Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 23:37

S.Seyidov AŞPA-ya aparılmayanlardan danışıb


Səməd Seyidov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin təşkilatın yanvar sessiyasına yenilənən tərkibdə gedəcəyi təsdiqlənib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu barədə danışıb.

Bu haqda Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir.

S.Seyidov vurğulayıb ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar:

«Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir. Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil edilib».

S.Seyidov nümayəndə heyətindən çıxarılan deputatların fəaliyyətsiz qalmayacağını ifadə edib.

«Keçmiş üzvlər - Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər», - o qeyd edib.

E.Süleymanov, M.Məmmədov və E.Musayev Azərbaycanın AŞPA-da nümayəndə heyətindən çıxarılıb. Onların yerinə Demokratik İslahatlar Partiyasının sədri A.Mollazadə, bitərəf Ü.Ağayeva və E.Həsənovun təyin edilib.

Hazırda nümayəndə heyəti bu üç nəfərdən başqa, S.Seyidovdan (sədr), Qənirə Paşayevadan, Fazil Mustafadan, Sabir Hacıyevdən, Sahibə Qafarovadan, Sevinc Fətəliyevadan, Rəfael Hüseynovdan, Rövşən Rzayevdən və Vüsal Hüseynovdan ibarətdir.

Bu günədək AŞPA nümayəndə heyətinin tərkibində dəyişikliklərin səbəbləri barədə rəsmi açıqlama yox idi.

Ancaq bir müddət öncə heyətdən çıxarılan E.Süleymanovla M.Məmmədovun adı yerli və xarici KİV-lərdə AŞPA təmsilçilərinə rüşvət verməkdə hallanırdı. Azərbaycanın AŞPA-dakı təmsilçiləri bu iddiaları qəbul etmirdilər.

Xatırlatma

Son aylar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı Avropa Şurası ilə Azərbaycan arasında müəyyən gərginlik yaşandığı bildirilir. Hətta bu məsələlərə toxunan prezident İlham Əliyev demişdi ki, Azərbaycan Avropa Şurasını tərk etsə belə, heç kəs buna əhəmiyyət verməyəcək.

«İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik», – deyə prezident qeyd edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG