Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:57

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş prokuror Zakir Qaralova müraciət edib.

Jurnalist özü və agentlik barədə cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətinin ona təqdim edilməsini, cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılmasını istəyir.

M.Əliyev baş prokurora müraciətində heç bir cinayət törətmədiyini vurğulayır.

“İş üzrə icraata cinayət hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Lakin indiyə kimi, mənə və müdafiəçimə cinayət işi materialları təqdim edilməyib. Cinayət işinə xitam verilməsi barədə qərarın surətinin verilməsi və iş materialları ilə tanış olma hüquqlarım təmin edilsin”, – deyə müraciətdə bildirilir.

Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

Noyabrın 2-də M. Əliyev Baş Prokurorluğa çağırılmışdı. Onu baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib.

Ona agentliyə qarşı cinayət işinə xitam verilməsi haqqında rəsmi məktub təqdim edilmişdi. Amma prokurorluq işə xitam verilməsi haqqında qərarı təqdim etməyib.

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

Dünən, noyabrın 6-sı M.Əliyevin adına Vergilər Nazirliyi nəzdində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktor müavini Qurban Mehrəliyevin imzası ilə “şəraitin dəyişməsi” ilə əlaqədar “Turan” Agentliyinə qarşı cinayət işinə xitam verildiyi barədə məktub daxil olub.

Buna da bax: 'Turan' agentliyinin cinayət işi dayandırılıb

Agentliyin bildirməsinə görə, həmin məktubda qeyd edilir ki, cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 40.2.3-cü (şəraitin dəyişməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi) maddəsi əsasında xitam verilib. Amma məktubda məhz hansı hal və şərtin dəyişdiyi açıqlanmır.

Xatırlatma

Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin mayında “Turan” Agentliyinə 2016-cı il üzrə 5 min manat sanksiya təyin edib. Amma “Turan” Agentliyinin inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası iyunun 30-da bu qərarı ləğv edib.

Avqustun 7-də elə həmin departament 2016-cı illə bağlı bu dəfə 9 min manat, 2014-2016-cı illər üzrə isə 37 min manat ödənilməmiş vergi borcu hesablayıb.

Bundan sonra agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib.

Bir sıra beynəlxalq təşkilat və ABŞ Dövlət Departamenti Mehman Əliyevin dərhal azadlığa buraxılmasını istəyiblər. Hətta ABŞ konqresində Mehman Əliyevin həbsində rolu olan şəxslərə qarşı sanksiya məsələsi gündəmə gəlib.

Daha sonra prezident İlham Əliyevin “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verdiyi açıqlanıb. Bu il sentyabrın 11-də Mehman Əliyevdən məhkəmədə Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq, o, azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG