Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 20:49

'Yahova şahidləri' dini komitəni Avropa Məhkəməsinə verib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

“Yahova şahidləri” dini icması və 7 Azərbaycan vətəndaşı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edib. Onlar komitənin ölkəyə bəzi dini ədəbiyyatın gətirilməsinə icazə verməməsindən şikayətçidir.

AİHM-in məlumatında bildirilir ki, sözügedən şikayətin araşdırılmasına başlanılıb.

Məhkəmə şikayətin detallarını da açıqlayıb. Şikayətdə bildirilir ki, “Yahova şahidləri” dini icması, Bakı sakinləri Arif Tağıyev, Sahibə Ağayeva, Fazilə Butayeva, Qalina Luptakova, Pakizat Malikova, Bəxtiyar Məmmədov və Tərgül Seyidova Azərbaycana dini ədəbiyyat gətirmək istəyiblər. Onlar 2011-ci ildə icazə məqsədi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə müraciət edib. Ancaq komitə ölkəyə gətirilməsi istənən ədəbiyyatların hamısına icazə verməyib.

Buna da bax: Gəncədə «Yahova Şahidləri»nin 22 üzvü saxlanıb

Bunu qanunsuz sayan şikayətçilər bir neçə dəfə Səbail Rayon Məhkəməsinə müraciət ediblər. Onlar məhkəmədən xahiş ediblər ki, Komitənin yasağını qanunsuz hesab etsin. Rayon məhkəməsi onların şikayətini rədd edib. Ancaq Apellyasiya Məhkəməsi öz növbəsində rayon məhkəməsinin qərarını ləğv edib. İşi 1 Saylı İnzibati-İqtisad Məhkəməsinə göndərib. Həmin məhkəmə isə dini icmanın şikayətini qismən təmin edib, komitənin üzərində dini ədəbiyyatın gətirilməsinə icazə verilməsi vəzifəsi qoyub.

Bu dəfə Dini Komitə həmin qərardan apellyasiya şikayəti verib. Şikayət qismən təmin edilib və komitənin bəzi ədəbiyyatların gətirilməsinə icazə verməməsi qanuni hesab edilib.

Buna da bax: «Yahova şahidləri» icması niyə qeydiyyata alınmır?

Şikayətə yekunda Ali Məhkəmədə baxılıb. Ali Məhkəmə şikayətçilərin əleyhinə qərar verib.

Eyni məzmunda başqa məhkəmə çəkişməsi də olub. Ancaq yerli məhkəmələr dini icmanın və digərlərinin şikayətlərini təmin etməyib.

“Yahova şahidləri” dini icması və 7 Azərbaycan vətəndaşını AİHM-də Böyük Britaniyadan, Fransadan və Gürcüstandan olan vəkillər qrupu təmsil edir.

İddia edirlər ki, “Yahova şahidləri” dini icması və 7 Azərbaycan vətəndaşına münasibətdə onların Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları pozulub. Şikayətçilərə münasibətdə Konvensiyanın 9-cu (Vicdan, din azadlığı), 10-cu (İfadə azadlığı) və 14-cü (Ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozulduğu bildirilir. Məhkəmədən pozuntuların tanınması və kompensasiya edilməsi istənilir.

Buna da bax: «Hakimiyyət dini qrupları öz idarəetməsi üçün təhlükə sayır»

AİHM şikayətlə bağlı Azərbaycan hökumətinə suallar göndərilib. Həmin suallara 3 ay ərzində cavab verilməlidir.

Xatırlatma

«Yahova Şahidləri» Azərbaycanda qeydiyyata alınmayan dini icmadır. 2010-cu ildə qanuna edilən dəyişikliyə görə, icazəsiz dini fəaliyyət qadağan olunur.

Həmin müddətdən sonra «Yahova şahidləri» yığıncaq keçirərkən bir neçə dəfə saxlanıblar. Belə məsələlərlə də bağlı AİHM şikayətlər göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG