındakı əl-Qaeda (AQAP), Əş-Şəbab və İslamçı Məqrib (AQIM) qruplaşmaları ilə bağlara malikdirlər.

Əlavə olaraq bildirilir ki, Ghazali AQAP qrupunun başçılarındandır və qrup əməliyyatçılarının təlimi ilə məşğuldur.

Ali Adan isə Afrikada fəaliyyət göstərən əş-Şəbab qrupunda başçının müavinidir. Bu da bildirilir ki, Faqih 2015-ci ilin martında Tunisin Bardo muzeyində azı 20 nəfərin həyatına son qoymuş terror hücumun arxasında olan AQIM-ə bağlıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG