Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Rusiya Google-u hədələyir


Moskva Google axtarış mühərrikini hədələyir. Rusiyanın Sputnik və RT vebsaytlarıyla bağlı axtarış nəticələrinin Google-un siyahısında aşağı salına biləcəyi Kremli, görünür, qəzəbləndirib.

Roskomnadzor mediatənzimləyici qurumunun başçısı Aleksandr Zharov-a deyib ki, qurum noyabrın 21-də Google-a məktub göndərib və Google-un valideyn şirkəti Alphabet-in rəhbəri Eric Schmidt-in ötən həftəsonu dediklərinə aydınlıq gətirilməsini istəyib. Schmidt demişdi ki, Google Rusiyanın xəbər saytlarının “axtarış siyahısında aşağıda göstərilməsi üzərində işləyir”.

“Cavabı alandan sonra növbəti addımların nə olacağını biləcəyik. Ümid edirik, fikrimiz eşidiləcək və mümkün cavab tədbirlərinə əl atmalı olmayacağıq”, – Rusiyanın Interfax agentliyi Zharov-a istinadla yazıb.

*** Buna da bax: ABŞ səfiri AzadlıqRadiosunun Moskva bürosunda olub

“SADƏLÖVH” TEXNOLOGİYA

Noyabrın 18-də Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edən Schmidt Sputnik-in məqalələrində “təbliğat” yayması iddialarına cavabında deyib ki, Google “bu tip vebsaytların” siyahıdan çıxarılması deyil, onlara daha az əhəmiyyət verilməsi üzərində işləyir.

“Bunlar əsasən, RT və Sputnik-dir. Bundan yaxşı xəbərdarıq və sistemlərin bunu əngəlləməsi üzərində işləyirik”, – Schmidt deyib.

Rusiya hökuməti Sputnik və RT-ni maliyyələşdirir. ABŞ kəşfiyyat agentlikləri hər iki vebsaytın dezinformasiya yaydığını, ötən il Birləşmiş Ştatlarda prezident seçkisi zamanı demokratların namizədi Hillary Clinton-la bağlı mənfi məlumatlar dərc etdiyini bildirir.

“Bir neçə il əvvəl belə deyildi. Bunun belə kök sala biləcəyini bilmirdik”, – deyən Schmidt texnologiya sənayesinin “sadəlövh” olduğunu sözlərinə əlavə edib.

“On il öncə düşünürdüm ki, hər kəs internetdən baş çıxara biləcək. Çünki internet həqiqətlərlə yanaşı yalanlarla da doluydu. Ancaq 2016-cı ildə Rusiyayla bağlı, eləcə də dünyadakı digər oyunçularla bağlı məlumatlardan görürük ki, hərəkətə keçməliyik”, – şirkət rəhbəri sözlərinə əlavə edib.

*** Buna da bax: RT ABŞ-da xarici agent kimi qeydiyyatdan keçdiyini deyir

“SENZURA TƏRƏFDARI DEYİLƏM”

Schmidt onu da deyib ki, Rusiyanın dezinformasiyasını üstələmək asandır, çünki bu, daha çox bir mesajın şişirdilməsindən ibarətdir, “bu təkrarçılıqdır və məqsəd ondan silah kimi istifadədir”.

“Şəxsi fikrim belədir ki, bu nümunələr aşkarlana, silinə, yaxud siyahıda aşağı salına bilər. Bu saytları yasaqlamaq istəmirik. Bizim işimiz belə qurulmayıb… Mən qətiyyən senzura tərəfdarı deyiləm”, – Schmidt bildirib.

Google-un sözçüsü Andrea Faville deyib ki, aşağı keyfiyyətli, saxta və qəsdən çaşdırıcı kontentə aparan axtarış nəticələri hələ apreldən aşağı salınmağa başlanıb. Google həmçinin etibarlı kontenti önə çəkmək üzərində də işləyir, sözçü deyib.

RT-nin baş redaktoru Margarita Simonyan-ın bəyanatına görəsə, Google-un daxili nəzarət sistemi bu xəbər saytının qaydaları pozmadığını üzə çıxarıb.

*** Buna da bax: Kreml yaxşı xəbərlər istəyir

Sputnik noyabrın 21-də Zharov-a istinadla yazıb ki, “bu tədbirin praktikada necə ayrıseçkilik yaratdığını araşdıracaq”.

“Görünür, mediamızı müdafiə etməli olacağıq”, – Zharov vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG