Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:15

İspaniyada 81% hökumətə inanmır


Barselonada etiraz aksiyası, arxiv fotosu

Kataloniya oktyabrın 27-də İspaniyadan ayrıldığını bəyan etdi. Bu hadisə ölkə üçün çətin dönəmə düşdü. İspaniyada milli hökumətə inamsızlıq var, demokratiyanın durumundan narazılıq hökm sürür.

Kataloniya sakinləri isə bu məsələlərdə digər regionlarında yaşayanlardan daha neqativ mövqe tuturlar. Bunu “Pew” araşdırma mərkəzi mart-aprel aylarında keçirdiyi sorğunun təhlilinə əsasən bildirir.

*** Buna da bax: Puigdemont azadlığa buraxılıb

81 FAİZ HÖKUMƏTDƏN NARAZIDIR

Sorğuya inansaq, İspaniya ictimaiyyətinin əksəriyyəti (81%) milli hökumətə, onun ölkədən ötrü gərəkəni edəcəyinə inanmır. Kataloniyada bu rəqəm 91%-dir, 53%-sə Madridə heç inanmadığını bildirib.

İspaniyanın digər regionlarında 79% hökumətə inanmır, yalnız hər 10 nəfərdən dördü ona inamsızlığını dilə gətirib.

İspanlar demokratiyadan da yarımadıqlarını düşünürlər. 74% deyib ki, ölkədə demokratiyanın işləməsindən narazıdır. Katalonlar arasında bu göstərici 81%-dir, 41%-sə heç məmnun olmadığını söyləyib. Ölkənin digər regionlarında yaşayanların 73%-i demokratiyanın durumundan razı olmadığını, 28% heç bəyənmədiyini vurğulayıb.

BİRBAŞA DEMOKRATİYA VƏ İQTİSADİYYAT

Kataloniyadakı müstəqillik referendumu ziddiyyət doğursa da, İspaniya ictimaiyyəti ümumilikdə, birbaşa demokratiya məsələsinə müsbət yanaşır. Rəyi soruşulanların 75 faizi inanır ki, seçilmiş rəsmilərin deyil, vətəndaşların əsas məsələlərdə birbaşa səs verməsi, nəyin qanuna çevrilməsini qərarlaşdırması ölkəni idarə etməyin yaxşı yoludur. Kataloniyadan kənarda yaşayanlar bu məsələdə separatçı bölgədəki həmvətənləriylə razıdırlar – bu göstəricilər uyğun olaraq 74 və 79%-dir.

*** Buna da bax: Kataloniyanın keçmiş lideri Belçikadan hüquqi dəstək istəyib

Katalonlar və İspaniyanın digər əhalisi ölkə iqtisadiyyatının yaxşı durumda olmaması fikrini paylaşırlar. İspaniyada 71%, Kataloniyada respondentlərin üçdə ikisi bu fikirdədir.

Kataloniyada işsizlik ölkənin qalan yerlərinə baxanda aşağıdır – 13,2%-dir, İspaniya üzrə bu göstərici 17,2 faizdir. Ancaq məsələ bundadır ki, katalonlar 10 milyard avro vergi ödədikləri halda, hökumət bu bölgəyə daha az məbləğ ayırır. Bu, Kataloniyanın mərkəzi hökumətlə münasibətində uzun müddət mübahisə mövzusu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG