Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:42

Avropanın separatçı bölgələri – kimlər müstəqillik istəyir


Kataloniya lideri Carles Puigdemont Brüsseldə keçirilən müstəqillik aksiyasında, 7 dekabr, 2017-ci il
Kataloniya lideri Carles Puigdemont Brüsseldə keçirilən müstəqillik aksiyasında, 7 dekabr, 2017-ci il

İspaniyanın Kataloniya regionunun separatçıları müstəqillik istəyir və bir neçə aylıq siyasi çaxnaşmadan sonra dekabrın 21-nə yeni seçki təyin olunub.

Avropa Birliyi bu məsələdə Madrid hökumətinin tərəfini tutub və müstəqilliyi rədd edib. “The New York Times” qəzetində Milan Schreuer yazır ki, bunun bir əsas səbəbi var: Avropanın bir sıra yerlərində oxşar millətçi hərəkatlar mövcuddur və niyyətlərinə çatarlarsa, bu, blokda sabitsizlik yaradar.

Avropa Birliyi 28 üzv ölkəsində 276 separatçı regionun olduğunu bildirir. Kataloniya və Şotlandiya kimi bəzi regionların Brüsseldə təmsilçilikləri də var. Avropa Parlamentində regional partiyaların “European Free Alliance” koalisiyası yerlərin 2 faizini tutub.

*** Buna da bax: Puçdemon seçki kampaniyasına başladı

KATALONİYA, BASKLAR, ŞOTLANDİYA VƏ FİLANDRİYA

276 regiondan bəziləri müstəqillik, yaxud daha böyük muxtariyyət tələb edir.

Onların içində İspaniyanın Kataloniya bölgəsi diqqət çəkir. Bu il oktyabrın 1-də müstəqillik referendumu keçirildi, oktyabrın 27-də müstəqillik elan olunsa da, mərkəzi hökumət regiona administrativ nəzarəti ələ aldı.

İspaniya və Fransa ərazisindəki baskların da öz tarixləri, mədəniyyət və dilləri mövcuddur. Region həm Fransa, həm də İspaniya ərazisində yerləşsə də, basklar daha çox İspaniya torpağında müstəqilliyə can atıblar. 2004-vü ildə Bask regional parlamenti muxtariyyət statusuyla bağlı yeni plan təsdiqləsə də, İspaniya deputatları bunu rədd edib.

1707-ci ildə Britaniyanı formalaşdırmaqdan ötrü İngiltərəyə qoşulan Şotlandiya on illər boyunca fəal müstəqillik hərəkatı aparıb. 1999-cu ildə yaradılmış Şotlandiya parlamentinin səlahiyyətləri məhduddur. Ötən il Avropa Birliyindən çıxmaq tərəfdarı olanların üstünlük qazandığı Brexit referendumunda şotlandlar qurumda qalmağa səs veriblər.

Filandriya (Flamandiya) Belçika federasiyasını təşkil edən üç regiondan biridir, ölkənin 11 milyonluq əhalisi burada yaşayır və ölkə ÜDM-sinin yarısına qədərini verir.

*** Buna da bax: Kataloniya səsverməsində Rusiya izi axtarırlar

Flamandiyada müstəqillik hərəkatı 19-cu əsrin sonunda yaranıb və 2-ci dünya müharibəsindən sonra vüsət alıb. 1970-ci ildən bu yana region muxtariyyət yönündə irəliləyib, bu gün parlamenti və hökuməti var.

FRANSA VƏ İTALİYADA SEPARATÇI BÖLGƏLƏR

Aralıq dənizində dağlıq Korsika adası Fransanın 18 regionundan biridir, sakinləri Fransanın 67 milyonluq əhalisinin 0,5 faizini təşkil edir. Adanın əsas iqtisadi fəaliyyəti turizm və yerli ticarətdir.

Korsika İtaliyaya yaxın olduğundan italyan mədəniyyətinin ona təsiri güclüdür.

Hazırda Korsika millətçi hərəkatı iki partiyayla təmsil olunur. 2015-ci ilin seçkilərində hər iki partiyanın olduğu koalisiya səslərin 36,9 faizini qazanıb. Dekabrın 10-da ərazi seçkisinin ikinci raundunda Korsika millətçiləri səslərin 56,5 faizini əldə edərək Parisdən daha güclü muxtariyyət əldə etmək yönündə çağırışlarını artırıblar.

İtaliyanın Lombardi regionunun isə 10 milyondan çox əhalisi var, paytaxt Milanla birlikdə ölkənin maliyyə və dəb mərkəzi sayılır. The Pro Lombardia Indipendenza hərəkatı regionun yeganə fəal separatçı qrupudur, beş bələdiyyədə yer alıb, Avropa Parlamentindəki “European Free Alliance” koalisiyasında təmsil olunur.

İtaliyanın daha bir separatçı bölgəsi Venetodur. Bu regionun saysız millətçi hərəkatları müstəqillik olmasa da, daha geniş muxtariyyət istəyirlər. 2010-cu ildən regionu Şimal Liqası idarə edir.

*** Buna da bax: İspaniyada 81% hökumətə inanmır

Bəs Avropadakı separatçı hərəkatlardan heç niyyətinə çatan olubmu?

Müəllif bir zorakı, bir də dinc nümunəni yada salır.

Sovet İttifaqının dağılmasıyla Yuqoslaviya parçalandı, Bosniya və Kosovo münaqişələrinə NATO və BMT müdaxilə etməli oldu. Hazırda keçmiş Yuqoslaviya ərazisində yeddi ölkə var. Onlardan Kosovonun müstəqilliyini İspaniya daxil olmaqla, AB-nin beş ölkəsi tanımır.

Dinc örnəksə Çexoslovakiyanın 1993-cü ildə “məxməri ayrılma” yoluyla parçalanmasıdır. İki varis ölkə – Çexiya Respublikası və Slovakiya Avropa Birliyinə üzv olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG