Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Almaniyada mümkün koalisiya partiyaları yola getmirlər


A.Merkel potensial koalisiya partiyaları ilə danışıqlarda.
A.Merkel potensial koalisiya partiyaları ilə danışıqlarda.

Almaniyada koalisiya yaradacaq partiyaların fikri ayrılıqları yenə kəskinliklə ortaya çıxıb. Yanvarın 2-də kansler Angela Merkel-in mühafizəkarları ilə Sosial Demokratlar (SPD) miqrasiya və vergilərin azaldılmasıyla bağlı söz savaşı aparıblar. “Reuters” agentliyi yazır ki, bu partiyaların son dörd ildə Almaniyanı idarə etmiş “böyük koalisiya”nı yarada bilib-bilməyəcəyi sarıdan suallar çoxalır.

Seçkilərdən üç ay keçməsinə baxmayaraq hökumət qura bilməmiş Merkel təzyiq altındadır və dördüncü müddətə vəzifədə qalmaqdan ötrü sol mərkəzçi SPD-ni hökumətə gətirməyə çalışır.

AZLIQ HÖKUMƏTİ, YA DA YENİ SEÇKİ

Partiya liderləri yanvarın 3-də ilkin görüş keçirməlidirlər, ilkin danışıqlar isə 7-12 yanvar tarixlərinə planlaşdırılır.

Amma getdikcə daha çox siyasətçi Merkel-in ya azlıq hökumətiylə idarə etməli, ya da yeni seçki keçirməli olacağını deyir.

*** Buna da bax: Almaniyada SPD koalisiya danışıqlarını dəstəkləyir

SPD-in sədr müavini Thorsten Schaefer-Guembel deyib ki, bəzi mühafizəkarların son bəyanatları “istənilən formada hökumət formalaşdırmağa ziddir” və bu bəyanatlar mühafizəkarların birgə idarə etmək istəyinə dair şübhələr oyadır.

O, yeni koalisiya razılaşmasının müəyyənlikdən uzaq olduğunu, danışıqlarda yetərli inamın yaranacağının aydın görünmədiyini dilə gətirib.

Azlıq hökuməti bir variant olaraq qalır, hətta kansler Angela Merkel bunu etiraf etmək istəməsə belə”, – o, “Passauer Neue Presse” qəzetinə müsahibəsində deyib.

Schaefer-Guembel bəzi mühafizəkarların yüksək gəlirli şəxslər üçün vergilərin azaldılması təklifini “absurd” adlandırıb.

BAHALI KOALİSİYA

Mühafizəkarlar və SPD səhiyyə, immiqrasiya, Avropa, iş qaydaları və pensiyalarla bağlı da fərqli fikirdədirlər.

Uzaq perspektivdə böyük koalisiya azlıq hökumətindən daha baha başa gələcək”, – Merkel-in Xristian Demokratlar (CDU) partiyasının nüfuzlu iqtisadi şurasının baş katibi Wolfgang Steiger “Augsburger Allgemeine” qəzetinə deyib.

SPD əvvəlcə müxalifətdə qalmaq istədiyini deyirdi, ancaq sonradan mühafizəkarlarla koalisiyanın mümkünlüyünü nəzərdən keçirməyə razılaşıb. Partiya bunu ölkənin siyasi sabitliyi naminə etdiyini bildirib. Çünki noyabrda Merkel-in daha iki kiçik partiyayla koalisiya danışıqları alınmayıb.

*** Buna da bax: Deputatın müsəlmanlarla bağlı yazdıqları araşdırılır

Ekspertlərin fikrincə, yeni seçki keçirilərsə, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının mövqeləri güclənər. Bu partiya ilk dəfə olaraq sentyabr seçkisində parlamentə düşüb.

Merkel-sə hesab edir ki, yeni koalisiya azlıq hökumətindən daha böyük sabitlik deməkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG