Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

Azərbaycan və İran prezidentlərinin danışdığı məsələlər


İ.Əliyev və H.Ruhani

Bu gün, noyabrın 1-i Tehranda Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhani ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə vurğulanıb ki, Azərbaycan və İran xalqları arasında tarixi, mədəni, dini köklər mövcuddur.

Görüşdə həmçinin, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İ.Əliyev danışıqlar prosesi haqqında məlumat verib.

Xəbərdə bildirilir ki, görüşdə habelə, hərbi, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub. Bundan başqa, regional məsələlər, terrorizm və ekstremizm ilə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlər bəyan ediblər ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıqdan ötrü yaxşı nəticələr verə bilər.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında ticarət dövriyyəsi keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artıb.

Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.

Azərbaycan prezidenti İ.Əliyev İrana gedib. Noyabrın 1-də İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək. Üçtərəfli görüşdə bir sıra əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənir.

Bundan öncə də belə formatda bir görüş olub. İlk görüş 2016-cı ildə Bakıda keçirilib. O zaman üç ölkənin başçısı «Şimal-Cənub» nəqliyyat layihəsinin reallaşması və bir sıra başqa məsələləri müzakirə ediblər.

XATIRLATMA

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub. «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG