Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:18

Putin deyir, ABŞ dopinq ittihamlarını ona görə uydurur ki…


Putin Çelyabinskdə fəhlələrlə görüşdə
Putin Çelyabinskdə fəhlələrlə görüşdə

Rusiya prezidenti Vladimir Putin deyir ki, Kremlin dopinq proqramına sponsorluq etməsiylə bağlı iddialar ABŞ kampaniyasının tərkib hissəsi ola bilər, məqsəd Rusiyada gələnilki prezident seçkisini pozmaqdır.

Bəzi ekspertlər bu bəyanatı seçiciləri antiamerikanizm ətrafında birləşdirmək cəhdi sayırlar.

“Güclü şübhələr var ki, bizim guya onların seçkisinə müdaxilə etməyimizə cavab olaraq, Rusiyada prezident seçkisinə problemlər yaratmaq istəyirlər”, – Putin noyabrın 9-da Uralın Çelyabinsk şəhərində zavod işçiləriylə görüşdə deyib.

*** Buna da bax: 95 rusiyalı atletə qarşı dopinq işi bağlanıb​

“GÜCLÜ ŞÜBHƏLƏR VAR”

Putin dediklərini əsaslandıracaq konkret informasiya verməyib. O, dopinq iddialarının uydurulmasına da sübut göstərməyib.

ABŞ-ın kəşfiyyat agentlikləri Kremli ötən il ABŞ-da prezident seçkisinə müdaxilə etməkdə suçlayırlar, Ədliyyə Departamenti və Konqresin azı iki komitəsi bu iddia olunan müdaxiləni araşdırır.

Putin gələn ilin martında keçiriləcək seçkiyə namizədliyini verməsə də, onun seçkiyə gedəcəyi və yenidən seçiləcəyi gözlənir.

“Pxençxanda Qış Olimpiadası nə vaxtdır? Fevralda. Prezident seçkisi nə vaxtdı? Martda”, – Rusiya prezidenti deyib.

“Bütün bunların bir nəfərə mühit yaratmaqdan ötrü edildiyinə dair güclü şübhələr var. Məqsəd idman azarkeşləri və atletlər arasında narazılıq yaratmaqdır, belə bir fikir ortaya atırlar ki, Rusiya dövləti iddia olunan dopinq pozuntularında iştirak edib və buna görə məsuliyyət daşımalıdır”, – o deyib.

*** Buna da bax: Azərbaycan ağır atletləri yarışlardan kənarlaşdırıldı

PUTİN-İN NİYYƏTİ

Carnegie Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Paul Stronski Azad Avropa/AzadlıqRadiosuna deyib ki, Putin-in məqsədi rusiyalı seçiciləri prezident seçkisindən öncə motivasiya etməkdən ötrü antiamerika əhval-ruhiyyəsini gücləndirməkdir.

“Bu iddialar gülüncdür, ancaq Rusiya əmindir ki, Birləşmiş Ştatlar uzun müddət regionda qarışıqlıq yaratmağa çalışıb və Avrasiyada, istər Rusiyada, Ermənistanda, yaxud da Ukraynada etirazların arxasında Amerikanın əli var”, – o söyləyib.

“Rusiya seçkisində ən yaxşı satılan şey antiamerikanizmdir. Putin namizədliyini versə, seçiləcək. Bir potensial opponenti (müxalifət lideri Aleksei Navalny) sıradan çıxarsalar da, rəqibi var (teleulduz Ksenia Sobchak-ı nəzərdə tutur). O, Kremlin öz adamı ola bilər, amma yenə də səslərin bir hissəsini alacaq”, – təhlilçi deyib.

*** Buna da bax: Efiopiyalı idmançı Azərbaycanda başına gələnlərdən danışır​

BOK QƏRARI DEKABRDA VERƏCƏK

2016-cı ilin iyulunda Ümumdünya Antidopinq Agentliyi (WADA) hesabatında bildirib ki, 30 idman növü üzrə mindən çox rusiyalı idmançı dopinq proqramından yararlanıb və bunun arxasında Rusiya dövləti durub.

WADA bütün rusiyalı atletlərin 2016-cı il Olimpiya Oyunlarına buraxılmamasını tövsiyə etsə də, Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna əməl etmədi, qərarı fərdi idman federasiyalarına buraxdı.

BOK hələlik, sanksiyalara qərar verməyib, iddialar araşdırılır. Ancaq artıq altı xizəkçi dopinq qaydalarını pozduğuna görə Olimpiya oyunlarından ömürlük uzaqlaşdırılıb.

Komitə bildirib ki, dekabrın 5-7-də Rusiyanın gələn fevralda Cənubi Koreyada Qış Olimpiadasında iştirakıyla bağlı qərar verəcək.

Sentyabrda azı 17 milli antidopinq təşkilatı Rusiyanın həmin oyunlara buraxılmamasına çağırırdı.

*** Buna da bax: Rusiya rəsmiləri dopinq ittihamlarını qəbul etmirlər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG