Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

Deputatın müsəlmanlarla bağlı yazdıqları araşdırılır


Beatrix von Storch Almaniya Bundestaqında. Onun əlində tutduğu çantanın üzərindəki yazı: «AfD? Sağçı təbliğatı atmaq üçün ən uyğun yer».
Beatrix von Storch Almaniya Bundestaqında. Onun əlində tutduğu çantanın üzərindəki yazı: «AfD? Sağçı təbliğatı atmaq üçün ən uyğun yer».

Almaniyada ifrat sağçı millət vəkilinin müsəlmanlara nifrət dolu sosial media paylaşımları araşdırılır. Bunu «The Guardian» yazır.

AfD («Almaniya üçün Alternativ») partiyasının sədr müavini Beatrix von Storch nifrət yaymaqda ittiham oluna bilər. Onun Twitter və Facebook sosial şəbəkələrinə girişi müvəqqəti yasaqlanıb.

Almaniya polisi Yeni il ərəfəsində sosial mediada müsəlmanları hədəfləyən, nifrət toxumu səpən paylaşımlar etdiyinə görə Bundestaqının ifrat sağçı üzvü ilə bağlı araşdırmaya başlayıb.

Polisin saytında ərəbcə tvit paylaşılıb

Bazar ertəsi günü ifrat sağçı «Almaniya üçün Alternativ» partiyasının sədr müavini Beatrix von Storch-un Twitter hesabı müvəqqəti bağlanıb. Ancaq sonradan o, yenidən saytda paylaşımlar etməyə başlayıb.

Von Storch Köln polisini «barbar, qrup zorlamaları törədən müsəlman kişi sürüləri»ni əzizləməkdə suçlayıb. Görünür, Yeni il ərəfəsində Köln polisinin öz Twitter hesabında ingilis, fransız və alman dillərindən başqa həm də ərəb dilində mesaj paylaşması millət vəkilinin qəzəbinə yol açıb.

«Bu ölkədə nə baş verir? Polisin rəsmi saytı niyə ərəbcə tvit paylaşır?», – deyə o yazıb.

AfD lideri Alice Weidel öz silahdaşını dəstəkləyib. O, həm polisi, həm də sosial media saytlarını tənqid edib.

Almaniya parlamentində millətçilər də mandata sahib olur
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

«İlimiz senzura qanunu və hökumətimizin idxal edilmiş, quldur, təcavüzkar, adamları döyən və bıçaqlayan miqrant dəstələri qarşısında təslim olması ilə başlayır. Daha alman polisi ərəbcə ünsiyyətə girir, baxmayaraq ki, ölkəmizin dili alman dilidir», – deyə o, Facebook-da yazıb.

Beatrix Von Storch cinayət sayılan nifrət yaymaqda ittiham ediləcəkmi? Almaniya polisi, hələlik, bununla bağlı qərar verməyib.

Sözügedən paylaşıma görə millət vəkilinin Twitter hesabı 12 saatlığına bağlanıb. Belə ki, paylaşımın məzmunu saytın qaydalarına da zidd olub. Sonradan sosial mediaya yenidən qayıdan Von Storch alman dilində bu postu paylaşıb: «İndi Facebook da məni senzuraya məruz qoyub. Bu, konstitusion dövlətin sonudur».

50 milyon avro cərimə

Almaniya nifrət yayan nitqlərlə bağlı sərt qanunlar tətbiq edib. Bu qanunlara görə, sosial media şirkətləri «açıq-aşkar qanunsuz» nifrət mesajlarını və bu qəbildən olan başqa paylaşımları xüsusi bildirişdən sonrakı 24 saat ərzində pozmasalar, 50 milyon avroyadək (60.3 milyon dollar) cərimə cəzası ilə üzləşə bilərlər.

Bu ilin iyununda, Von Storch Facebook-da «Almaniya sərhədini keçməyə çalışan qadın və uşaqlara qarşı odlu silahlardan istifadə olunmalıdırmı» sualına «hə» cavabı verib. Babası Hitler-in maliyyə naziri olmuş Beatrix Von Storch sonradan bunun səhv olduğunu, kompüterin siçanının sürüşdüyünü deyib.

Sentyabrda Britaniya Müstəqillik Partiyasının (Ukip) keçmiş lideri Nigel Farage AfD-nin seçki kampaniyasının başlanmasını elan edib. Bu zaman Farage kansler Angela Merkel-in 2015-ci ildəki qaçqın böhranının pik vaxtı Almaniyanın sərhədlərini açıq saxlamaq haqda qərarını «müasir siyasət tarixində hər hansı liderin verdiyi ən pis qərar» adlandırmışdı.

2016-cı ildə Kölndə Yeni il şənlikləri zamanı çox sayda qadın kişilərdən ibarət iri qruplar tərəfindən cinsi təcavüzə məruz qalmış və soyulmuşdu. Sonradan polis şübhəli şəxslərin, əsasən, Şimali Afrika mənşəli olduğunu və Almaniyaya bu yaxınlarda köçdüklərini bildirmişdi.

Builki Yeni il tədbirləri zamanı Berlində «yalnız qadınlar üçün» nəzərdə tutulmuş yerlər hazırlanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG