Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:19

Şəhər rəhbərliyi hüquqşünasların mitinqinə 'yox' deyib


Məktub

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hüquqşünasların mitinq keçirilməsi ilə bağlı müraciətinə «yox» cavabı verib.

Bu haqda AzadlıqRadiosuna nümayəndələrin bir araya gəldiyi Praktik Hüquqşünaslar Qrupundan (PHQ) bildiriblər.

Qrupda təmsil olunan hüquqşünaslar qanunvericiliyə nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı dəyişikliklərə etiraz edir.

PHN-nin İşçi Qrupu noyabrın 18-də mitinq keçirmək niyyətində idi. Bundan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq PHQ-dan bildirildiyinə görə, BŞİH bu gün, noyabrın 15-i mitinq müraciətinə neqativ cavab verib. Cavabı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov göndərib. Verilən məlumata görə, İcra hakimiyyəti rəsmisi hüquqşünaslara xatırladıb ki, onların narazı olduğu dəyişiklikləri artıq ölkə başçısı imzalayıb:

«Cavabda bildirilir ki, hazırda müraciətdə qeyd etdiyiniz qanun layihələrinə hər hansı mövqe bildirmək məqsədəuyğun hesab olunmur. Eyni zamanda bildirilir ki, müraciətinizdə iştirakçıların sayı qeyri-müəyyən, 500-5000 nəfər göstərilib. Bu da toplantı iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına imkan yaratmır. Qeyd olunanları nəzərə alaraq, planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir».

XATIRLATMA

PHQ bu ilin oktyabrında yaradılıb.

Parlament oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə PHQ hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir.

Azərbaycanda Vəkillər Kollegiyasının 936 üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG