Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 09:54

İlham Əliyev: ‘NATO ilə əməkdaşlığın böyük potensialı var’


Prezident İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq

Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberqin (Jens Stoltenberg) noyabrın 23-də Brüsseldə keçirilən görüşündə iki tərəf arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına maliyyə dəstəyi diqqət mərkəzində olub.

Bunu görüşdən sonra mətbuata verdiyi bəyanatında NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Bu haqda Azərbaycan prezidentinin rəsmi internet səhifəsi məlumat verir.

NATO rəhbərinin Alyansla Azərbaycan arasındakı tərəfdaşlığın tarixindən bəhs etdiyi, tərəfdaşlığın təməlinin demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulduğunu vurğuladığı bildirilir.

“Bu gün bizim praktiki əməkdaşlığımız bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir. Keçmiş sovet ordusundan qalmış partlamamış mina və hərbi sursatların təmizlənməsi üçün etimad fondu çərçivəsində aparılır”, – NATO rəhbəri bildirib.

Buna da bax: İlham Əliyev NATO baş katibi ilə Qarabağ probleminı müzakirə edib

NATO baş katibinin korrupsiya ilə mübarizədə istəyi

O, vurğulayıb ki, NATO seçilmiş bütün sahələrdə işi davam etdirməyə və əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqdir. NATO rəhbəri İlham Əliyevi təhlükəsizlik sahəsində islahatların daha da artırılmasına, korrupsiya ilə mübarizə sahəsində NATO proqramlarından tam faydalanmağa səsləyib.

Yens Stoltenberq Cənubi Qafqazda regional təhlükəsizliyin, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyini bildirib. O, qeyd edib ki, NATO bu məsələdə birbaşa rola malik deyil, ancaq ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyir.

Prezident İlham Əliyev də öz bəyanatında Azərbaycan - NATO əməkdaşlığının yaxşı tarixi olduğunu vurğulayıb. O, Azərbaycanın NATO-nun bir çox əməliyyatlarında iştirak etdiyini xatırladıb. Ölkə başçısı deyib ki, Azərbaycan Əfqanistandakı hərbi qulluqçularının sayını artıracaq ( hazırda onların sayı 90-dır - AR).

Buna da bax: Erdoğanın müşaviri NATO-da üzvlük məsələsinə baxılmasına çağırır

“2004-cü ildən bəri Azərbaycan Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulub və dörd tsikli bitirib. Beşinci tsikl hazırda icra olunmaqdadır. Bu, həmçinin bizim əməkdaşlığımızın vacib elementidir”, - prezident deyib.

İ.Əliyev Dağlıq Qarabağ mövzusunda müzakirələrə toxunub, münaqişənin nizamlanması ilə bağlı beynəlxalq qurumların, eləcə də BMT-nin qərarlarından bəhs edib.

BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Azərbaycanın işğal edilən rayonlarının boşaldılması istənilir.

XATIRLATMA

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Azərbaycan müxalifəti bunu iki səbəblə izah edir. Müxalifətin fikrincə, Azərbaycan hakimiyyəti bir tərəfdən Rusiyanı qıcıqlandırmaq istəmir. Başqa tərəfdən də islahatlardan çəkinir. Hakimiyyət rəsmiləri isə deyirlər ki, onlar xarici siyasətdə balanslaşdırılmış siyasət aparırlar.

Noyabrın 24-də Belçikada Avropa Birliyinin «Şərq Tərəfdaşlığı»nın beşinci sammiti keçirilməlidir. Azərbaycan prezidentinin həmin tədbirdə iştirak etməkdən ötrü Belçikaya səfər etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG