Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

ABŞ səfiri AzadlıqRadiosunun Moskva bürosunda olub


Səfir Jon Huntsman

Birləşmiş Ştatların Rusiyadakı səfiri AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosunda olub və Rusiyanın qəbul etdiyi yeni qanunvericiliyin hədəfə ala biləcəyi Amerika mediasına dəstəyini bildirib.

Səfir Jon Huntsman noyabrın 17-də gerçəkləşdirdiyi səfər zamanı deyib ki, bu qanun “böyük narahatlıq” doğurur.

“Biz sadəcə düşünürük ki, istənilən azad cəmiyyət və demokratiyada azad media prinsipləri güc və rifah üçün çox vacibdir. Söz azadlığı da onun bir hissəsidir. Bu səbəbdən səfirlikdə bu məsələylə maraqlanırıq. Bu səbəbdən Dumada gedən işi və çox, çox diqqətlə hazırlanmış qanunvericiliyi izləyirik. Çünki bundan narahatıq”, – səfir söyləyib.

Huntsman deyib ki, Moskva bu qanunvericiliyi Birləşmiş Ştatlarda RT şəbəkəsinə qarşı adddımlara cavab olaraq qəbul etdiyini bildirsə də, Rusiyadakı qanun “qətiyyən qarşılıqlı deyil”.

Səfirin sözlərinə görə, Vaşinqton RT-dən maliyyə informasiyasını açıqlamağı “şəffaflığın” təmin olunması naminə tələb edib.

“Bu, kimisə xarici agent adlandırmaq, onun fəaliyyətini mümkünsüz etməkdən tamamilə uzaqdır”, – o vurğulayıb.

***

ABŞ Rusiyanın xarici medianı hədəfə alan qanunvericiliyini monitorinq edir və Moskvaya bu qanunun media azadlığını məhdudlaşdırmağa alət kimi istifadə olunmasıyla bağlı xəbərdar edib.

Moskvadakı ABŞ səfirliyinin sözçüsü Maria Olson noyabrın 16-da deyib ki, Vaşinqton bu qanunun “qəbul edilib-edilməyəcəyini, necə icra olunacağını diqqətlə izləyir”.

Rusiyalı deputatlar deyirlər ki, bu qanun Rusiyanın RT televiziya şəbəkəsinin ABŞ-da xarici agent kimi qeydiyyata alınmasıyla bağlı Vaşinqtonun xahişinə cavabdır. RT artıq qeydiyyatdan keçib və ABŞ qanunvericiliyinə uyğun olaraq maliyyə informasiyasını açıqlamalıdır.

*** Buna da bax: Xarici media qanunu Dumadan keçdi -- Radio bəyanat verdi

İLK HƏDƏFLƏR

Olson-un sözlərinə görə, ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) məqsədi Birləşmiş Ştatlarda siyasi debata təsir göstərməyə çalışan qurumların xarici maliyyəsiylə bağlı informasiyanı ictimaiyyətə açmaqdır.

Media azadlığı və insan haqları qrupları həm Rusiya qanunvericiliyini, həm də ABŞ-ın RT-yə tələbini tənqid ediblər.

Rusiya Ədliyyə Nazirliyi vebsaytında yerləşdirdiyi siyahıda AzadAvropa/AzadlıqRadiosu və Amerikanın Səsi-nə bağlı doqquz media orqanının ilk olaraq hədəfə alınacağını təsdiqləyib.

ABŞ-dan maliyyələşən qurumlara nazirlik daha öncə də qanunvericiliyin təsirinə məruz qalacaqları barədə xəbərdarlıq etmişdi. Rusiya Dövlət Duması noyabrın 5-də yekdilliklə qanunu qəbul etdi. Yuxarı palata qanunu səsverməyə noyabrın 22-də çıxaracaq. Daha sonra onu Prezident Vladimir Putin imzalamalıdır.

Bu qanun hökumətə xaricdən maliyyələşən media orqanlarının “xarici agent” adlandırmaq səlahiyyəti verəcək.

*** Buna da bax: Rusiya Ədliyyə Nazirliyi AzadlıqRadiosuna xəbərdarlıq edib​

ƏVƏZ-ƏVƏZ REAKSİYASI

Sərhədsiz Reportyorlar Təşkilatı “Rusiyanın Vaşinqtona dərhal cavab verməsindən əndişələndiyini” bildirib. “Bu əvəz-əvəz reaksiyasını pisləyirik, çünki media azadlığı yeganə qurban olacaq”, – qurumun Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.

Təşkilat bildirir ki, bu qanun Rusiyanın 2012-ci ildən xarici qeyri-kommersiya təşkilatlarına qarşı tətbiq etdiyi maddələri xarici mediaya aid edəcək.

Rusiyanın qanunvericiliyi “media azadlığına tam bir hücumdur”, – Human Rights Watch insan haqları təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson bildirib.

AzadAvropa/AzadlıqRAdiosu noyabrın 15-də verdiyi bəyanatda deyib ki, “RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər”.

“AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimiz gözləyirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG