Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

TAP-a 1,5 milyard avro ayrılacağı gözlənir, opponentlər narazıdır


TANAP-TAP xəritəsi
TANAP-TAP xəritəsi

Avropa İnvestisiya Bankının (EIB) Azərbaycandan Avropanın qərbinə çəkiləcək qaz kəmərinə 1,5 milyard avroluq (1,3 milyard funt-sterlinq) kredit ayıracağı gözlənir. Həmin gün – dekabrın 12-də Fransa prezidenti Emmanuel Macron Parisdə iqlim dəyişikliyi sammiti keçirməyə hazırlaşır və bank artıq indidən tənqid atəşinə tutulub.

Kampaniyaçıların fikrincə, çərşənbə axşamı ən böyük kreditlərindən birini ayıracağı və bununla da Trans-Adriatik Kəmərini (TAP) dəstəkləyəcəyi gözlənən EIB Avropa Birliyinin (AB) iqlim dəyişiklikləri öhdəliklərinə qarşı çıxmış olur. Bunu “The Guardian” qəzetində Adam Vaughan yazır.

AB-nin iqlim və enerji məsələləri üzrə rəsmiləri bankı krediti ayırmağa çağırıb, çünki layihəni dəstəkləyənlərə “təhlükəsiz adekvat maliyyə” lazımdır, intensiv kapitalın gərəkdiyi tikinti mərhələsinə daxil olurlar.

“BANK BU DƏHLİZİ DƏSTƏKLƏYƏ BİLMƏZ”

Planın opponentlərinin mövqeyinə görə, Paris iqlim sazişinin ikinci ildönümü qeyd olunarkən bu kreditin ayrılması Avropanın karbon qazı emissiyalarını önləmək cəhdlərinə ziddir.

“AB özünü iqlim fəaliyyəti üzrə çempion sayır, onun maliyyə qanadı olan Avropa İnvestisiya Bankı cənub qaz dəhlizinin hansısa komponentini dəstəkləyə bilməz”, – Avropa QHT-lərinin Əks Balans alyansının direktoru Xavier Sol deyib.

Kreditin ayrılacağı tarix Macron-dan ötrü həssas sayılır, o da çərşənbə axşamı Parisdə xüsusi sammit çağırıb, iqlim dəyişikliyi ilə mübarizə məqsədiylə layihələrin maliyyələşdirilməsi yolları müzakirə olunacaq.

Buna da bax: AYİB-in Azərbaycana 500 milyon dollar ayırmasından narazılar var

TAP Cənub Qaz Dəhlizinin qərb ucudur, bu dəhliz Xəzər dənizindən qazı Avropaya nəql edəcək kəmərlərdən ibarətdir.

Brüssel on il öncədən bu layihəni dəstəkləyir, bununla AB-yə qaz idxalının ən böyük təchizatçısı olan Rusiyadan asılılığı azalmağa çalışır.

Layihənin arxasındakə enerji şirkətlərinin adları illər keçdikcə dəyişib. Bu gün konsorsiuma BP, SOCAR, İtaliyanın Snam, Belçikanın Fluxys, İspaniyanın Enagás və İsveçrənin Axpo şirkətləri daxildir.

Kəmərdən ötrü Yunanıstan və Albaniyada böyük ərazilər təmizlənib, İtaliyada 2 minədək zeytun ağacı tikinti ucbatından müvəqqəti köçürülüb. Layihənin 60 faizinin tamamlandığı bildirilir və 2020-ci ildə ilk qaz təchizatına başlanacağına ümidlər var.

EIB-in kreditinin məbləği onun layihədən ötrü əhəmiyyətli olduğunu göstərir, ancaq bəzi mənbələr kəmərin tamamlanmasının maliyyədən asılı olmadığını iddia edir.

İNSAN HAQLARI

Qəzet yazır ki, tənqidçilər kəmərin təkcə ətraf mühitə təsirinə deyil, qaz istehsalçısı olan Azərbaycanda insan haqlarını durumuna da diqqət çəkirlər.

Buna da bax: Səfir: Azərbaycan ABŞ-ın diqqətindədir

“Ötən martda Azərbaycanın mədən sənayesində şəffaflıq təşəbbüsünə üzvlüyü dayandırılıb və bu, hökumətin media və vətəndaş cəmiyyətinə davamlı təzyiqləri ilə izah olunub. Bundan sonra kreditin ayrılması kobud insan haqları pozuntularına EIB-in göz yumması deməkdir”, – Sol bildirib.

Ancaq enerji məsələləri üzrə bir ekspertin fikrincə, bu layihə dəstəklənməlidir, çünki Avropanın qazla təchizatında rəqabətliliyi artıracaq, iş yerləri yaradılacaq, daha çirkli enerji mənbələri sıradan çıxarılacaq.

Kolumbiya Universitetinin qlobal təbii qaz bazarları üzrə eksperti Dr Tim Boersma-nın fikrincə, layihənin faydaları insan haqları məsələlərini çıxdaş etmir, Avropa və Azərbaycanın qaz ticarətiylə bağlı ümumi maraqları problemlər üzrə də dialoqla sonuclanar.

Qəzet EIB-dən idarə heyətinin toplantısı öncəsi şərh ala bilməyib.

Qeyd edək ki, Azərbaycanın hökumət təmsilçiləri ölkədə insan haqları pozuntularıyla bağlı beynəlxalq tənqidləri qəbul etmirlər, ölkədə bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG