Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Azərbaycan və Rusiya prezidentləri görüşüb


Vladimir Putin və İlham Əliyev Tehranda görüşüb. 1noy2017

Bu gün, noyabrın 1-i Tehranda Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Rusiya prezidenti Vladimir Putin deyib ki, bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır:

“Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir. Biz sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.

Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam”.

Buna da bax: Üç prezidentin Tehranda görüşü gözlənir

Prezidenti İlham Əliyev də öz növbəsində bildirib ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji xarakter daşıyır:

“Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir.

Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli Sammit müstəvisində keçir. Mən deyərdim ki, bu da qlobal miqyaslı çox mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Yeni görüşümüz əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək”.

Bu gün, noyabrın 1-i Azərbaycan prezidenti İ.Əliyev İrana gedib.

Buna da bax: Azərbaycan və İran prezidentlərinin danışdığı məsələlər

Bundan əvvəl onun İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhani ilə görüşü olub.

Görüşdə vurğulanıb ki, Azərbaycan və İran xalqları arasında tarixi, mədəni, dini köklər mövcuddur.

Görüşdə həmçinin, Dağlıq Qarabağ münaqişəsi, hərbi, qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Müzakirələrdə habelə, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.

Azərbaycan prezidenti İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə də görüşüb.

Bundan sonra İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran və Rusiya prezidentlərinin zirvə görüşünün başladığı bildirilib. Üçtərəfli görüşdə bir sıra əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənir.

Bundan öncə də belə formatda bir görüş olub. İlk görüş 2016-cı ildə Bakıda keçirilib. O zaman üç ölkənin başçısı «Şimal-Cənub» nəqliyyat layihəsinin reallaşması və bir sıra başqa məsələləri müzakirə ediblər.

XATIRLATMA

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub. «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG