Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:23

Hökumət nümayəndəlik institutunu ləğv edir?


Vəkillər (arxiv fotosu)

Nümayəndəlik institutunun ləğvi ilə bağlı bəzi hüquqşünasların və vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığı ilə qarşılanan qanunvericilik təkliflərinin yenidən ölkə parlamentinin gündəliyinə daxil edildiyi bildirilir.

Ötən həftə parlamentdən açıqlanmışdı ki, mülki və inzibati prosessual məcəllələrə, vəkillik qanununa köklü dəyişiklikləri nəzərdə tutan həmin təkliflər paketi gündəlikdən çıxarılıb.

“Turan” Agentliyinin xəbərinə görə, təklif edilən dəyişikliklər mülki və inzibati işlər üzrə məhkəmələrdə nümayəndəlik institutunun ləğvini nəzərdə tutur. Qanun layihəsi qəbul edilərsə, belə işlərdə vətəndaşların hüquqlarını ancaq Vəkillər Kollegiyasının üzvləri müdafiə edə biləcək.

Buna da bax:​ Hüquqşünas: 'Azərbaycanda vəkil qıtlığı yarana bilər'

Cinayət işlərində onsuz da ancaq Vəkillər Kollegiyası üzvləri təmsilçilik edə bilər.

Agentlik bildirir ki, sözügedən dəyişiklik təklifləri xeyli vaxtdır, ictimai müzakirələrə səbəb olsa da, parlament onun tam mətnini, hələ də, ictimaiyyətə açıqlamayıb.

Bu təkliflər kollegiya üzvü olmayan hüquqşünasların və bəzi vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığı ilə qarşılanır. Onlar hesab edirdilər ki, vəkillərin sayının az olması şəraitində nümayəndəlik institutunun ləğvi mülki və inzibati işlərdə vətəndaşları müdafiəsiz qoya bilər.

Mülki-Prosessual Məcəllə, İnzibati-Prosessual Məcəllə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklifləri parlamentə Ali Məhkəmədən göndərilib.

Buna da bax:​ 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov demişdi ki, hazırlanma prosesində yol verilən nöqsanlara görə, qanun layihəsi gündəlikdən çıxarılır.

Hazırda Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən çox üzvünün olduğu bildirilir. Ekspertlər vurğulayırlar ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə müqayisədə vəkillərin sayı dəfələrlə azdır.

Ancaq APA Agentliyinin xəbərinə görə, layihəyə yenidən bəzi dəyişiklik edilib.

Xəbərdə vurğulanır ki, dəyişiklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.

Agentliyin xəbərinə görə, layihəyə başqa bir sıra dəyişiklik də edilib.

Yeni dəyişikliklərin də tam mətni açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG