Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

Özbəklər necə radikallaşırlar – TƏHLİL


Nijni Novqorodda işləyən özbək miqrantlar, arxiv fotosu
Nijni Novqorodda işləyən özbək miqrantlar, arxiv fotosu

Son illər milyonlarla özbək mühacirətə gedib. Bunun əsas səbəblərii öz ölkələrində işsizlik, sərt qaydalar, narazıların susdurulmasıdır. Xarici ölkələrə üz tutmuş yüzlərlə özbək Yaxın Şərqdə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulub, digərləri isə yaşadıqları ölkələrdə dini ekstremist cərəyanlara gedib.

ÖZBƏKİSTANIN QLOBAL CİHADDA ROLU

Oktyabrın 31-də əslən Daşkənddən olan Sayfullo Saipov Nyu Yorkda səkkiz nəfərin ölümünə səbəb olmuş hücum törədib. “Reuters” informasiya agentliyi yazır ki, onu Qərbdə yaşam uğrunda savaş radikallaşdırıb.

ABŞ polisinin məlumatına görə, 29 yaşlı Saipov hücumdan öncə İŞİD-in onlayn təlimatlarını izləyib.

*** Bunu da oxu: Nyu York hücumunda şübhəli bilinənə terrorçuluq ittihamı

Bu il özbək əsillilər xaricdə azı dörd belə hücum törədiblər. Agentlik vurğulayır ki, bu, 32 milyon əhalisi olan bu ölkənin qlobal cihadda rolunun artdığını göstərir.

“Belə işlərə hazırlaşmağa vaxt lazımdır, bu gün biz son bir neçə ildə İŞİD və digər oxşar qruplaşmaların gördüyü işin nəticəsini görürük”, – Qazaxıstan yaşayan, Orta Asiya üzrə təhlilçi Alexander Knyazev deyir.

“UNUDULMUŞ NƏSİL”

Özbəkistanı yaxından izləyən şəxslərin fikrincə, Saipov özbəklərin “unudulmuş nəslinin” təmsilçisidir, vətənlərini daha yaxşı həyat axtarışına görə tərk edirlər, belələrinin gərəkən dini təhsilləri, Qərbdə özlərini dolandırmağa bacarıqları yoxdur.

Bütün bunlar, üstəgəl xarici ölkəyə və mədəniyyətə assimilyasiyanın çətinliyi, onları çətin məqamlarda ekstremistlərin təsiri altına yuvarlayır.

Saipov-u tanıyan, Ohayoda yaşayan özbək Mirrakhmat Muminov agentliyə deyib ki, Sayfullo dini Birləşmiş Ştatlarda öyrənməyə başlayıb. Muminov-un fikrincə, Özbəkistanda sərt qadağalar görmüş Saipov ABŞ-dakı dini azadlıqlardan “yetərincə bəhrələnə bilməyib”.

Daşkənddə valideynlərinin qonşusunun sözlərinə görə, Saipov-un atası Habillo elə də güclü, məscidə tez-tez gedən dindar deyil, bazarda rəngsazlıq materialları satır.

Sayfullo Saipov məhkəmədə
Sayfullo Saipov məhkəmədə

“Reuters” Özbəkistanın 20 ildən çox Islam Karimov tərəfindən idarə olunduğunu, 2016-cı ildə ölümündən sonra bu posta gələn Shavkat Mirziyoyev-in dinə daha tolerant yanaşma sərgilədiyini vurğulayır.

ÖZBƏK MİQRANTLARƏN SAYI ARTDIQCA...

“Human Rights Watch” insan haqları təşkilatının Orta Asiya üzrə tədqiqatçısı Steve Swerdlow son illər 5 milyon özbəyin Rusiyaya mühacirət etdiyini, Saipov kimi bəzilərinin isə bəxtini sınamağa Qərbə getdiyini deyir.

“Radikallaşma prosesi Özbəkistandan kənarda baş verir”, – deyən Swerdlow bu ölkədə insan haqlarının bütün dünya üzrə ən pis durumda olanlar içində yer aldığını, narazılara tolerantlıq göstərilmədiyini əlavə edir.

Ötən ay “Soufan” mərkəzinin açıqladığı hesabata görə, Yaxın Şərqdə İŞİD-ə 1500-dən çox özbək qoşulub və bu, beş Orta Asiya ölkəsi içində ən böyük rəqəmdir.

Carnegie Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Paul Stronski-nin fikrincə, iş dalınca gedən özbəklərin sayı artdıqca özbək miqrantların radikallaşması da güclənəcək.

“Özbəkistanda ona görə ekstremizm qabarıq problem kimi görünmür ki, buna yer yoxdur, ...regionda problemi idarə etmək mümkündür. Regiondan kənara çıxdıqca, problemin miqyası da böyüyür”, – Stronski söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG