Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Müharibələr orta amerikalıya 23 min dollara başa gəlib


Əfqan əsgərləri
Əfqan əsgərləri

2001-ci ildən bəri ABŞ-ın Əfqanıstan, İraq, Suriya və Pakistandakı müharibələri orta amerikalı vergiödəyicisinə 23 min 386 dollara başa gəlib. “Buzzfeed” portalı yazır ki, bu günlərdə açıqlanmış yeni hesabat real xərclərin Pentaqonun açıqladığı rəqəmdən 3 dəfə çox olduğunu göstərir.

1,43, YOXSA 5,6 TRİLYON?

Pentaqon bu ilin iyununda bildirirdi ki, son 16 ildə müharibələr 1,43 trilyon dollara başa gəlib.

Ancaq həmin münaqişələrin veteranlarının davam edən tibbi müalicəsi, müharibəylə bağlı digər xərcləri də nəzərə alanda, bu rəqəm 5,6 trilyon dollara yaxındır. Brown Universitetinin Watson Mərkəzi “Müharibə Layihəsinin Xərcləri” adlı hesabatını bu həftə açıqlayıb.

*** Buna da bax: NATO baş katibi: “Fundamental fikir ayrılıqları qalır”

“Müharibələrin bitməsi onların xərcinin dayanması demək deyil, xərclər artır. Həm bu müharibələrə görə ödənişlər kredit kartıyla edilir. Yəni gələcək nəsil də onların xərcini çəkir”, – araşdırmanın müəllifi Neta Crawford “BuzzFeed News”a deyib.

Trump administrasiyası Əfqanıstanda hərbçilərin sayını 3 min 900 nəfər artırmağa qərar verib. Hazırda Əfqanıstanda 11 min amerikan hərbçisi var Kontingentin artması xərclərin də yüksələcəyini göstərir.

ƏFQANISTANA BİRBAŞA XƏRC – 840 MİLYARD DOLLAR

Trump-ın 2018-ci il büdcəsində ABŞ-ın Əfqanıstandakı müharibəyə birbaşa xərci 840 milyard dollara çatacaq, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Anthony Cordesman deyir.

Brown Universiteti hesabatda bildirir ki, münaqişələrdə savaşmış hərbçilərə sonrakı qayğını da nəzərə alanda xərclər on illərlə davam edir.

“Fakt odur ki, 2001-ci ildən terrorçuluqla savaşırıq və əlavə 2 milyondan çox adam veteranlar departamentinə üzv olub, onlara növbəti 40 il ərzində qayğı lazımdır, bu öhdəliyi unuda bilmərik”, – Crawford deyib.

Hesabatda qeyd olunur ki, 2001-ci il 11 sentyabr terrorundan sonrakı münaqişələrin əsgər və veteranları daha xəstə olurlar, respirator, ürək xəstəlikləri, digər travmalarla qayıdırlar. Bu müharibələrin hər dörd veteranından üçünün yaşı 45-dən azdır, onlar yaşlandıqca daha mürəkkəb və bahalı səhiyyə xərcləri tələb olunacaq.

*** Buna da bax: İŞİD-in televiziyaya hücumu bitib - YENİLƏNİB (Video)

2053-CÜ İLƏDƏK 836 MİLYARD

2013-cü ilədək xidmətdən azad edilmiş veteranlara qayğı 2053-cü ilədək 836 milyard dollar başa gələcək. Bunu isə Harvard Kennedy Məktəbinin professoru Linda Bilmes-in oxşar təhlili üzə çıxarıb.

Hesabatda o da vurğulanır ki, “ABŞ daha çox adam öldürdükcə, onun savaşdığı qruplaşmalara da daha çox adam qoşulur, hətta yeni radikal qruplar yaranır”.

Avqustda Əfqanıstanın 407 bölgəsinin 13 faizi Taliban qruplaşmasının nəzarəti altındaydı. Fevralda bu rəqəm 11 faiz idi.

“İndi, 16 ildən sonra Amerikanın vergiödəyiciləri düşdüyümüz “çıxılmaz durum”dan məmnun qalmalıdırlarmı? Məncə, yox”, – bunu senator John McCAin ötən ay konqresdə keçirilən dinləmədə müdafiə naziri Jim Mattis-dən soruşurdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG