Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:59

AYİB-in Azərbaycana 500 milyon dollar ayırmasından narazılar var


Avropa Yenidənqurma və İnkişaf Bankı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oktyabrın 18-də Azərbaycana TANAP kəmərinin maliyyələşməsinə 500 milyon dollar kredit ayırıb. Bu kəmər Xəzər dənizindən təbii qazı Qərbi Avropaya çatdıracaq. AYİB-in qərarı insan haqları qruplarının kəskin tənqidinə səbəb olub, onlar bankı «çoxtərəfli demokratiya və hüququn aliliyi» kimi fundamental prinsiplərə sayqısızlıqda suçlayıblar. Bu haqda eurasianet.org portalında David O'Byrne yazır.

«Təəssüf hissiylə görürük ki, əlavə enerjidaşıyıcıların çıxarılması, Avropaya idxalı bir ovuc korporasiyaya və opressiv hökumətlərə fayda verir və davamlı inkişafdan,sıravi adamların azadlığından daha çox dəyərləndirilir», – «CEE Bankwatch Network» təşkilatından Anna Roggenbuck deyib.

BAKI MƏQSƏDİNƏ ÇATDI?

500 milyonun ayrılması bu ilin əvvəlinə gözlənirdi, ancaq Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxması bunu yubatdı. Neft, qaz və mineral sektorlarında şəffaflıq və yaxşı idarəçiliyi təbliğ edən bu təşəbbüsün qaydalarına əməl olunması kreditin ayrılma şərtlərdən biriydi.

«The Guardian» qəzetinin dərc etdiyi «Azərbaycanın pulyuyan maşını» adlı araşdırma isə bankı bir az da çətinə saldı. Həmin araşdırmaya görə, 3 milyard dollara yaxın vəsait Azərbaycandan çıxarılaraq mənimsənilib, Avropada nüfuzlu təşkilatlara, fərdlərə verilib. Azərbaycan rəsmiləri bu iddiaları qətiyyətlə təkzib etdilər.

***Buna da bax-2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Müəllif yazır ki, Bakının məqsədi ölkədə insan haqları pozuntularına dair kəskin tənqidləri susdurmaq, Cənub Qaz Dəhlizinin tikintisini irəlilətmək idi. AYİB-sə TANAP-a 500 milyon dollar ayıracağını, kommersiya banklarının birlikdə 1 milyard dollar ayırmasını təşkil edəcəyini demişdi.

BANKIN VƏ AVROPA KOMİSSİYASININ MÖVQEYİ

«Pulyuyan maşın» araşdırmasında AYİB-in idarə heyəti üzvlərindən biri olan Kalin Mitrev-in Azərbaycan şirkətindən azı 425 min funt-sterlinq qəbul etdiyi bildirilirdi. Amma Mitrev bu ödənişin konsultasiya işinə görə olunduğunu iddia etdi.

Kəmər tikintisi
Kəmər tikintisi

Bankın idarə heyətinin 18 oktyabr toplantısına Mitrev qatılmayıb.

«Bu cür iddiaları ciddi qəbul edirik. Bu iddialar Kalin Mitrev ölkəsini təmsil etmək üçün banka göndərilməmişdən öncəki müddətə aiddir», – bankın sözçüsü Jonathan Charles EurasiaNet.org-a deyib.

O əlavə edib ki, Mitrev AYİB-in əsas heyət üzvü deyil, Bolqarıstan hökumətinin təyin etdiyi və göndərdiyi diplomatdır.

Müəllif Avropa Komissiyasının Cənub Qaz Dəhliziylə bağlı mövqeyinin dəyişməz qaldığını yazır. Komissiyadan portala bildiriblər ki,

«Avropa Birliyi Cənub Qaz Dəhlizinə sadiqdir və onun AB-nin enerji təchizatı mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsindəki rolunu, eləcə də Azərbaycanın bu böyük layihənin stimulvercisi kimi vacib rolunu dəstəkləyir».

***Buna da bax-HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

Komissiyadan qeyd ediblər ki, Azərbaycan Avropanın xam neft tələbatının 5 faizini ödəyir, hazırda Azərbaycan və Türkmənistanla Xəzərdən keçəcək qaz kəməriylə bağlı danışıqlar gedir, bu kəmər türkmən qazını Azərbaycan ərazisindən Avropaya çatdıracaq.

POTENSİAL ƏNGƏLLƏR

Müəllif yazır ki, «Pulyuyan maşın» araşdırması Azərbaycanda karbohidrogen yataqlarının işlənməsinə qoyulan sərmayəyə, görünür, ciddi təsir göstərməyəcək. Elə həmin araşdırmadan bir neçə gün sonra BP yeddi beynəlxalq tərəfdaşlar birlikdə AÇG yataqları üzrə yeni müqavilə bağladı.

Ola bilsin, layihənin növbəti fazasında, TANAP-ın gücünün ildə 16 milyard kubmetrdən 31 milyarda çatdırılacağı, TAP kəmərinin isə gücünün ildə 10 milyarddan 20 milyard kubmetrə yüksələcəyi dövrdə problem yaransın. Amma gələcəkdə Avropadan ayrılacaq maliyyəyə hər hansı təhlükə insan haqları deyil, bazar qüvvələri tərəfindən yaradıla bilər, müəllif yazır.

«AB 1990-cı illərin sonunda ilk dəfə Cənub Qaz Dəhlizi ideyasını ortaya atanda, bu, Rusiya qazına rəqib kimi Xəzər, İraq və İran qazının Şərqi Avropaya çatdırılması yolu kimi görünürdü», – «Natural Gas World» dərgisinin baş redaktoru William Powell deyir.

Müəllif 20 ildən sonra mənzərənin dəyişdiyini yazır.

«Avropada qaza tələbatın azalması, Balkanlarda yeni birləşdirici kəmərin çəkilməsi, maye qaz (LNG) ötürmə qabiliyyətinin artması qiymətləri salıb, rəqabəti yüksəldib, monopoliya riskini də azaldıb. Yəni 2020-ci ilədək mənzərə on il əvvəlkindən xeyli fərqli görünəcək», – Powell deyib.

Azərbaycanda hakimiyyət təmsilçiləri ölkədə insan haqları pozuntularına dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, bunları ölkəyə qarşı məqsədli kampaniya sayırlar. Rəsmilər bütün ölkə vətəndaşlarının təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu qeyd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG