Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:10

Hüquqşünas: 'Azərbaycanda vəkil qıtlığı yarana bilər'


Əkrəm Həsənov
Əkrəm Həsənov

İdarəetmədə islahatlar, vəkillik institutunun durumu, ət və süd məhsullarında idxalın kəskin artması bu gün (19 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

«AZƏRBAYCANDA VƏKİL AZDIR»

«Exo» qəzetində «Dünya standartlarından danışırıqsa, Azərbaycanda vəkillərin sayının 10 dəfə artırılması zəruridir» sərlövhəli yazı oxumaq olar.

Müəllif hüquqi cəmiyyətin ən əsas atributlarından sayılan vəkillik institutunun durumunu ekspert Əkrəm Həsənovla dəyərləndirir.

Yazıda bildirilir ki, Azərbaycanda mülki qanunvericiliyə nümayəndəlik institutu ilə bağlı dəyişiklik edilir.

«İndiki qanunvericiliyə görə, ölkədə Vəkillər Kollegiyasına üzv olmayan şəxs birinci və ikinci məhkəmə instansiyaları üzrə bütün mülki, inzibati işlərə çıxa bilər. Amma Ali Məhkəmədə, yəni kassasiya üzrə instansiyada, habelə cinayət işləri və inzibati hüquqpozmalar üzrə bütün instansiyalarda qarşı tərəfin hüququnu ancaq Vəkillər Kollegiyasının üzvü təmin edə bilər», - deyə ekspert qəzetə mövcud vəziyyəti təhlil edib.

Ə.Həsənov deyib ki, gözlənilən dəyişikliyə görə, məhkəmələrdə vətəndaş maraqlarını, əsasən, kollegiyanın üzvü olan vəkillər müdafiə edə bilər.

Hüquqşünasa görə, gözlənilən dəyişikliyi birinci, ikinci instansiya məhkəmələrində mülki və inzibati işlər uğrunda mübarizə adlandırmaq olar:

«Hələ aydın deyil ki, insan öz maraqlarını təmsil edə bilərmi? Bir sözlə, bu, hələ mücərrəd qanun layihəsidir, belə ki, təfərrüatı məlum deyil».

Hüquqşünas deyib ki, inkişaf etmiş ölkələrdə vətəndaşın maraqlarını təhsil səviyyəsi və peşəkarlığı məlum olmayan nümayəndə yox, məhz vəkil təmsil edir. Ə.Həsənov vurğulayıb ki, bu, ancaq ikinci və üçüncü instansiyalara aiddir. Birinci mərhələdə isə vətəndaşın marağını kollegiya üzvləri olmayan şəxslər də qoruya bilər.

Amma o, Azərbaycanda daha ciddi problemin olduğunu deyir:

«Ölkədə vəkil olduqca azdır. Kollegiyada 900 nəfərdən bir az çox vəkil var. Müqayisə üçün deyirəm, təkcə İzmirdə 9 min vəkil var. Bu dəyişəklik qüvvəyə minsə, vəkil qıtlığı yaşanacaq».

Yağ
Yağ

İSTEHSAL AZALIB, YOXSA İSTEHLAK ARTIB?

«Yeni Müsavat» qəzetində «Nazirlikdən əcaib artım arqumenti: Əhali çox yeyir» sərlövhəli yazı diqqət çəkir.

Yazıda Azərbaycanda əsas heyvandarlıq məhsullarının idxalında kəskin artım olduğu ilə bağlı açıqlamalara toxunulur. Yazıda oxuyuruq:

«Bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 66.96 faiz, süd idxalı 54.2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5.82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım iki dəfədən çox olub. Süd idxalında isə belə artım 65.4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38.69 faiz təşkil edib. Bu üç məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə bu, 97.8 milyon dollara çatıb».

Yazıda bu məsələdə «son vaxtlar ölkədə əkin sahələrinin genişləndirilməsi heyvandarlığı nə dərəcədə arxa plana keçirib» sualı gündəmə daşınır. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib ki, kərə yağının idxalındakı artım son vaxtlar əhalinin bu məhsuldan daha çox istifadə etməsi ilə bağlıdır:

«İdxalın artıb-azalması yerli istehsalla bağlı deyil. Bir neçə il əvvəl əhali daha çox bitki yağlarından istifadə edirdi. Amma indi daha çox kərə yağından istifadə etməyə başlayıb. Ona görə də idxalda artım baş verib».

Şöbə müdiri biçənək, yonca sahələrinin digər bitkilərin əkininə ayrılması ilə bağlı narazılıqlara da belə cavab verib:

«Əhalinin sayı artır, sənaye inkişaf edir, kənd təsərrüfatı da genişlənir. Ona görə də yem məqsədli əkinçiliklə məşğul olmasaq, heyvandarlıq daha çox təbiətdən asılı olacaq - yağışdan, quraqlıqdan».

Şöbə müdirinin deməsinə görə, heyvan saxlayanlar yem istehsalına xüsusi fikir verməlidirlər.

Nazirlər Kabineti
Nazirlər Kabineti

İDARƏETMƏ İSLAHATLARI-ZAMANIN ŞƏRTİ

«Azərbaycan» qəzetində «İdarəetmədə həyata keçirilən islahatların səmərəsi böyükdür» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, idarəetmə sahəsində uğurların əldə edilməsində islahatların önəmi danılmazdır:

«Həyata keçirilən uğurlu islahatlar idarəetməni təkmilləşdirir, onu daha səmərəli və çevik edir. Məhz bu amillər iqtisadi və sosial sahələrdə dayanıqlığı təmin edir, inkişafa dönməz xarakter verir».

Yazıda bildirilir ki, ölkənin iqtisadi və sosial inkişafında Nazirlər Kabineti dövlət orqanı kimi mühüm rola malikdir.

Müəllifin fikrincə, bu ilin avqustunda Nazirlər Kabinetində yeni strukturlaşma bu məqsəddən irəli gəlib.

Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, bu ilin doqquz ayında ölkənin iqtisadi və sosial sahələrində inkişaf təmin edilib. Bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 90.8 milyon manat vəsait yönəldilib. Yazıda bildirilir ki, bu vəsaitin 68 faizi daxili kapital olmaqla, özəl sektorun sərmayədarlarına məxsusdur. Üstəlik, kapital qoyuluşunda daxili mənbələrin payının ildən-ilə artdığı qeyd edilir.

Yazıda vurğulanır ki, Azərbaycan iqtisadiyyatına Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Çexiya və Norveç kimi ölkələrin investorları daha çox vəsait yatırır.

XS
SM
MD
LG