Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:24

İ.Əliyev: 'NATO ilə əlaqələri inkişaf etdirmək niyyətindəyik'


İ.Əliyev

«Azərbaycan Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi üzrə proqramların reallaşmasına yardım göstərməklə NATO ilə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədir».

«Turan» agentliyinin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Brüsseldə NATO-nun mənzil-qərargahında bu qurumun baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlaması zamanı bildirib.

İ.Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Avropadan Asiyaya, konkret olaraq Əfqanıstana ən qısa yol açılıb. Onun fikrincə, bu da həmin ölkəyə nəql və beynəlxalq koalisiya qüvvələrinin təchizatı məsələlərini asanlaşdıracaq.

Öz növbəsində Y.Stoltenberq vurğulayıb ki, NATO ilə Azərbaycan arasında tərəfdaşlıq demokratik dəyərlərə, enerji və təhlükəsizlik məsələlərinə əsaslanıb. O deyib ki, NATO Azərbaycanda təhlükəsizlik sisteminin yaradılmasında, korrupsiyaya ilə mübarizədə yardım göstərir və Əfqanıstanda koalisiya qüvvələrinin təchiz edilməsindən ötrü dəhlizə görə minnətdardır.

İ.Əliyev və Y.Stoltenberq
İ.Əliyev və Y.Stoltenberq

İlham Əliyev NATO baş katibi ilə görüşüb

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyevin və NATO-nun baş katibi Y.Stoltenberqin görüşü olub. Görüşdə onların birgə bəyanatla çıxış etdikləri bildirilir. Ancaq hələlik görüş və birgə bəyanatın detalları açıqlanmır.

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

XATIRLATMA

Noyabrın 24-də Belçikada Avropa Birliyinin «Şərq Tərəfdaşlığı»nın beşinci sammiti keçirilməlidir. Azərbaycan prezidentinin orada iştirakı gözlənir.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG