Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:52

Avropada hansı partiyalar Rusiyanın təsiri altındadır


Macarıstanda Avropaya dəstək aksiyası, may, 2017-ci il
Macarıstanda Avropaya dəstək aksiyası, may, 2017-ci il

Hazırda Birləşmiş Ştatlarda siyasətçilərlə Rusiya rəsmiləri arasında əlaqələrin mümkünlüyü araşdırılır. “The Washington Post” qəzetində Rick Noack Avropanın ifrat sağçı və ifrat solçu partiyalarının da oxşar ittihamlarla üzləşməsindən yazır.

Qərbi və Cənubi Avropaya fokuslanan Atlantik Şurası Rusiyanın həmin partiyalara nə dərəcədə nüfuz etdiyini araşdırıb. Adıçəkilən partiyaların hazırda Kremlə meylləndiyi bildirilir.

*** Buna da bax: Rusiyapərəst prezident Putin-lə görüşəcək​

İtaliya

Mərkəzin fikrincə, Rusiyanın ən böyük nüfuzu İtaliyada qeydə alınıb. Burada populist Beş Ulduz Hərəkatı (Five Star Movement) rəy sorğularında öndə gedir. Bu hərəkat həm sağ, həm də sol qanad tərəfdarlarını toplayıb.

Hərəkatı komediyaçı Beppe Grillo yaradıb. Onun seçicilərə müraciəti ABŞ prezidenti Donald Trump-ınkıyla müqayisə olunur. Atlantik Şurasının tədqiqatçıları hərəkatın rəy sorğularında möhkəmlənməsini təsadüfi saymırlar. Bu partiyanın Kremlə yönəlik mövqeyi sənədləşdirilib və AB, NATO-ya qarşı təhlükəli qüvvə sayılır.

Yunanıstan

İtaliyadan fərqli olaraq, Yunanıstanda Rusiyanın təsirinə məruz qaldığı bildirilən partiyalardan biri artıq hakimiyyətdədir. Sol qanad Syriza partiyası Rusiya hökumətiylə geniş əlaqələr qurub. Partiya Rusiyadan maliyyə yardımı almaq ümidiylə xarici siyasətini dəyişməkdə, rusiyapərəst mövqe tutmaqda suçlansa da, bunu təkzib edir.

Bundan başqa, Kremllə sıx əlaqələri olan rusiyalı oliqarxlar Yunanıstan mediasında pay əldə ediblər. Rusiyanın dövlətə məxsus Gazprom şirkəti Yunanıstanın enerji şirkətlərində böyük səhmlər alıb. Ən əsası, Putin Yunanıstan rəhbərliyi ilə sıx əlaqələr qurub.

Rusiyanın solçu hökumətdə müttəfiqi olmasına baxmayaraq, siyasi spektrin əks tərəfində də dəstəklədiyi var: ifrat sağçı və ultramillətçi Qızıl Üfüq (Golden Dawn party) partiyasına arxa durur.

*** Buna da bax: Kremlin tənqidçisi AB-də siyasi sığınacaq alıb

Almaniya

50 ildən artıq bir dönəmdə ifrat sağçıların parlamentə girə bilmədiyi bu ölkədə Almaniya üçün Alternativ (AfD) sentyabrda qanunverici orqana keçə bildi. Almaniyada seçkilərə Rusiyanın birbaşa təsir göstərməsinə dair dəlil olmasa da, ifrat sağçı AfD ilə Rusiya hökumətinin bir-birinə rəğbəti diqqətdən yayınmayıb.

AfD Rusiyayla daha sıx əlaqələri prioritetlərindən biri elan edib, seçki kampaniyasında rusdilli əhaliyə fokuslanıb.

Fransa

Qərbin Rusiyaya sərt sanksiyaları arxasında duran aparıcı qüvvələrdən biri Fransa idi. Bu ölkədə mühafizəkar, yaxud ifrat sağçılar hakimiyyətə gəlsəydi, durum dəyişə bilərdi. Ölkənin ən rusiyapərəst partiyası Marine Le Penin Milli Cəbhəsidir. İfrat sağçı siyasətçi Rusiya banklarından kredit götürüb, Putin-i dəfələrlə tərifləyib.

Prezident seçkisini udmuş Emmanuel Macron-un kampaniyası isə Kremli seçkiyə müdaxilədə suçlayıb, komanda üzvlərinin serverlərinin Rusiyaya bağlı qrupun haker hücumuna məruz qaldığını iddia edib.

Britaniya

Britaniyanın baş naziri Theresa May ötən həftə Rusiyanı “azad cəmiyyətləri sarsıtmaq” cəhdində, Britaniya və digər Qərb ölkələrinə “narazılıq toxumu” səpməkdə suçlayıb.

Bu arada Rusiyanın ötən il ölkənin Böyük Britaniyadan çıxmasına səs verilən “Brexit” referendumuna mümkün təsir cəhdləri araşdırılır. Brexit tərəfdarlarını ətrafında toplamış Böyük Britaniya Müstəqillik Partiyasının (U.K. Independence Party - UKIP) keçmiş rəhbəri Nigel Farage Putin-in tərəfdarıdır.

İspaniya

Theresa May-dən bir neçə saat sonra onun ispaniyalı həmkarı Mariano Rajoy da oxşar iddialar səsləndirib. Hökumət bildirib ki, Kataloniyada müstəqillik referendumu zamanı “saxta xəbərlər” yayan botlar qeydə alınıb, çoxunun Rusiyadan qaynaqlandığı bildirilir.

Rusiyanın İspaniyada solçu, getdikcə daha çox Rusiyaya meyllənən Podemos partiyasını dəstəklədiyi güman olunur.

XS
SM
MD
LG