Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:40

Vasif Talıbovla Binəli Yıldırım görüşüb


Binəli Yıldırım

Dekabrın 20-si axşam saatlarında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Türkiyə baş naziri Binəli Yıldırım arasında görüş olub.

AZƏRTAC-ın xəbərinə görə, V.Talıbov Naxçıvan Muxtar Respublikasının yaranmasına səbəb olan Qars müqaviləsi (Türkiyə və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında 1921-ci ildə imzalanıb), tarixi, ərazi və inzibati bölgüsü barədə qonağa bilgi verib.

«Naxçıvanda 1200-dən çox türk-İslam mədəniyyəti abidəsi var. Beş min illik şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib», - Ali Məclis sədri əlavə edib.

V.Talıbov Azərbaycan və Türkiyə münasibətlərinin indi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Naxçıvan və Türkiyə iqtisadi əlaqələrinə də toxunub.

«Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyənin payı ötən il ilə müqayisədə bu ilin 11 ayında 2 milyon dollar artaraq 7 milyon 685 min dollar təşkil edib. Türkiyəyə məhsul ixracında Naxçıvan müəssisələrinə sərbəst ticarət imkanı verilməsi də xarici ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətlidir», - deyə V.Talıbov bildirib.

B.Yıldırım da vurğulayıb ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib. Onun fikrincə, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu bu əlaqələrin inkişafında xüsusi yer tutur.

«Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir», - B.Yıldırım deyib.

Görüşdə İqdır və Naxçıvan hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.

B.Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibindədir. Ancaq Azərbaycanın başqa bölgələri ilə yox, məhz Türkiyə ilə quru sərhədləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG