Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:00

Almaniyada 3-cü cins leqallaşdırılır


Transseksual kişi (arxiv fotosu)
Transseksual kişi (arxiv fotosu)

Almaniya ali məhkəməsi noyabrın 8-də çıxardığı qərarda deputatları “üçüncü cinsi” qanuniləşdirməyə çağırıb.

CNN” yazır ki, belə bir qanun qəbul olunarsa, Almaniya Avropada “üçüncü cins”in leqallaşdırıldığı ilk ölkə olacaq. Yəni intersekslərə kişi, yaxud qadın deyil, üçüncü cinsi seçmək imkanı veriləcək.

DÜNYADA 1,7% QARIŞIQ CİNSİ ƏLAMƏTLƏ DOĞULUR

Məhkəmənin qərarında deyilir ki, “qadın” və ya “kişi”dən başqa variant qəbul etməyən indiki sistem konstitusion deyil.

2013-cü ildə Almaniya ilk Avropa ölkəsi olaraq interseks uşaqların valideynlərinə icazə verib ki, doğum şəhadətnaməsində cinslə bağlı qrafanı boş qoysunlar.

Çərşənbə günü məhkəmənin qərarı bir interseks şəxsin qaldırdığı iddia üzrə verilib. Yeni qanun 2018-ci il dekabrın 31-dək qüvvəyə minməlidir, məhkəmə qərarında belə deyilir.

*** Bunu da oxu: Senatorlardan Azərbaycanla bağlı LGBT məktubu

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Johannes Dimroth deyib: “Biz Federal Konstitusiya Məhkəməsinin qərarına tam sayqıyla yanaşırıq və hökumət bu qərarı tam yerinə yetirəcək”.

BMT-nin hesablamasına görə, dünya əhalisinin 0,5 – 1,7 faizi interseks əlamətlərlə doğulur, yəni şəxsin tipik kişi-qadın cinsi xüsusiyyətləri olmur.

Bəzi interseks əlamətlər cinsiyyət orqanlarından görünsə də, bəziləri genetik, hormonal və anatomik fərqlərdə üzə çıxır.

“İNTER”, YAXUD “DİVERS”

BMT bildirir ki, dünyada interseks uşaqlar və böyüklər hüquqlarının pozulması riskiylə üz-üzədirlər, onlar əməliyyata, ayrı-seçkiliyə və hətta işgəncəyə məruz qala bilərlər.

2016-cı ildə BMT və beynəlxalq insan haqları ekspertləri qrupu bu pozuntulara son qoymağa, hökumətləri zərərli tibbi müdaxilələri dayandırmağa, interseksləri ayrıcalıqdan qorumağa çağırıb.

“Amnesty International” insan haqları təşkilatı mayda yayılmış hesabatında deyirdi ki, Almaniyada aydın cinsi fərqlərlə doğulan körpələr ağrılı cərrahiyyə müdaxiləsinə məruz qalırlar, məqsəd onlara adi kişi və ya qadın cinsi görünüşü vermək olur.

*** Bunu da oxu: Hər 4 nəfərdən biri düşünür ki, eynicinsli münasibət “cinayətdir”

Amnesty-nin LGBT hüquqları üzrə eksperti Maja Liebing CNN-ə deyib ki, “bir çox interseks şəxslər ömürləri boyu fiziki və psixoloji əziyyət çəkirlər”.

Rəsmi sənədlərdə üçüncü cinsin hansı sözlə ifadə olunacağı, hələlik, qərarlaşdırılmayıb. Liebing ümid edir ki, “inter”, yaxud “divers” (“diverse”- fərqli sözündəndir) kim terminə üstünlük veriləcək.

“KİÇİK İNQİLAB”

Sosial mediada bəzi almanlar bu xəbəri sevinclə qarşılasa da, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) məhkəmənin qərarını “bütün dövrlərin ən axmaq ideyası” adlandırıb.

BBC” yazır ki, bəzi fəallar məhkəmənin qərarını “kiçik inqilab” adlandırıblar. Məhkəmə iddiasını bir qadın qaldırıbmış. Onun xromosomların testi heç bir cinsə aid olmadığını üzə çıxarıb.

2015-ci ildə Nyu Yorkda oxşar qanun qüvvəyə minəndən sonra 700-dən çox adam doğum şəhadətnaməsində cinsini “interseks” kimi göstərib.

*** Buna da bax: Azərbaycanda cinzi azlıqlara 'qəfil divan tutuldu'

2014-cü ildə Avstraliya məhkəməsi hökumətin üçüncü cinsi tanıması barədə qərar çıxarıb. Bu ilin əvvəlində isə Kaliforniya ABŞ-ın ikinci ştatı olaraq oxşar qərar verib.

Üçüncü cins indiyədək Hindistan, Yeni Zelandiya, Nepalda da leqallaşdırılıb.

Ancaq bu ilin mayında Fransanın baş apellyasiya məhkəməsi oxşar iddianı rədd edib. Məhkəmə bildirib ki, üçüncü, “neytral” cinsin tanınması “qanunvericilikdə saysız dəyişikliklərlə” sonuclanar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG