Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:05

Keçmiş deputat jurnalistin məhkəməsinə getməkdən imtina edib


Əziz Orucov

Keçmiş deputat İqbal Ağazadə həbsdə olan jurnalist, “Kanal-13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun işi üzrə istintaqda şahid qismində dindirilsə də, məhkəməyə gəlməkdən imtina edib.

Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin işinə baxan hakim Mirzə Xankişiyev bildirib.

İttiham tərəfi məhkəmədə dindirilməsi üçün 15 şahidin adını təqdim edib. Onlardan ikisi – “Kanal-13”ün icarə əsasında yerləşdiyi ofisin sahibi Laçın Rüstəmov və kanalın əməkdaşı Xəyal Əzizov məhkəməyə teleqram göndərərək, istintaqdakı ifadələrini təsdiqlədiklərini bildiriblər. Əzizov qeyd edib ki, ölkədən kənarda olduğuna görə məhkəməyə gələ bilmir.

İ.Ağazadə və kanalın əməkdaşı olmuş daha bir şahidə isə çağırış göndərilsə də, gəlməyiblər.

Buna da bax: Mirvari Qəhrəmanlı həbsdəki jurnalistin məhkəməsində dindirildi

“ƏZİZƏ LAYİHƏ VERİLMƏSİNİN BUNA DƏXLİ YOXDUR”

Noyabrın 13-də keçirilən məhkəmədə Müdafiə Nazirliyinin nəzdində yerləşən Hərb tarixi muzeyinin əməkdaşı Türkan Novruzova və Avrasiya Əməkdaşlıq Fondunun direktoru Nailə Həşimova dindirilib.

Muzeyin əməkdaşı deyib ki, Əziz Orucovu və onun rəhbərlik etdiyi “Kanal-13”ü internetdən tanıyıb: “Gənclər Fonduna layihə təqdim olunmuşdu. Layihəyə razılıq verildi. Layihə çərçivəsində “Mühasirə” adlı film çəkilməli idi. Ona görə də Əziz Orucovla əlaqə yaratdıq. Müqavilə bağladıq, Əziz Orucov filmi çəkib təhvil verdi. Film həm Hərb tarixi muzeyində, həm də Gənclər Fondunda nümayiş olundu”.

Buna da bax: Jurnalistin anası: 'Müstəntiq dedi ki, o biri oğlunu, gəlinini də tutarıq...'

Ə.Orucovun qardaşı, bir neçə ildir Almaniyada yaşayan Anar Orucovun rəhbərlik etdiyi Qafqaz Media Tədqiqatlar Mərkəzi haqda prokurorun sualına cavab olaraq, şahid deyib ki, belə bir təşkilatı nə tanıyır, nə də adıçəkilən qurumla əlaqəsi olub.

Avrasiya Əməkdaşlıq Fondunun direktoru N.Həşimova da bildirib ki, 2017-ci ilin martında Əziz Orucovla sənədli film çəkilişi və hüquqi verilişlər çəkilməsi haqda müqavilə bağlanıb. Hüquqi verilişlər çəkilib təhvil verilib. Amma mayda Əziz Orucov həbs olunduğundan filmi çəkib təhvil vermək mümkün olmayıb. Bu üzdən Avrasiya Əməkdaşlıq Fondu müqaviləyə birtərəfli qaydada xitam verib.

Buna da bax: 'Kanal 13'ün əməkdaşının evinə polis gəldiyi deyilir

Prokuror bu şahiddən də soruşub ki, Ə.Orucovla müqavilə bağlanmasına qardaşı Anarla münasibətlərin təsiri olubmu? Şahid sualı belə cavablayıb: “Mən Anarı illər öncə tanımışam. Amma Əzizə layihə verilməsinin buna heç bir aidiyyəti yoxdur”.

Bununla da Ə.Orucovun məhkəməsində ittiham tərəfinin dindirilməsi mərhələsi başa çatıb. Hakim deyib ki, məhkəməyə gəlməyən iki şahidin, o cümlədən İ.Ağazadənin dindirilməsinə zərurət yoxdur.

Məhkəmə noyabrın 10-da davam edəcək.

XATIRLATMA

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG