Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Hüquqşünaslar şəhər rəhbərliyinə müraciət edib


Xalid Bağırov

Praktik Hüquqşünaslar Qrupunun (PHQ) İşçi Qrupu mitinq keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bunu İşçi Qrupun üzvü, hüquqşünas Xalid Bağırov bildirib. Onun deməsinə görə, aksiya ilə bağlı bu gün, noyabrın 6-da şəhər rəhbərliyinə müraciət ünvanlanıb.

Hüquqşünaslar noyabrın 18-də mitinq keçirmək niyyətindədirlər.

«Məqsədimiz vəkillik institutunun tərkib hissəsi olan nümayəndəlik institutunun məhdudlaşdırılmasına etiraz etməkdir», - Xalid Bağırov vurğulayıb.

PHQ bu ilin oktyabrında yaradılıb.

Parlament «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonrada bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının təqribən 900-dən bir qədər çox üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG